Paytaxt Bakıda və bölgələrdə piyadalar üçün nəzərdə tutulan keçidlərin yanlış yerdə salınması ilə tez-tez qarşılaşırıq. Bununla yanaşı, zolaqların standartlara uyğun olmayan şəkildə hazırlandığını da görürük. Ya ərazidə zolaq olmur, yol hərəkət nişanı yerləşdirilir, yaxud da əksinə, nişan var, rənglənmə isə aparılmır. Və ya elə yollar var ki, işıqforların yerləşdirilməsinin zəruri olduğu halda buna əməl edilmir.

Bizimyol.info xəbər verir ki, bu dəfə belə arzuolunmaz hal Bakının Bül-bülə qəsəbəsində qeydə alınıb. Daha dəqiq desək, söhbət 268 saylı Körpə və Uşaq bağçasının qarşısından gedir. Sakinlər bildirirlər ki, bura son dərəcə təhlükəli əraziyə çevrilib.

140 saylı tam orta məktəbə getmək üçün də həmin yoldan istifadə edilir. Eləcə də insanlar iş yerlərinə, mağazalara digər əhəmiyyətli obyektlərə getmək üçün təhlükəli piyada keçidindən keçməyə məcbur olurlar.

Burada piyada zolağının rəngi itib ki, bu, piyadaların və sürücülərin işini çətinləşdirir. Qəsəbə sakinlərinin sözlərinə görə, sözügedən ərazidə həm də tez-tez yol-nəqliyyat hadisələri baş verir. Həmçinin insanlar intensiv hərəkət etdiyindən burada piyadavurma hadisələri baş verir.

Sürət həddi 50 km/saat olan yolda tez-tez qəza və olüm hadisələri baş verirsə, müvafiq qurumlar tərəfindən çoxdan tədbir görülməli idi. Üstəgəl, keçiddən adətən məktəblilər və azyaşlılar istifadə edir ki, onlar bir qədər diqqətsiz olurlar. Nəzərə alsaq ki, hətta böyüklər də yolu keçərkən səhlənkarlıq edir, vəziyyət bir az da çətinləşir.

Qəsəbə sakini deyir ki, onun gözləri qarşısında son 2 ayda iki nəfəri maşın vuraraq öldürüb. Onlardan biri azyaşlı uşaq, digəri yaşlı qadın olub.

Belə olan halda bu “lənətlənmiş” yolda işıqforun quraşdırılması vacib məsələyə çevrilib. Sakinlərin fikrincə, bədbəxt hadisələrin qarşısını almaq üçün ən optimal variant buraya məhz işıqforun yerləşdirilməsidir.

Ümid edək ki, müvafiq qurumlar insanların canını alan yol haqqında lazım olan addımları gecikmədən atacaqlar. Yoxsa kimisinin övladı yetim qalacaq, kimisi isə illərlə böyütdüyü uşağını itirəcək.

Samir Mirzə

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here