AZAL-ın qiymət siyasəti az qala hər yerdə tənqid olunur. Sosial şəbəkələrdə başqa aviaşirkətlərlə müqayisə edərək inhisarçı davranışdan əl çəkməyə çağırış edilir. Hətta Milli Məclisin deputatları da qiymətlərə görə AZAL-ı tənqid hədəfi seçir.

Ayrı-ayrı ölkələrdə karantin qaydaları yumşaldıqca aviaşirkətlər də qiymətlərə əl gəzdirir. Səyahətsevərlər fəallaşır deyə, köhnə qiymətlərə qayıdış hiss olunur. AZAL üçün isə heç fərqi yoxdur. Əksinə, heç vaxt olmadığı qədər bahalıq müşahidə edilir.

Dünyada aşağı büdcəli müştərilərə sərfəli xidmətiylə fərqlənən “Ryanair” səyahətsevərləri sevindirməyə başlayıb. Təklif olunan qiymətləri “sevindirmək” adlandırmaq da yumşaq səslənir. Təsəvvür edin, “Ryanair” iyul ərzində Buxarestdən müxtəlif istiqamətlərə 5 avroya biletlər satır. Məsələn, Rumıniya paytaxtından Brüsselə, Londona, Mançesterə, Madridə, Dublinə və bir sıra böyük şəhərlərə bu qiymətə uçmaq mümkündür. Halbuki həmin qiymətə indi narahat avtobuslarla Bakıdan Gədəbəyə getmək mümkün deyil.

Ümumiyyətlə, AZAL-ın yürütdüyü siyasət budur ki, Azərbaycan vətəndaşları ölkəni maksimum böyük itki ilə tərk etsin. Azərbaycanlılar özünü, heç olmasa, Kiyevə çatdırmağa çalışır ki, sonra sərfəli qiymətlərlə Avropanı görə bilsin. Gəlin iyul üçün Ukrayna paytaxtından Şengen zonasına olan qiymətlərə nəzər yetirək. Budur, iyulun 13-ü Berlinə 16 avroya bilet var. Başqa günlərə qiymət də 30 avronu keçmir. Bəs AZAL nə deyir? AZAL deyir ki, 521 manat ödəsəniz, həmin gün Almaniya paytaxtına uçmağınız mümkündür.

Ukraynalıların könlünə Barselonada dincəlmək düşsə, təyyarə biletləri yenə əlverişli olacaq. “Ryanair” iyulun ayrı-ayrı günlərində 17 avroya biletlər təklif edir. Bu yerdə adam AZAL-ın təkliflərinə baxmaq istəmir. Baxmağa peşman olduq. AZAL Barselonaya 1200 manatdan baha aparır.

Bolqarıstan Azərbaycana çox da uzaq deyil. Bizim vətəndaşlar ora özünü çatdıra bilsə, rahatca Avropa səfəri planlaşdırmaq olar. Paytaxt Sofiyadan xeyli şəhərə 5 avroya uçmaq mümkündür. AZAL isə burdan-bura qardaş Türkiyəyə 300 manatdan ucuz getməyə əngəl yaradır. Loukosterin ölkəyə gəlişinə imkan verilmir. Burada iş ortaya qoymaq istəyən aviaşirkətlərdən böyük rüsum tələb olunur. Hər şey edilir ki, 25-30, bəzən 50 dəfə baha qiymətə bilet satılsın. Son nəticədə əziyyəti azərbaycanlılar çəkir. Ölkədən çıxıb bir az nəfəs almaq istəyəni açıq-aşkar soyurlar. (bizimyol.info)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here