Bu gün tanınmış şair Məmməd İsmayılın doğum günüdür. Onun 80 yaşı tamam olur. 1958-1960-cü illərdə Bakı Baş Tikinti idarəsində fəhlə, 1960-1964-cü illərdə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində klub müdiri, 1964-1965-ci illərdə Tovuz rayon Partiya komitəsində statist, 1965-1966-cı illərdə Qazax rayonlararası “Qalibiyyət bayrağı” qəzetində korrektor, 1966-cı ildə Bakıda fəhlə yataqxanasında baş tərbiyəçi, 1966-1973-cü illərdə “Azərbaycan Dövlət Radio və Televiziya” komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, 1976-1980-ci illərdə “C.Cabbarlı adına Azərbaycanfilm” studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə “İşıq” nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika “Gənclik Ədəbi Birliyi”nin rəhbəri,1988-1992-ci illərdə Azərbaycanda demokratik düşüncənin inkişaf etməsində öncül rol oynayan,xalqı milli azadlıq mübarizəsinə səsləyən Azərbaycan və Rus dillərində çap olunan, tirajı 300 minə çatan “Gənclik Molodost” jurnallarının yaradıcısı ve baş redaktoru,(Yüz faktandan yalnız birini xatırlatmaq yerinə düşər ki,hələ Sovet hakimiyyətinin ayaqda olduğu dönəmlərdə və Komsomolun orqanı olmasına baxmayaraq jurnalda milli düşüncəmiz üçün qadağa qoyulmuş mövzuları gün işığına çıxarmış və jurnalın adını və məqaləllərinin bir çoxunu hələ Latın qrafikasına keçmədən çox əvvəl bu əlifbayla verib,bunlarla birlikdə jurnalın əməkdaşları tərəfindən Latın əlifbasıyla hazırlanmış “Oxu” və “Əlifba” kitabları 500 yüz min tirajla çap olunaraq məktəblərə paylanılıb.),1988-1993 illərində Tovuz ziyalılarının təşkil etdiyi “Oğuz” (Sonralar “Tovuz”) xeyriyye  cəmiyyətinin sədri olmuş ve Tovuz rayonunun sərhəd kəndlərinin erməni hücumundan qorunmasında böyük əməyi olub. 1989-1993-cü illərdə Xalq hərəkatının öncüllərindən biri kimi partiyalarüstü “Demokratik Qüvvələr Birliyi”nin həmsədri, 1992-1993-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin sədri vəzifələrində çalışıb. (Çalışdığı hər sahədə yeniliklərə imza atıb. Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinin sədri vəzifəsində işlədiyi zaman tarixdə ilk dəfə Astara şəhərində Güney və Quzey Azərbaycan şairlərinin oxucularla görüşünü təşkil etmiş, görüşü özü yönətmiş və bu görüş eyni vaxtda Quzey ve Güney Azərbaycana canlı yayınlanıb.) 1995-1996-cı illərdə Türkiyədə “TİKA” və “Türk Dil Kurumu”nun ortaq sözlük layihəsində “uzman” vəzifəsində işləyib.1996-cı ilin may ayından Türkiyənin Çanaqqala universitetində professor kimi fəaliyyət göstərməkdədir.

14 yaşından bədii yaradıcılıqla məşğuldur. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür. Avrasya Yazarlar Birliyinin qurucu üzvüdür. Moskvada çap olunan “Literaturnıe Znakomstvo” jurnalının redaksiya heyyətinin üzvü, Türkiyə təmsilçisi və köşə yazarıdır. “Ulsulararası Sanatçılar və Gazeteciler” birliyinin Türkiyə təmsilcisidir. Rusiyanın önəmli rəssamlarından biri olan Yuri Rakşa 1973-cü ildə şairin portretini işləmişdir.

“Azərbaycan Yazıçılar Birliyi”nin katibi seçilmiş və dəfələrlə “Yazıçılar Birliyi”nin idarə heyətinin, rəyasət heyətlərinin üzvü olub. Fransa  Elm, Sənət və Ədəbiyyat və Ukrayna Ali Təhsil akademiyalarının həqiqi üzvüdür. Ukrayna Ali Təhsil Akademiyası Türk və Slavyan xalqları ədəbiyyatlarına verdiyi ədəbi töhfələrə görə ona fəxri doktor adı verilib. Əsərləri 50-dən çox dünya xalqlarının dilinə tərcümə edilən şair, müxtəlif ölkələrin sənətkarlarının bir çox əsərini tərcümə edərək Azərbaycan və Türk dilində çap etdirib. Bir çox xarici ölkənin (Türkiyə, Ukrayna, Moldova, Macarıstan və.s.) ədəbiyyat ensiklopediyalarında həyatı və ədəbi fəaliyyəti ilə bağlı məqalələr nəşr edilib, həyat və yaradıcılığı haqqında (Azərbaycanda və Türkiyədə) yüksək lisans və doktorluq dissertasiyası yazılıb.

Mərkəzi ofisi Rumınyanın Graiova şəhərində yerləşən Mihail Emunescu Akademiyası 2018-ci ildə onun əsərlərini Nobel mükafatına təqdim edib.

Dünyanın 30-dan çox ölkəsində keçirilən konfrans və şeir festivallarında (Türkiyə,Almanya,İtalya,Hindistan, Vyetnam, Kuba, Rusya, Ukrayna, Belarus, Polşa, Litva, Türkmənistan, Suriya, Rumınya, Serbiya, Bosniya, Qaradağ, Litva, Burkino-Faso və.s.) Türk və Azərbaycan ədəbiyyatlarını layiqincə təmsil edib. İtalyada  ve Rumınyada yayınlanan “Dünya Şeir Antologiyası”nda Azerbaycan şeiri onun əsərləri ilə təmsil olunub (2015-2017). Amerika Birleşmiş Ştatlarının Koliforniya əyalətinin San Jose şəhərində dünya şeirinin seçmələrindən oluşan illik “Svyaz vremyon” (Əsirlərarası İlişkilər) antologiyasının tərcümə bölümündə Konstantinos Kavasis (1863-1933) (Yunan), William Shakespare (1564-1616) (İngiliz), Jerar de Nerval (1808-1855) (Fransız) əsərləri ilə birlikdə onun əsərlərinə də yer verilib. Şairin “Adım”, “Apar məni”, “Burda bir şəhər yatır”, “Yatan mənalar”, “Döyüş, Qələbə”, “Yaşıldı gözümdə dünyanın əksi” şeirlərinən yer aldığı silsilə şairin tərcüməçisi və dostu Rus şairi Mihail Sinelnikov’un ön sözü ilə başlayıb. Ön sözdə M. İsmayılın dünya ədəbiyyatındakı yerindən bəhs olunub. Şairin adına Türkiyədə “Akademik Şiir Ailesi Yazarlar Kurumu” tərəfindən ildə fərqlənən bir Türk şairinə verilmək üzrə “Mehmet İsmail Edebiyyat ödülü” təsis edilib. İndiyədək Azərbaycan, Türk, Fransız, Yapon, Alban, Rumın,Rus, Macar,Qazax və başqa dillərdə 40-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap olunmuş, 50-dən çox şerinə mahnı bəstələnib.

Kulis.az onun haqqında maraqlı fakt və əhvalatları oxucuların diqqətinə çatdırır.

Məmməd İsmayıl 2 yaşında atasını itirir. İkinci Dünya Müharibəsinə gedən atası bir daha geri qayıtmır. Atasından xatirə bir şəkli də qalmır. Onu anası Gülzar xanım böyüdür.

***

Əmisi Şəmşəd saz çalır, şeirlər yazırdı. Məmmədə şairlik əmisindən keçmişdi.

***

O vaxt ailələrə böyük vergilər qoyulurdu. Məmməd İsmayıl və anası əsgər ailəsi olduğundan vergidən azad idilər. Ailənin sayına görə vergi alındığından əmisi onları qonşuluqdakı mal damına köçürmüşdü.

***

Əmisi dünyasını dəyişəndən sonra anası ilə özlərinə bir otaqlı ev tikə bilirlər. Bir gün moskvalı şair Leonid Latın onların qonağı olur. “O tək otaqlı ana yadigarı köhnə evi sökdürmə, sökdürsən, daha şeir yaza bilməyəcəksən” – deyən şairin sözünə qulaq asmayan Məmməd İsmayıl evi sökdürür və 10 il şeir yaza bilmir.

***

Yağmurlu bir gündə gənc Məmməd kəndlərindən maşına minib Tovuza ədəbiyyat dərnəyinə gəlir. Məclisə girəndə baxır ki, şeir dəftərini unudub. Gənclər şeirlərini oxuyur, növbə Məmmədə çatanda qəfil qapı açılır, anası ayaqları palçıqlı, paltarı islanmış halda içəri daxil olur. Əlində də Məmmədin şeir dəftəri… O, oğlunun dəftəri unutduğunu görüb 20 km-ə yaxın yolu piyada rayonmərkəzinə gəlmiş və dərnək keçirilən yeri soraqlayıb tapıbmış.

***

Ədəbiyyat müəlliminin onun gələcək həyatında rolu danılmazdır. Belə ki, bir gün müəllim Məmmədə divar qəzetini hazırlamağı tapşırır. İşin öhdəsindən çətinliklə də olsa gələn Məmməd daha sonra qəzetin redaktoru olur. Aradan 30 il keçdikdən sonra Azərbaycan mətbuatı tarixində ən yüksək tirajla çıxan “Gənclik” və “Molodost” jurnallarının baş redaktoru olur.

***

Kənddə sevdiyi qızı kinoya baxmağa dəvət edən şair qızdan müsbət cavab alır. Ancaq cibində bir qəpiyi olmur. Anasından pul istəyir. O da toyuq satmaq üçün bazara gedir. Çifayda. Qarlı, şaxtalı havada toyuqla geri qayıdır.

***

Anası ilə birgə tikdikləri birotaqlı ev sonralar məşhur “Ağacdələn” şeirinə çevriləcəkdi. Həmin ev boş qalmışdı və qapısını ağacdələnlər döyürdü. Məmmədsə o səsi bir gün boş qalmış ana evini ziyarət edəndə eşidir. Deyir, elə bildim, qapını döyən anamdır.

***

80-ci illərdə xalq arasında “Məmməd İsmayılın dərnəyi” adla idi. Dövrün bütün məşhur imzaları “İşıq” nəşriyyatında və “Gənclik” jurnalının redaksiyasında fəaliyyət göstərən bu dərnəyə gəlib-gedirdi.

***

90-cı illərin əvvəllərində Əhməd Cavadın Respublika sarayında keçirilən xatirə gecəsində xalq şairi Bəxtiyar Vahabzadənin çıxışına Məmməd İsmayılın həmyerlisi olan bir şair yerdən kəskin etiraz edir və o dövrün daxili işlər naziri İsgəndər Həmidovun hücumuna məruz qalır. Nazir hirslənərək şairə əl qaldırır, yumruq atır, şair də eyni qaydada ona cavab verir və İsgəndərHəmidovaşilləvurur. Nəticədə şairi həbs edirlər. O zaman dövlət televiziyasının rəhbəri işləyən Məmməd İsmayıl bir neçə dəfə ölkə prezidenti Elçibəyə zəng edərək şairin azadlığa buraxılmasını xahiş edir. Nəticədə şair həbsdən azad edilir.

***

Rayon qəzeti nəzdində təşkil olunan ədəbiyyat dərnəyinin son məşğələsində dörd dost – Aydın Qurbanoğlu, Şəmşəd Rza, Telman Tovuzlu və Məmməd İsmayıl çıxıb Tovuzun tozlu küçələrində gəzirmişlər. Birdən Məmməd deyir:

– Bu ədəbiyyat dərnəyinin təşkil olunması yaxşı oldu, heç olmasa, birimizin şair olmasına köməyi dəyər.

Dostlar yer-yerdən səslənirlər:

– Hərif özünü nəzərdə tutur.

Məmməd belə olmadığını deyir. Amma dostları eyni şeyi təkrar edir.

O zaman Məmməd deyir:

– Lap deyək ki, özümü nəzərdə tuturam, hələ görün qarşıda yaşanası nə qədər ömür var, siz sübut edin ki, o şair mən yox, sizsiniz.

O sözün söyləndiyi vaxt gənclərin 20-22 yaşları vardı.

***

Məmməd İsmayıl Ağstafada “Qalibiyyət bayrağı” qəzetində korrektor işləyirmiş, bazar günlərinin birində redaksiya əməkdaşları ilə birlikdə Kürə çimməyə gedirlər. Sözarası redaktor müavini Ələddin İncəli ortalığa bir sual verir:

– Bu gün nə günüdür?

Biri deyir, bazar günüdür, o biri deyir, avqustun biridir. Ələddin İncəli “Tapmadınız” deyir.

– Necə yəni tapmadıq – yer-yerdən dillənirlər.

İncəli:

– Bir qonaqlıq boyun olun, deyim.

Qonaqlıq boyun olular. Ələddin İncəli deyir:

– Bu gün Məmməd aldadılan gündür!

Məmmədin içi sızıldayır. Düz bir il əvvəl, bu gün canı qədər sevdiyi və hətta elçi göndərdiyi qızı qaçırmışdılar!

Sonralar dillər əzbəri olan və Ələddin İncəliyə həsr edilən aşağıdakı şeir beləcə yaranır.

Ay şair Ələddin, şair dostunun,
Açılmır qabağı-qaşı bir ildir.
Olub məhəbbətdən illər xəstəsi,
Ayılmır sevdalı başı bir ildir.

O atdı özünü varın qoynuna,
Bahar günlərindən qarın qoynuna.
Mən həsrət çəkirəm yarın qoynuna,
Orda ləzzət çəkir naşı bir ildir.

Ay Məmməd, haqlayar səni subaylıq,
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpəsinin yaşı üç aylıq,
Mənim həsrətimin yaşı bir ildir.

***

Məmməd İsmayıl sevdiyi qızı görmək üçün kənddən 17 km yolu piyada Tovuza gəlirmiş. Gecələri əmisiqızıgildə qalırmış, hər dəfə əmisi qızı “Özünü bu yollarda niyə əsir-yesir eləyirsən, onsuz da o qızı sənə verməyəcəklər”, deyir. Doğrudan da əmqızının dediyi kimi olur. Aradan uzun zaman keçəndən, o qız başqasıyla evlənəndən, Məmməd Məmməd İsmayıl olandan sonra əmisi qızı deyir:

– O qız səninlə görüşmək istəyir”.

Məmməd İsmayılın cavabı belə olur:

– Məni mənim sevdiyim o 16 yaşlı qızla görüşdürə bilərsənsə, görüşdür, mənim bugünkü qadınla nə işim var?

***

Məmməd İsmayılın Mikayıl adlı bir qohumu aşıq imiş və Məmməd istəyirmiş ki, qohumu onun da şeirlərindən oxusun. Amma aşıq müxtəlif bəhanələrlə oxumurmuş. Sonralar Tovuzun ünlü aşıqları onun şeirlərini Məmmədin xəbəri olmadan məclislərdə oxuyanda qohum aşıq giley edir ki, niyə şeirlərini ona-buna verirsən, öz qohumuna yox. Məmməd Xəstə Qasımın “Ay ağalar, bir tərlanım uçubdu, sağ əlimdən sol əlimə alınca” misralarını söyləyib, sən o tərlanı uçurdun, deyir və qohumuna şeirlərini oxumağı qadağan edir.

***

Məmməd İsmayıl ötən il Rumınyada fəaliyyət göstərən bir qurum tərəfindən Nobel mükafatına namizəd verilir. Lakin talesizlikdən həmin il Nobel Komitəsində qalmaqal olduğu üçün mükafat üçün seçim keçirilmir.

***

O, gözəl şair olmaqla yanaşı həm də ədalətli insan kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayında gənc yazarların yeni namizədinin olmamasını irad tutduğu üçün birliyin rəhbərliyi ilə münasibəti korlanmışdı. Ancaq o, öz mövqeyini müdafiə etmiş, üzvü olduğu birliyin bu nöqsanını mətbuatda da tənqid etmişdi.

***

Məmməd müəllim artıq neçə ildir ki, Türkiyədə yaşayır və Çanaqqala Universitetində işləyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here