Azərbaycanın bəzi əraziləri geri qaytarıla bilər
Bizimsesimiz.info // Azərbaycan ilə Ermənistan arasında 1988-ci ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsində İrəvan rəhbərliyi işğal altında saxlamağa davam etdiyi bəzi Azərbaycan ərazilərini geri verə biləcəyini açıqladı.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistanın paytaxtı İrəvanda keçirilən 6-ci Erməni Diasporu Forumu toplantılarında sürpriz açıqlama verdi.
Nalbandyan: “Qarabağ münaqişəsinin həll olunması üçün ATƏT çərçivəsində davam edən danışıqlara təkan vermək üçün biz erməni tərəfi olaraq Qarabağın təhlükəsizliyinə təhdid yaratmayan müəyyən Azərbaycan torpaqlarını qaytara bilərik. Azərbaycan ilə aramızda bu mövzuda danışıqlar davam edir. Ölkələrimiz arasında gərginliyi zəiflətmək istiqamətində atacağımız bu addım haqqında daha çox detal verə bilmərəm” şəklində danışdı.
Nalbandyan Azərbaycanın regionda hərbi gərginliyi artırma yolunu seçməsi halında Ermənistanın illərlə atmadıqları addımı ataraq, Qarabağın müstəqilliyini tanıyacaqlarını söylədi.
Ermənistan ilə Azərbaycan arasında 1991-1994-cü illərdə olan Qarabağ müharibəsində Ermənistan hərbi qüvvələri Qarabağdan başqa 7 Azərbaycan rayonunu işğal edib.
Hazırda Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları Ermənistan qüvvələrinin nəzarəti altındadır.