Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkəmizin ən yaşlı sakininin adını açıqlayıb.
Əksər media orqanları institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimovaya istinadla məlumat verib ki, Azərbaycanın ən uzunömürlü (yəni yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədovadır.
Ulduz Həşimova mətbuata açıqlamasında bildirib ki, uzunömürlülər tədqiq olunarkən hər şeydən  öncə onların yaş verifikasiyası aparılır: “Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən KİV-lərin ən yaşlı insan haqqında onların sənədinə istinadən yaydıqları məlumatın elmi əsası olmur”.
Redaksiyaya daxil olan bir oxucu məktubu Azərbaycanın ən yaşlı sakini haqqında verilən bu məlumat barədə bir az şübhə yaradır. Cahanpress-ə göndərilən məktubda iddia olunur ki, Azərbaycanın ən yaşlı sakini Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd sakini Allahverdiyeva Gülxanım Gülmalı qızıdır. Onun 113 yaşı var.
Naxçıvandakı rəsmi mənbələr Gülxanım Allahverdiyevanın 113 yaşı olduğunu təsdiqləyiblər.
Cahanpress-in əməkdaşı Gülxanım Allahverdiyevanın ailəsi ilə əlaqə saxlayıb. Naxçıvanlı nənənin qızı Mədinə Allahverdiyeva da onun 113 yaşı olduğunu bildirib: “Anam 1905-ci ildə doğulub. Gümrahdır, özünü yaxşı hiss edir. Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun direktoru uzunömürlülərin tədqiq olunduğunu, onların yaş verifikasiyasının aparıldığını, buna görə Azərbaycanın ən yaşlı sakininin müəyyənləşdirildiyini bildirib. Gülxanım Allahverdiyevadan heç kim soruşmayıb ki, onun neçə yaşı var. O zaman Azərbaycanın ən yaşlı sakinini necə müəyyənləşdiriblər?”.
Mövzu ilə bağlı məlumat almaq üçün Fiziologiya İnstitutu ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. İnstitutun əlaqə nömrələrinin  heç birinə cavab vermədilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here