“Bir ayda 3-4 toya dəvət edilirsinizsə…” – Sosioloqdan məsləhətlər

Məhərrəmlik ayı bitdi, toy mövsümü başladı. Buna isə daha çox restoran sahibləri, müğənnilər, tamadalar sevinir. Bəzən bir ayda bir ailəyə 3-4 dəvətnamə gəlir. Bu isə maaşın böyük hissəsinin toya xərclənməsi deməkdir.

Toy dəvətlisi məclisdə  tək iştirak edəcəksə, 50 manat toya pul yazdırmalıdır. Həmin şəxs qadındırsa, geyim, makyaj,  nəqliyyat pulunu da buraya aid etsək, bir nəfər 1 toy üçün minimum 100 manat xərc çəkir. Təbii, ki sözügedən proses ailə büdcəsini sarsıdır.

Bəs, ailə büdcəsini  necə formalaşdırmaq lazımdır? Toy xərclərini minimuma endirmək mümkündürmü?

29572280_1954166894828477_1226145223885197873_n.jpg (105 KB)

Musavat.com mövzu ilə bağlı sosioloq Lalə Meyrəlinin fikirlərini öyrənib. O, bildirib ki, hər şey toy sahibindən asılıdır: “Toy qonaq siyahısını tərtib edəndə minimum say nəzərdə tutulmalıdır. Buraya qohumlar, yaxın iş yoldaşları və ən yaxın dostlar-rəfiqələr aiddir. Körpü yolu ilə qohum olanların toya dəvət edilməsi doğru deyil. Çünki insanlar arzu etməsə də, o məclisdə iştirak edir. Məclisə gələn qonaqlar sevinərək, deyə-gülərək gəlməlidir. “Haradan çıxdı bu toy? Kaş, dəvət etməzdilər” deməməlidir.Deməyə məcbur qalmamalıdır. Toy sahibi qonaqları çıxılmaz vəziyyətdə qoymamal, məclisi qazan məqsədli etməməlidir. Xoş günlərdə ən yaxınlar olmalıdır.Toy sahibi düşünməlidir ki, adam çox çağırdıqda həm onlara borclanır, həm də onları istəmədikləri məclisdə iştirak etməyə vadar edir. İndi valideynlər övladlarına toy miras qoyur. Onlar məclisə maksimum adam çağırır, sonra o adamların toyuna övladlar getməli olur. Toy sahibləri təmtərağa qaçmamalıdır. İndi gənclər təmtəraqdan qaçırlar, bilirlər ki, hamısı borcdur və onun üzərindədir. Ən yaxşı və ideal toy el arasında yayılan “Komsomol toyu”dur. 50 nəfərlə edilən toylar belə adlanır. Valideynlər toylara xərclədiklərini övladlarının gələcəyinə saxlasınlar və onlara yatırım etsinlər. Orta sitatistik Azərbaycan toyuna baxaq: valideynlər borca-xərcə girir, təmtəraqlı məclis edir, bahalı qızıllar alır, xonçalar tutur. Sonda borc içində qalır. Hansı Azərbaycanlı ailə toydan sonra övladını bal ayına göndərə bilir? Əslində, göndərə bilər, 1000 manat cütlüyün 3-4 günlük xaricdə istirahətinə çatar. Amma valideynlər buna şərait yaratmır. Çünki toydan sonra borc qaytarır. Biz ailə olaraq sünnət toyunda iştirak etmirik. Sünnətdən əvvəl və ya sonra uşağı görməyə gedirik, hədiyyəmizi veririk. Tibbi əməliyyatı niyə təmtəraqla qeyd edirlər, anlamıram. Yas mərasimləri kimi toylara da məhdudiyyət qoyulsun. İnsanlara restoranlarda bahalı menyu təklif edilməsin. Çünki bəzən toy sahibi məcbur qalib o menyunu qəbul edir. Bəlkə də, insanlar hər çağırılan məclisə getməsə, o zaman uzaq qohumlar, bir dəfə salam verilən insanlar toya dəvət edilməz. Beləliklə, 400-500 nəfərlik məclislər yığışdırılar”.

055ca2a1fccccb1e0f60fe2e7501263b.jpg (131 KB)

İqtisadçı-ekspert, “Güzəran” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli bildirib ki, toy fərdi məsələdir: “Toyda iştirak son dərcə özəl məsələdir və bunun standartı yoxdur. Ona görə də bu məsələnin ictimai müzakirəsi ehtiyac yoxdur”.

Könül,

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir