Azadlıq və məsuliyyətin sərhədləri haqqında bəzi qeydlər

Hər şeyin öz tərifi vardır… İndiki dövrdə azadlıq dedikdə, daha çox, modernizmin beyinlərə yeritdiyi anlayış tərif olaraq qəbul edilib: ürəyin nəyi istəyir – onu et; nə ki xoşun gəlir – et onu! Qır zəncirləri, azadlığına qovuş və s.
Bir sözlə, azadlığa münasibətdə modernist nöqteyi-nəzər instinktlərin təmin edilməsi və hər bir istəyin reallaşdırılmasının zəruriliyini ifadə edir.
Halbuki azadlıqla məsuliyyətin öz sərhədləri vardır, onların balansı qorunub-saxlanmalıdır. Həyata modernist baxış bu balansı pozmuş, sərhədləri ləğv etmişdir. Ailə, əxlaq, məhrəmlik məsələlərində mühafizəkarlığın, ənənənin hələ də müəyyən qədər saxlandığı cəmiyyətimizdə biz bunu bütün aydınlığı ilə müşahidə edirik. İnsanlara, birbaşa olmasa da, belə bir fikir təlqin olunur: haqqındır ki, ürəyinin istədiyini edəsən, əylənəsən! Əgər istədiyin kimi əylənə bilmirsənsə, zövq ala bilmirsənsə, azad deyilsən, demək!
Fikir verin: bu təlqində istədiyimiz şəkildə zövq almağımıza mane olan hər şey azadlığımızı məhdudlaşdıran amillər, elementlər, anlayışlar kimi təqdim edilir! Nəticədə nə baş verir: bizə qoyulmuş “olmazlar”ı azadlığımıza vurulmuş qandallar hesab etməyə başlayırıq! Bəli, cəmiyyətimizdə belə düşünən gənclər çoxdur. Onlar cəmiyyətlə tədricən konfliktə girir, axırda, yalnızlaşırlar. İstədiyi kimi hərəkət etmək, yaşamaq istəyir, amma xoşbəxt ola bilmir: gərginlik, depressiya, təcrid, bəlkə də, intihar!
 İblisanə, məsuliyyətdən uzaq azadlıq anlayışıdır bu!
Ətrafı, başqalarını nəzərə almadan istədiyini etmək xərçəng hüceyrələrinin destruktiv fəaliyyətini xatırladır. Orqanizmdəki kollektiv proseslərə “qoşulmayan”, “ürəyi istədiyi kimi yaşayan” yeganə hüceyrə xərçəng hüceyrəsidir. İstədiyi qədər “qidalanır”, digər hüceyrələrin payını da basıb-yeyir, heç nəyi nəzərə almadan sürətlə artıb-çoxalır, axı azaddır! Nəticəni də nəzərə almır: insan ölərsə, o da öləcəkdir! Axırda, orqanizmi heydən salaraq məhv edir, amma bu onun da sonu olur!
Burada məsuliyyətdən kənar, yekəxanalıq zehniyyətinə xas azadlıq vardır! Belə insanlar xudbindirlər, ancaq özlərini düşünür, özlərini münasibətlərin mərkəzində, başqalarını isə kənarında görür, azadlıq anlayışını öz düşüncələrinə uyğun şəkildə yozurlar…
Onlar cəmiyyətdə xərçəng hüceyrəsi kimidirlər. Onlara səhv etdiklərini bildirməsək, mövqelərinin doğru olmadığını izah etməsək, böyüyüb-artacaqlar…
İnsan öz dünyasında azaddır, istədiyini düşünsün, amma cəmiyyətdə istədiyini edə bilməz: çünki orada təkcə o yaşamır!