Bakıda velosipedə maraq var, şərait isə yoxdur…

Mais Ağayev : “İlkin layihə olaraq təklif edirik ki, Bakı Olimpiya Stadionu, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və Atletlər Kəndini əlaqələndirən bir velosiped yolunun çəkilməsini təmin edək”

Bakıda son zamanlar velosipedə maraq artıb. Lakin velosipedi sürəcək yol yoxdur. Velosiped sürənlər məcburiyyətdən magistral yola çıxırlar ki, bu da bəzi hallarda qəza ilə nəticələnir. Ekspertlər bildirirlər ki, qəzaların bir səbəbi yolların çəkilməməsi ilə bağlı olsa da, digər səbəb velosipedçilərin qaydalara əməl etməməsindən qaynaqlanır.

Azərbaycanda gecə saatlarında magistral yolla hərəkət edən velosipedçilərin heç biri, işığı əks edən geyimlərdən istifadə etməyib, velosipedə işiğı əks etdirən müvafiq nişanı vurmurlar..  Halbuki, xarici ölkələrdə bütü bunlar nəzərə alınır. Velosipedə işıq quraşdırmayan, qış aylarında təkəri dəyişməyən velosipedçilər cərimələnirlər. Təbii ki, xarici ölkələrdə velosiped yolları, nişanları mövcud olduğu kimi bu cür qaydalar da işləkdir. Azərbaycanda isə vəziyyət başqa cürdür…

Uzun müddətdir ki, Bakıda velosiped yolunun çəkilməsi məsələsi gündəmdə olsa da, hələ ki, bu xüsusda hazırlanan planlar kağız üzərində qalıb.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirib ki, məsələ ilə bağlı layihələri mövcuddur:

“Hələ ki layihə olaraq müzakirə edilib, ancaq tam reallaşmayıb. Agentliyin əsas hədəflərindən biri budur ki, alternativ nəqliyyat növlərini inkişaf etdirsin. O cümlədən də velosipedin real nəqliyyat növünə çevrilməsi üçün işlər aparılmalıdır. İlkin layihə olaraq təklif edirik ki, Bakı Olimpiya Stadionu, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və Atletlər Kəndini əlaqələndirən bir velosiped yolunun çəkilməsini təmin edək. Bununla bağlı layihə üzərində iş aparılır. Eləcə də yeni salınan yaşayış komplekslərinin nəqliyyat məsələləri layihələnən zaman da velosiped yollarına xüsusi diqqət yetirilir”.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynov ile ilgili görsel sonucu

Nəqliyyat üzrə ekspert İlqar Hüseynov “Yeni Müsavat”a bildirib ki,  məsələ aktuallaşdığı üçün problem həll edilməlidir:

“Son zamanlar müşahidə edirik ki, gənclərin, orta yaşlı vətəndaşların velosipeddən istifadəsi artıb. Bəzi velosipedçilərimiz var ki, onlar həvəskar kimi velosipeddən istifadə etmək niyyətindədirlər. Həvəskarlar üçü Bakıda xüsusi meydançalar var. Onlar həmin meydançalara gedib, velosiped sürə bilərlər. Ancaq nəqliyyat vasitəsi kimi də Bakı şəhərində velosipeddən istifadəyə üstünlük verilməlidir. Bunun üçün xüsusi yollar ayrılmalı, velosipedçilərin istifadəsinə verilməlidir. Səkilərdə də velosiped yolu yaratmaq olar. Məsələn, ABŞ-da velosipedin ayrıca yolları var. Həmin yollardan yalnız velosipedçilər istifadə edirlər. Bu, magistral yolların kənarındadır. Daha çox təmasda olduğum Belçikanın paytaxtı Brüssel şəhərində bu yolları səkilərdə çəkirlər. Səkilərin üzərində xüsusi yerlər ayırırlar və burada yalnız velosipedçilər hərəkət edirlər. Piyadalar həmin yola çıxmırlar. Bu yollar fərqli rənglərlə digər yoldan ayrılır. Bakı şəhərinin özündə də elə yollar var ki, infrastruktur imkan verir ki, velosiped yolu da çəkilsin. Sadəcə, orada müəyyən zolağı ayırmaq lazımdır. Məsələn, yarımmetr zolaq ayrılır və müəyyən məsafədən bir yola velosiped şəkili çəkilir. Bütün vətəndaşlar da bilirlər ki, həmin yoldan velosipedçilər istifadə edirlər. Velosipedin maşın yolunu keçməsinə gəlincə isə bunu işıqforun köməkliyi ilə edə bilər. Bakının müxtəlif yerlərində, eləcə də mərkəzi küçələrində bu zolaqları çəkmək mümkündür. ABŞ-da nəqliyyat təhlükəsizliyi ilə bağlı təlim keçmişik. Bizim oradakı təlimdə bir günü velosiped hərəkətlərinə, şəhərdə bu nəqliyyat vasitəsinin idarə olunmasına həsr etmişdilər. Hətta orada şəhərin maketini hazırlayıb, məktəblilərə velosipedlərin hərəkəti ilə bağlı məlumatlar verirdilər. Bakıda da bunu təşkil etmək mümkündür. Müxtəlif yaş qrupundan olan insanlara, mini maket quraşdırılmış şəhərcikdə, velosipedin təhlükəsizlik baxımdan idarə olunması ilə bağlı təlimlər keçmək olar”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir