Yazıçılar, şairlər tez-tez tənqid və müzakirəyə səbəb olurlar. Çoxları onlara yazdıqları əsasında qiymət verir, fikir irəli sürürlər.

Biz isə məsələyə fərqli rakursdan baxacağıq. Yazarlar necə yaşayır, nə qədər qazanırlar? Kənardan “Bu qədər yazı yazırlar, tanınırlar. Yəqin ki, yaxşı da qazanırlar” deyənlər monitora yaxın əyləşsinlər.

Minval.info saytı gənc şair və yazıçıların maddi vəziyyəti ilə maraqlanıb, qazandıqları pulun yaradıcılıqlarına necə təsir etdiyini öyrənməyə çalışıb.

Şair Emin Piri: “Ötən il 1000-1500 manat gəlirim olurdu deyə yaxşı idi. Açığı, yaradıcılığımdan da narazı deyildim. Bu ilsə həm bank kreditlərim var, həm gəlirim azalıb deyə özümü narahat hiss edirəm. İstər-istəməz problemləri düşünəndə yaradıcılıq axsayır. Kim deyirsə ki böyük yaradıcılıq çətin vaxtlarda yaradılır, boş söhbətdir. Çətinlikdə yaşadıqlarını pulunun yaxşı vaxtında yazanda daha effektli olur. Çünki müqayisə imkanların olur və ağrıları da fərqləndirə bilirsən. Eyniliklə müqayisə və fərq imkanın olmadıqda yazıçılıq axsayır. Ona görə də hərdən pullu, hərdən isə pulsuz olmaq lazımdır”.

“Dünyanın heç bir yerində yazıçı başqa işlə pul qazanmır”

Yazıçı Ayxan Ayvaz: “Qazancımın nə qədər olduğunu deyə bilmərəm. Bu mənim şəxsi büdcəmdir, amma az olduğunu deyə bilərəm. Yaradıcılığım deyəndə çox yekə səslənir. Hələ yaradıcılıq sözünə gəlib çıxmamışam (gülür-red). Dünyanın heç bir yerində yazıçı başqa işlə pul qazanmır. Öz yazdığı kitabın hesabına dolanır, bizdə bu nəşriyyat sistemi olmadığı üçün yazarlar həmişə maddi baxımdan giley edəcəklər və bu, təbii haldır”.

“Təbii ki, çətin şəraitdə ailə dolandırmaq, övlad böyütmək, əgər subaydırsa, həyat qurmaq çətindir”

Şairə Şəhanə Müşfiq: “Bildiyiniz kimi mən “525-ci qəzet”in mədəniyyət müxbiriyəm. İşim yaradıcılığıma demək olar ki, mane olmur. Çünki qəzetdə publisisitik yazılarımla bərabər bədii mətnlərim də dərc olunur və mən buna görə əlavə qonorar alıram. Həm iş rejimim, həm qazancım, həm də şəraitim yaradıcılıqla məşğul olmağıma maneə deyil, hətta əksinə, daha çox kömək olur.

Təbii ki, çətin şəraitdə ailə dolandırmaq, övlad böyütmək, əgər subaydırsa, həyat qurmaq çətindir. Ancaq insanın da canında işləmək, zəhmət çəkmək həvəsi olmalı, özünün hədəf və məqsədlərini müəyyən etməlidir”.

“Kef məclislərində oturub ağrılı-acılı şeirlər yaza bilmərəm”

Şair Orxan Saffari: “İşsiz olduğum üçün qazancım yoxdur, amma işləyəndə yüksək gəlirim olurdu. Hazırda yaradıcılığıma böyük təsiri var, çünki daimi gəlirim olmadığı üçün məcburam ki, qəpik-qəpik, manat-manat yığıb kitabımı gələn il çıxardım.

Maraqlıdır ki, cibimdə pulum olanda yaza bilmirəm. Kef məclislərində oturub ağrılı-acılı şeirlər yaza bilmərəm”.

“ay “moyşik” şair, ay “fəhlə” şair, maaşın nə qədərdir, dolana bilirsənmi?”

Şair Eminquey Akif: “Həmişə bu suala qarşı allergiyam olub, elə indinin özündə də… İşə yenicə düzəlirsən, kim görür, sual verir ki, maaşı nə qədərdir? Deyirsən ki, olur da, 200-300. Cavabında isə “hə, yenə birtəhər dolana bilirsən də, yaxşıdır” deyirlər. Mən “moyka”da da işləmişəm, fəhlə də olmuşam, kuryer də, ofisiant da… Amma mətbuatdan bir jurnalist də çıxıb deməyib ki, ay “moyşik” şair, ay “fəhlə” şair, maaşın nə qədərdir, dolana bilirsənmi? İndi “Ədalət” qəzetində işləyirəm, çox sağ olsun, Aqil Abbas işsiz vaxtımda yanına çağırdı, mənə iş verdi. Pis-yaxşı yazılarımla dolanmağa çalışıram. Ən pis vaxtlarımda “necə dolanırsan?” deyə sual verib maraqlanmayan adamlar indi soruşurlar ki, “şair, bişey-mişey var?” Sonra da deyirlər ki, a kişi, yazı-pozuyla ailə saxlamaq olar? At bu işin başını. Bunu o adamlar deyir ki, bir qram istedadı olmaya-olmaya mətbuatdan da, qurumlardan da, jurnallardan da yeyirlər, dolanırlar.

Qaldı yaradıcılığa təsirinə, əlbəttə ki, asan iş deyil. İnək belə hər gün süd vermir. Dolanmaq üçün də hər gün nəsə yazmalısan, yəni işin yazmaqdır. Belə olduqda, 10 yazından ikisi ürəyincə olur, amma mən işimdən razıyam. Yazıram və hər gün yaza-yaza yeni nəsə öyrənirəm.

Amma bu o demək deyil ki, yazı asan prosesdir. Yazı yazmaq kimi ağrılı bir proses yoxdur. Yalnız yazını bitirəndə özünü rahat hiss edirsən. Belə deyək də, ən azından yazı yazanda çəkməyə siqaret ala bilirəm. Qalan qazancımsa dolanışığa…”

Şair Aqşin Evrən: “Açığı, buna yazıçılar, yəni nasirlər cavab versələr, daha yaxşı olar. Mən nəsr yazmıram, təkcə şeir yazıram. Bu baxımdan pul mənim üçün yaradıcılıqda o qədər də rol oynamır. Amma yazıçı üçün pul indiki halda vazkeçilməzdir”.

“Gedin normal iş tapın, ailənizi saxlamağı bacarın, ədəbiyyata zavod, fabrik gözü ilə baxmayın, o sizə pul zad verməyəcək, ay toba…”

Yazıçı Çinarə Ömray: “Azərişıq Çağrı mərkəzində işləyirəm, ona görə daimi maaşım var. Yaradıcı fəaliyyətimə görə isə bəzən “Ulduz” jurnalında çıxan yazılarıma görə iyirmi manat alıram. Ümumiyyətlə, bizim cəmiyyətdə ədəbiyyata göz dikməyin və oradan qazanc gözləməyin mənası yoxdur.

Yazmaq daxili aləmin tələbatıdır, daxili sarsıntıdan doğulur, pul olsa da, olmasa da içindən gəlirsə, yazırsan. Çünki o təbii prosesdir, gələni nə xahişlə, nə də pulla saxlamaq olmaz, ya da əksinə… Heç bir işlə məşğul olmayıb “mən yazıram, kimsə mənə pul verməlidir” demək olmaz. Məlumdur ki, bizdə ədəbiyyatdan, kitabdan qazanan adam yoxdur, varsa da bir əlin barmaq sayı qədərdir. Və yazdığının qarşılığında dövlətdən, insanlardan nəsə gözləmək də absurddur. Adama deyərlər sən o yazınla bu dövlətə nə baş ucalığı gətirdin ki, o da səni qiymətləndirmədi? Demək istədiyim odur ki, ac qarına yaza bilmirsinizsə, özünüzü məcbur etməyin. Gedin normal iş tapın, ailənizi saxlamağı bacarın, ədəbiyyata zavod, fabrik gözü ilə baxmayın, o sizə pul zad verməyəcək, ay toba…”

“Ümumiyyətlə, biz şairdən, yazıçıdan qabaq kişiyik, ailə başçıları isə iki dəfə kişidir”

Şair Elşən Mehdi: “Aylıq qazancım 500-600 manat arasında dəyişir və yaradıcılıqla məşğul olmağıma təsir etmir. Ümumiyyətlə, biz şairdən, yazıçıdan qabaq kişiyik, ailə başçıları isə iki dəfə kişidir. Evli şairin ən yaxşı şeiri uşağını əzizləməsi, ailəsini maddi baxımdan təmin edə bilməsidir. Sözsüz ki, məişət qayğıları sənətə təsir edir, amma maddi problemlər güclü yazıçıları yıxa bilməz. Hətta bəzən əksinə də olur, insanın daxili sıxıntıları və problemləri onun daha yaxşı sənət nümunəsi yaratmasına səbəb olur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here