“Bizim filmlər xaricilərin çəkdiklərindən 100, 200 dəfə zəifdir, çünki…”
“Son dövrdə çəkilən Azərbaycan filmlərinin hamısına baxmışam desəm, yalan olar. Amma müstəqillik dövründə, xüsusən də son 10-15 ildə çəkilən filmlərin onuna demək olar ki, baxmışam. Film çəkilişindəki uğursuzluqların müxtəlif səbəbləri var. Birinci ondan ibarətdir ki, Sovet dövründə “Azərbaycanfilm” Kinostudiyası sovet kino məktəbinə əsaslanırdı. Hətta dünya səviyyəsində filmlər olurdu. Məsələn, “Arşın Mal Alan”, “Ögey ana” kimi filmlər…”
Bunu Moderator.az-a açıqlamasında ədəbi tənqidçi Əsəd Cahangir deyib. O, son illərdə Azərbaycan filmlərinin fəlsəfi ağırlığı, düşüncə yükü ilə seçilə bilməməsinin səbəblərini belə izah edib:
“Tarixi, müasir janrda çəkilən filmlərdən elə maraqlı nümunələr var idi ki, onlara indi də maraqla baxılır. Məsələn, mən bu gün də “Axırıncı aşırım”, “Uzaq sashillərdə”, “Tütək səsi”, “Nəsimi”, “Babək” filmlərinə maraqla baxıram.
Amma bu gün artıq Hüseyn Seyidovu, Kamil Rüstəmbəyovu, Şamil Mahmudbəyovu, yetişdirən məktəb etiraf edək ki, yoxdur. Onlar Moskvada təhsil alırdılar, oranın məktəbini keçirdilər. Yəni, filmin çəkilməsi üçün də rejissor lazımdır. Yəni ssenarist, rejissor yoxdursa, film çəkmək ənənəsi, məktəbi ümumiyyətlə aradan qalxıbsa necə yaxşı film çəkmək olar? Məsələnin birinci tərəfi yaxşı film çəkilməsi üçün yaxşı kadrların yoxluğudur. İkincisi, məsələnin maddi tərəfidir. Yaxşı film çəkmək üçün yaxşı da pul lazımdır. Məsələn, Hollivud kinoindustriyasına baxırıq, orada bir filmin çəkilməsi üçün 100 – 200 milyon dollarlıq büdcə xərclənir, layihə tutulur. O filmdən yaxşı da pul əldə edirlər. Məsələn, 2009-cu ildə çəkilən “Avatar” filmi 2,8 milyard dollar həcmində gəlir gətirib. Yəni burda artıq milyonlardan yox, milyardlardan söhbət gedir. Pul qoyurlar, pul da götürürlər. Amma bizdə film çəkilişi üçün maddi vəsait yoxdur. Müasir tamaşaçı artıq sovet dövrü tamaşaçısı deyil. O, Hollivud filmlərinə, dünya kinoindustriyasının ən yaxşı nümunələrinə baxır. O səviyyədə filmlər göstərmək lazımdır. Həmin filmləri də təqdim etmək üçün ona yaxşı pul buraxılmalıdır. Bunun xüsusi effektləri, dekorasiya, geyim məsələsi var. Yaxşı ssenaristə, aktyora, rejissora verilən pul məsələsi var. Bütün bunların hamısı üçün pul lazımdır. Yəni boş yerdən necə etmək olar. Leninin bir sözü vari idi, əldə əlcəklə inqilab etmək olmaz. Bunu mən belə deyərdim ki, pul olmayan yerdə yaxşı film də çəkmək olmaz. Yaxşı rejissorda, ssenarist də olsa, aktyor da olsa keyfiyyətli film çəkmək olmaz. Bizdə indiyə qədər dövlət büdcəsindən kinofilmlərin çəkilməsi üçün səhv etmirəmsə, ildə 7 milyon pul ayrılırdı. İndi deyəsən azaldılıb.
Uzaqbaşı bu bir milyonla ildə bir film çəkmək olar. İndi təsəvvür edin, dünyada bir film çəkmək üçün 100 -200 milyon dollar ayrılırsa, bizdə isə ondan 100, 200 dəfə az vəsait ayrılır. Deməli keyfiyyət də 100-200 dəfə zəif olacaq. Dünya filmlərinə tamaşa edən tamaşaçı bunu bəyənərmi, onun zövqü bunu qəbul edə bilərmi? Əlbəttə ki, yox. Mən demirəm ki, Azərbaycanda yaxşı rejissorlar, yaxşı aktyorlar, ssenaristlər yoxdur. Demirəm ki, cəhd göstərmirlər. Göstərirlər! Amma bax bu iki səbəbdən həm kadrlar yetişdirən məktəbin yoxluğu, həm də maddi problem üzündən bizdə kino industriya sahəsi müstəqillik dövründə ağlasığmaz dərəcədə geriləyib. Ümumiyyətlə sizə deyim ki, Azərbaycan kino sahəsində inkişaf 1950-ci illərdə, başlayıb. Sonra 1960-70-ci illərdə inkişaf daha da sürətləndi. 1970-ci illərdə kinomuz, ən gözəl parlaq dövrlərindən birini yaşadı. 80-ci illərə doğru artıq elə bil ki, zamanın ruhunu duyaraq, SSSR-nin dağılmasının əhval ruhiyyəsi artıq 10 il əvvəldən var idi.
1980-ci illərin əvvələrində etibarən, isə artıq Azərbaycan kinosu tənəzzülə doğru gedirdi. O illərdə biz parlaq bir film adı çəkə bilmirik. 1990-cı illərdən sonra isə ümumiyyətlə tənəzzül başladı. Məsələn, 1990-cı illərdə mənim bir tamaşaçı kimi az-çox xoşuma gələn film “Pəncərə filmidir. Filmdə uşaq evindəki uşaqların çox acınacaqlı taleyindən, həyatından, söhbət gedir. Həm realizm, həm naturalizm nöqteyi-nəzərindən olduqca maraqlı səhnələr var.
Amma sonra məsələn “Yuxu”, “Quyu”, “Niyyət” filmləri, səhv etmirəmsə, “İstanbul reysi”, “Dolu” filmi, “Hökmdarın taleyi” filmi və digər filmlər istər tarixi, istər müasir mövzuda Qarabağ mövzusunda hansı janrda çəkilirsə-çəkilsin, qeyri-adi nəzərə çarpan nailiyyətdən danışmaq çətindir.
Bax, görürsünüz, Elçinin ssenarisi əsasında türklər film çəkmişdi; “Mahmud və Məryəm” filmi. Türklərin çəkilişi ilə bağlı olduğundan o filmdə müəyyən uğurlar oldu. Amma mən bunu tam Azərbaycan filmi saymıram, çünki Türkiyədə çəkilib. Türklərdə kino industriyası 1990-cı illərdən sonra böyük inkişaf mərhələsi keçdi. Bu gün türk filmləri, xüsusilə türk serialları dünya serialları ilə bərabər, çiyin-çiyinə yol gedir. Məsələn “Qurdlar vadisi”, “Möhtəşəm yüzil”, “Kösəm sultan” və s. Bizdə serial sahəsində də uğur yoxdur. Olduqca bayağı çəkirlər, hətta onlara baxmağa bir saniyə, bir dəqiqə belə vaxt ayırmağa heyfim gəlir. Bütün bunlar da dediyim kimi 2 səbəblə bağlıdır. Kadrların yoxluğu, köhnə sovet dövrünə məxsus kino məktəbi ənənələrinin dağılması yenisinin formalaşmaması, bir də maddi bazanın yoxluğu”.