“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim…” – VİDEO
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun “Beloçka” günəbaxan tumlarının reklamına çəkilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar bildiriblər ki, R.Mahmudov kimi bir ziyalının günəbaxan tumlarının reklamına çəkilməsi onlar üçün gözlənilməz olub.
Moderator.az-ın əməkdaşı R.Mahmudovla əlaqə saxlayaraq günəbaxan tumlarının reklamına çəkilməsinin səbəbini öyrənib.
R.Mahmudov Moderator.az-a açıqlamasında bildirib ki, bunu yaxınlarından birini həbsdən xilas etmək üçün edib:
“Yerlilərimdən bir nəfər mənim yanıma gəlib dedi ki, ““Ayan MMC” “Beloçka” şirkətinə 21 min manat borcum var. Şirkət də məni məhkəməyə verib və bu yaxınlarda həbs olunacam. Uşaqlarım var, xahiş edirəm gedək şirkət rəhbəri ilə siz danışın, mənə vaxt versinlər, pulu verəcəm”. Mən də yerlimə görə gedib şirkət rəhbərindən xahiş etdim və sağ olsunlar, onlar da sözümü yerə salmadılar.
Şirkətdə olanda gördüm ki, bura təzə avadanlıqlar gətiriblər çəkiliş edirlər. Şirkət rəhbəri də məndən xahiş etdi ki, sən də bizim xahişimizi yerə salma, gəl səni günəbaxan tumlarının reklamına çəkək. Mən də yerlimin həbs olunmaması üçün məcbur olub onların təklifini qəbul etdim. Gördüm ki, uşaqları var, bu həbs olunsa onlara kim baxacaq? Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim. İndi kimi yaxşı, kimi pis deyir, özü bilər. Düzmü və ya səhvmi etmişəm, onu bilmirəm. Adam bəzən kiməsə görə məcbur olur. Sonradan bildim ki, heç yerlim də yaxşı adam deyilmiş. Sən demə, şirkətdən 21 manat dəyərində günəbaxan tumlarını aparıb satıb pulunu da xərcləyib”.