Bakıya gələrkən keçinən, ölümündən sonra düşmən elan olunan Sibir qəhrəmanı- PORTRET

Onun adı Yeleksey idi… Tundra meşələrinin ucqarlarında, Şimal qütbünə yaxın olan Saxa-Yakutiyada yerli əhali üçün Yeliseyin oğlu, yad düşüncələr üçün isə Alekesey oldu.
1877-ci il mart ayının 3-də Tattin ulusunda varlı saxalının (yakut) ailəsində doğulan uşağı kilisədə Aleksey Yeliseyeviç Kulakovskiy deyə qeyd etdilərsə də, ailəsində, qohumları və xalqı arasında onu Yeliseyin oğlu Yeleksey Yeksyukulyak kimi tanıdılar.
Yeleksey Yeksyukulyak kiçik yaşlarında kilsə yanındakı məktəbdə, sonra da hökumətin yerli xalqlardan ona xidmət edə biləcək kadrlar hazırlamaq üçün açdığı məktbdə oxudu. Burada yalnız rus dilini, rus ədəbiyyatı və mədəniyyətini öyrənməklə kifatətlənmədi, həm də bu dil vasitəsilə Avropa xalqlarının ədəbiyyatı və mədəniyyətilə yaxından tanış oldu.
Yaşam şərtləri çətin olan Sibiri “dəmir barmaqlıqlarsız həbsxana”, “diri ölülər diyarı” adlandırırdılar. Rus hərbçiləri və məmurları yerli xalqlara qarşı soyqırımlar törətdiklərindən bölgədə əhalinin sayı olduqca az idi. Zəngin təbii sərvətləri olan Sibirdə işçi qüvvəsini artırmaq və mərkəzi vilayətlərdə, eləcə də işğal etdiyi bölgələrdə hökumətdən narazı olan, cinayət törədən insanlar oradakı həbsxanalara göndərilir və ya sürgün edilirdi. Sibir Rusiyanın bir sürgün bölgəsi kimi tanınmışdı.
O, qarlı nağıllardakı əyninə qalın kürk geyinərək, ulus-ulus dolanan xeyriyyəçi qəhrəmanları xatırladırdı. Həm görünüşcə, həm də əməlcə. Araşdırmaçı Əli Şamil Moderator.az-a açıqlamasında Aleksey Yeliseyeviç haqqında bunları deyir:
“Yeleksey Yeksyukulyak milli kimliyini təsbit etmək üçün ulusları gəzdi. Xalqını müstəmləkə zülmündən, cəhalət və gerilikdən qurtarmağın yollarını axtardı. Qurtuluş yolunu xalqının maariflənməsində və ata-babalarının yaratdığı mədəniyyətə sahib çıxmaqda gördü.
Odur ki, ulusları gəzdikcə etnoqrafik və folklor materialları topladı. Atalar sözlərini, tapmacaları, yanıltmacları topladıqca rusların, vəhşi, geridəqalmış, mədəniyyətsiz saydıqları bir xalqın necə böyük mənəvi sərvəti olduğuna heyran qaldı. Savadsız, heç bir məktəb görməmiş saxaların saatlarla olonxolar söyləyərək xalqının qəhrəman oğullarını öyməsi, tarixi keçmişlərini musiqi və söz vasitəsilə nəsildən-nəsilə ötürmələri gənc Yeleksey Yeksyukulyakı heyrətləndirdi.
Yeleksey Yeksyukulyak gördü ki, xalqının boğaz və nəfəs səslərindən istifadə edərək müsiqili epik dastanları söyləmək məharəti nə Ruslarda və nə də özlərini mədəni, inkişaf etmiş sayan bir çox xalqlarda yoxdu”.
O, beləcə, ulus-ulus gəzərək, başqa yerlərin, Avropanın əfsanəvi insanlar, marallarla danışan varlıqlar kimi düşündüyü qədim xalqının mahnılarını, folklorunu toplamağa başladı.
“Səsyzama cihazlarının olmadığı, bu yöndə dərin elmi araştırılmalar aparılmadığından metodologiyanın yoxluğundan olonxonun əsas epizodlarından olan sürəkli mahnıların melodiyasını, ritm improvizasiya xarakterini və temperasiyasız məqamları toplamaq olduqca çətin idi. Buna görə də özü şeirlər yazmağa, xalqının bədii təfəkkürünü inkişaf etdirməyə çalışdı.
Yeleksey Yeksyukulyak ilk şeirini 1900-cü ildə yazdı. Şairin “Bayanay Algıha” adlandırdığı bu şeir saxa inanc sistemində meşənin qoruyucu ruhunu “Baay-Bayanay”, “Baay-Barıılaah” adlandırılan, həm də ovçunun qoruyucu ruhu sayılan Bayanaya həsr edib.
Amma Yelekseyin Bakıya gəlişi baş tutmadı. O, uzun məsafədə olmasına baxmayaraq, ruhi bağlantısı olan bu şəhərə, eynikökənli insanların yaşadığı diyara ayaq basa bilmədi. Yoldaca keçindi. Əli Şamili dinləyək:
“Əlifba və dil komissiyonlarında yer alan Yeleksey Yeksyukulyak 1926-cı ildə saxa ziyalılarından İsidor Nikifiroviç Baraxov, Aleksandır Andreyeviç İvanov və Anempodis İvanoviç Safronovla birlikdə Azərbaycana – Bakıda keçiriləcək I Türkoloji Qurultaya yola düşdü.
200-ə yaxın nümayəndə dəvət edilsə də, onlardan 131-i qurultayda iştirak edə bildi. İştirak edə bilmiyənlərin siyahısına Aleksey Kulakovskiy-Yeleksey Yeksyukulyak də daxil edildi. Yolda ağır xəstələyəndiyindən Kulakovskiy Moskvada xəstəxanaya aparıldı. 1926-cı il iyulun 6-da saxa şairi, alimi və çılğın vətənpərvəri Moskvada keçindi. Onu Moskvada da dəfn etdilər.
Azadlığı və müstəqilliyi uğrunda canından keçməyə hazır olduğu Yakutiyanın 3 millyon 102 min kvadratkilometrdən çox sahəsindən Yeleksey Yeksyukulyaka iki metirlik bir torpaq da qismət olmadı”.
Amma alimə qarşı təqib və təzyiqlər sən demə, hələ bundan sonra başlayacaqdı. Bəlkə də, dünyada tək-tük insanlardandır ki, sağlığında yox, ölümündən sonra ciddi nəzarət altına alınmış, əsərləri qadağan edilmişdi?
“Alim şair 1926-cı ildə xəstəlikdən dünyasını dəyişdi. Lakin barmaqlıqlarsız həbsxana sayılan diyarda 1928-29-cu illərdə şair-alimin əqidə dostları həbs edilərkən onun da əsərlərinə münasibət dəyişdi. Hətta Kommunist Partiyasının 1 Mart 1943-cü il qərarıyla ölmüş şairi milliyətçilikdə suçlayaraq əsərlərini qadağan etdilər. İkinci Dünya Savaşında Sovet hökuməti çətin vəziyyətdə qaldığına görə bir çox xalqlara qarşı milli məsələdə müvəqqəti güzəştə getdi. 1944-cü ildə Yeleksey Yeksyukulyakın əsərləri üzərindənki qadağa yumşaldılsa da, bu uzun sürmədi. 1952-ci il fevralın 2-də qadağalar daha da sərtləşdirildi.
1962-ci il fevralın 16-dan Yeleksey Yeksyukulyak Yakut ədəbiyyatının qurucusu olaraq elan edilsə də, əsərlərinin geniş nəşrinə və təbliğinə o qədər də önəm verilmədi.
Zaman isə öz işini gördü. SSRİ dağılmağa başlayanda Yeleksey Yeksyukulyaka sahib çıxanların, onun vətəni və milləti üçün necə böyük işlər gördüyünü söyləyənlərin sayı artdı. Hətta xalqın təkidi ilə Yeleksey Yeksyukulyakın arzularının bir qisimi həyata keçirildi. 1991-ci ildə Yakutiya MSSR Yakutiya-Saxa Cümhuriyyəti ilə əvəzləndi. Əhalinin milli tərkibində də bir dəyişmə baş verməyə başladı. Belə ki, hazıra cümhuriyyətdə 1 milyona yaxın insan yaşayır ki, bunun da 500 min nəfərə yaxınını saxalar təşkil edir”.
Elmin Nuri

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.