Bakı səfəri Mnanqaqvanın burnundan gəlib

Muqabenin ölkəsində sular nədən durulmur

Son bir həftədir etirazların davam etdiyi Zimbabvedə prezident Emmerson Mnanqaqva xalqa müraciət edib. Yanvarın 22-də müraciət yayan Mnanqaqva siyasi partiya liderlərini və fəalları fikir ayrılıqlarını kənara qoyaraq dialoqa başlamağa çağırıb.

O, həmçinin hadisələr zamanı həm etirazçılar, həm də təhlükəsizlik orqanları tərəfindən yol verilən zorakılıq hallarını ölkəyə xəyanət adlandırıb və günahkarların cəzalandırılacağını bildirib. Lakin eyni zamanda ölkədə kütləvi etirazlara səbəb olan yanacağın qiymətinin qaldırılması barədə qərarı müdafiə edib.

Qeyd edək ki, Zimbabvedə etirazlar ötən həftə, ölkə başçısı Mnanqaqva bizim regionda səfərdə olarkən başlayıb. Hökumətin benzin və dizel yanacağının qiymətini iki dəfədən çox qaldırmaq haqda qərarı ölkədə etirazlara səbəb olub. Kütləvi etirazları hökumətin güc tətbiqi yolu ilə yatırmaq cəhdləri nəticəsində ötən həftə 172 nəfər xəsarət alıb. Onlardan 68-si müxtəlif güllə yarası alıb, biri məktəbli olmaqla 3 etirazçı ölüb. Hökumət ölkə ərazisində “Facebook”, “Twitter” sosial şəbəkələrinin, həmçinin “WhatsApp” messencerinin fəaliyyəti dayandırılıb, bəzi müəssisələr və məktəblər bağlanıb.

Zimbabvedə hökumət əleyhinə etirazların böyüməsi prezident Emmerson Mnanqaqvanı xarici səfərini yarımçıq qoymağa məcbur edib. xatırladaq ki, Zimbabve prezidenti Mnanqaqva ötən həftənin cümə günü regiona səfər turu çərçivəsində Bakıya gəlib, buradan da Qazaxıstana yola düşüb. Ancaq Qazaxıstandan Davosa getməli olan Mnanqaqva ölkəsində baş verən etirazlar səbəbilə Davos səfərini təxirə salmalı olub və geriyə – Zimbabveyə qayıdıb.

Prezident Emmerson Mnanqaqva Rusiya, Belarus, Azərbaycan və Qazaxıstana səfərlərindən əvvəl benzinin qiymətini 200 faiz artırıb və hazırda Zimbabvedə benzinin 1 litri 3.4 ABŞ dollarına yaxındır. Bu, dünyada ən bahalı benzindir.

Yanvarın 19-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Mnanqaqva deyib ki, Azərbaycanla iqtisadi və siyasi əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Sitat:

“Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb. Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”.

Azərbaycan prezidenti də görüşdə bildirib ki, müzakirələr zamanı iki ölkə arasında əməkdaşlığın çox mühüm sahələrini müəyyən edəcəklər: “Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyasi sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik”.

Qəribə də görünsə Zimbabve prezidenti görüş zamanı hər kəsin gözlədiyinin əksinə olaraq iqtisadi əlaqələrdən deyil, məhz siyasi əməkdaşlıqdan danışıb. Belə görünür ki, Mananqaqvanın əsas istəyi Bakının beynəlxalq platformada onun hökumətini dəstəkləməsi, ya da ən azından əleyhinə səs verməməsidir. Çünki son hadisələrlə birlikdə Zimbabvedə vəziyyət heç də yaxşı deyil. Əhali kasıblıq, işsizlikdən əziyyət çəkir, korrupsiya geniş yayılıb. 2017-ci ildə ölkəni on illər boyu idarə edən Bobert Muqabe hərbçilərin çevrilişi nəticəsində devrilib. Onu bu vəzifədə vitse-prezidenti Mnanqaqva əvəz edib.

‘slində 2 il əvvəl Zimbabvedə çevrilişin səbəbkarı məhz hazırkı prezident olub. Prezident Muqabe 2017-ci ilin noyabrın 6-da uzun müddət aralarında soyuq münasibətlərin olduğu vitse-prezident Mnanqaqvanı vəzifədən azad edib. Və onun yerinə bu vəzifəyə öz xanımını – Qreysi Muqabeni təyin edib. Bu isə ölkədə Muqabedən narazılığı daha da alovlandırıb. Ordu və xüsusi xidmətlərlə yaxın olan Mnaqaqvanı ordu zabitləri müdafiə edib.

Zimbabveni 1980-ci ildən “dəmir yumruqla” idarə edən Muqabenin növbəti seçkilərdə xanımını namizəd göstərmək istəməsi nəticədə hərbi çevrilişə səbəb olub və Muqabeni Mnanqaqava əvəz edib. Lakin göründüyü kimi, prezidentin dəyişməsi ölkədə sosial-iqtisadi vəziyyətə təsir etməyib. Ölkədə kasıblıq və işsizlik geniş yayılıb. Bütün bunların fonunda hökumətin yanacağın qiymətinin artırması xalqın küçələrə çıxmasına səbəb olub. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı silah işlədib. Ölənlərdən biri də paytaxt Hararedə kiçik futbol komandasında oynayan gənc futbolçu olub və onun cəsədinin fotolarının sosial şəbəkələrdə yayılmasından sonra etirazlar daha da güclənib.

Etirazların böyüməsindən sonra Mnanqaqva geri dönməyi qərara alıb və özünün Tvitter bloqunda bu barədə yazıb. “Mən bir həftə ərzində investisiya-ticarət əlaqələrinə dair məhsuldar görüşlər keçirəndən sora evə qayıdıram. Bizim ölkəmizi Davosda kompetent şəkildə maliyyə naziri Mtuli Nkube təmsil edəcək. Birinci dərəcəli vəzifə budur ki, Zimbabveyə sakitlik, sabitlik və iş qabiliyyəti geri qayıtsın” – deyə o bildirib.

Qeyd edək ki, Zimbabvedə iqtisadi vəziyyət getdikcə pisləşir. Hökumət bu ilin əvvəlində büdcə təşkilatlarında çalışan 3 min nəfəri ixtisara salıb. O da bildirilir ki, ixtisarlar il ərzində davam edəcək. ancaq ölkədə köklü islahatların aparılması müşahidə olunmur, bu cür kosmetik dəyişikliklərin ciddi nəticə verəcəyi inandırıcı deyil. Görünür ki, ölkədə qarışıqlıqlar davam edəcək.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir