Braziliyada Türkiyə, Azərbaycan və Qazaxıstan türk mədəniyyəti nümayiş olundu
Bizimsesimiz.info // Braziliya Federal Parlamentində Türkiyə, Azərbaycan və Qazaxıstan səfirlikləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən (ITCHF) “Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma” konfransı keçirilib.
Senator Kristovam Rikardo Kavalkanti Buarqu konfransın açılışında etdiyi çıxışında min illik türk mədəniyyətinin bəşəriyyətə xidmət etdiyini vurğulayaraq deyib: “Braziliyada əskik olan Azərbaycan, Qazaxıstan və Türkiyədəki siyasi harmoniyadır. Region ölkələrin bölüşdüyü türk perspektivini təqdir edirik.”
Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə təşkil olunan konfransın ilk hissəsində Türkiyənin Braziliyakı səfiri Əli Qaya Savut “Osmanlı imperiyası və Braziliya əlaqələri” məruzəsilə çıxış edib.
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan-türk memarlığı haqqında məlumat verib.
Qazaxıstanın Braziliya üzrə səfiri Kairat Sarzhanov isə “Qlobal dünyada Qazaxıstan: rəqabət və milli kimliyin qorunması” mövzusunda danışıb.
Türkiyə kanun ifaçısı Əhməd Baran, ud ifaçısı Kamran Umuzdaş, azərbaycanlı kamança ifaçısı Şəhriyar Musayev və qazax dombra ifaçısı Aygül Kossanovadan ibarət TÜRKSOY Xalq Mahnıları Ansamblı konfransdan sonra qonaqlara konsert proqramı təqdim edib.
Parlamentdəki qalereya salonunda “Braziliyada türk irsinin bir parçası” foto-sərgisi açılıb. Üç noyabra qədər açıq olacaq sərgidə Türkiyə, Azərbaycan və Qazaxıstanın simasında türk mədəniyyət, ənənə, tarix və memarlığını əks etdirən fotolar yer alır.