“Baş verən qəzaya görə yalnız “Azərenerji” ASC məsuliyyət daşımır”
Mehman Əliyev: “Burada digər qurumların da məsuliyyəti mövcuddur”
Mingəçevir İES-də baş verən qəza nətiəsində bütün ölkənin qaranlığa qərq olması cəmiyyətdə haqlı narazılığa səbəb olub.
Məsələ ilə bağlı hökumət üzvlərinin xüsusi müşavirəsi çağıran prezident İlham Əliyev də mövcud hadisənin ciddi təəssüf doğurduğunu, problemin əsl səbəbinin araşdırılması üçün xüsusi komissiyanın yaradıldığını bildirib. Komissiyanın yekun rəyinə əsasən müqəssirlərin kimliyi müəyyən olunaraq məsuliyyətə cəlb ediləcək.
Maraqlıdır, məlum qəzaya görə sadəcə “Azərenerji” ASC rəhbərliyini ittiham etmək nə dərəcədə doğrudur? “Azərenerji” ASC ilə yanaşı, bu qurumunm fəaliyyətinə nəzarət etməli, mütəmadi təftiş və yoxlamalar aparmalı olan rəsmilər də məsuliyyətə cəlb olunmalıdırmı?
Moderator.az -a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev mövcud duruma görə bir çox qurumların məsuliyyət daşıdığını vurğuladı:
“Təbii ki, baş verənlərə görə yalnız “Azərenerji” ASC məsuliyyət daşımır. Bu məsələdə bir çox dövlət qurumunun məsuliyyəti mövcuddur ki, onlar da baş verənlərə görə cəzalandırılmalıdır. Əslində cəza mexanizmi çoxdan işə salınmalı idi. Çünki bu, ilk belə qəza deyil.
Mingəçevir İES-də baş verən qəzaya görə bütün ölkənin qaranlıqda qalması yolverilməzdir və bu, məlum sahədəki fəaliyyətin yarıtmazlığını göstərir. Çünki mexanizm elə qurulmalı idi ki, hər hansı bir ərazidə baş verən qəza lokallaşdırılmalı və onun qəza anına qədər verdiyi enerji digər alternativ mənbələr hesabına təmin edilməli idi. Bu isə baş vermədi. Odur ki, hesab edirəm ki, bu olayın ciddi şəkildə araşdırılmasına ehtiyac var və bu, bizim düşündüyümüzdən də ciddi bir problemdir”.