2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.
Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir. Həmçinin, ADR mövzusunın ədəbiyyatda, kinoda bir o qədər də çox işlənmədiyini bir iki-dəfə qabartmışdıq.
Əksəriyyət Cümhuriyyət barəsində son zamanlar yazılan heç bir böyük romanın olmadığını düşünür. Nəinki son zamanlar, ümumiyyətlə, bu məzmunda heç bir romanın olmadığı vurğulanır.
Lakin yazıçı-tərcüməçi  Nəriman Ədürrəhmanlı Moderator.az-a açıqlamasında bunun əksini söyləyir və iki il bundan əvvəl yazdığı “Qurban” romanında Cümhuriyyətə aid xeyli maraqlı məsələlərin işıqlandırdığını bildirib:
“Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Hamısı da tarixi faktlara, hadisələrə söykənir”.
Qeyd edək ki, Moderator.az müəllifin əsərindən Cümhuriyyətlə əlaqəli, yuxarıda adı çəkilən hissələri mətn formasında bir-bir təqdim edəcək.
I Fəsil-Cümhuriyyət elçisi
..Fevralın axırında Peterburqdan çarın taxtdan salındığı, Müvəqqəti hökumətin yarandığı barədə xəbərlər gəldi. O günlərdə Yusif Vəzir sevincindən özünə yer tapa bilmir, yeməyi-içməyi belə unudub şəhərdəki dostlarını bir yerə yığmağa, bundan sonra neyləyəcəkləri barədə məsləhətləşməyə can atırdı. Martın ilk günlərində Bakıda fəhlə-əsgər deputatları Soveti qurulduğu, Müsavatçıların islam-türk, bolşeviklərin Lenin bayrağı altında birləşib hakimiyyətə yiyələnmək uğrunda mübarizəyə başladıqları barədə həyəcanlı xəbərlər almağa başladı. Əlbəttə, belə bir vəziyyətdə əlini əlinin üstünə qoyub sakit otura bilməzdi.
 Seçimi barədə fikirləşməyə ehtiyac da yox idi: tələbələri başına yığıb Türk Ədəmi-Mərkəziyyət – Müsavat firqəsinin Kiyev təşkilatını yaradanda millətinin istiqlalından başqa bir şey düşünmürdü: müharibə, səfalət, anarxiya girdabında boğulan imperiya dağılırdı, nə vaxtdan əsarət boyunduruğu altında zülm çəkən millətlər azad olacaqdılar, bu vəziyyətdə Azərbaycan türkləri də öz müqəddəratlarına sahib çıxmağa hazır olmalıydılar. “Azərbaycan muxtariyyatı” ideyası da bununla bağlıydı, Azərbaycan Koloniyasına da ona görə daxil olmuş, Ukrayna  Millətlər qurultayına bu məqsədlə getmiş, üç əqidə dostuyla Millətlər Şurasında millətini, məmləkətini bu cəbəbdən təmsil eləmiş, təəssüratlarını qələmə alıb “Açıq söz” qəzetinə göndərmişdi…
         Bakıdasa hadisələr ağlasığmaz sürətlə baş verir, elə hey həyəcanlı xəbərlə gəlirdi. Ümumrusiya Sovetlər qurultayında Azərbaycanı təmsil eləyəcək nümayəndələr arasında bircə türk belə yox idi; az sonra Bakıda elan olunan Sovet hakimiyyətinin İcraiyyə Komitəsinə bir türk belə salınmamışdı, Caparidze sədr, Arakelyansa onun müavini idi, Şaumyan ümumi lider rolunu oynayırdı; Xan Xoyski Dövlət Dumasının üzvü seçilsə də, Duma süquta uğradığından yaranmış hakimiyyətsizlikdən Şaumyan və dəstəsi bacarıqla istifadə eləmişdilər.
         Yusif Vəziri ağrıdan bir də bu idi ki, doğmaca əmisi oğlu, uzun illərin dostu, qabilitiyyətinə heyran olduğu Mir Həsən də aradakı səddin o tərəfində, solçuların yanındaydı. Belə görünürdü ki, nə vaxtsa siyasi rəqib kimi üz-üzə gələcəklər, onda necə hərəkət eləyəcəyini indidən kəsdirə bilmirdi.
O ilin son ayında Bakı Sovetinə seçkilər keçirilsə də, hələ vəziyyət çox qarışıq idi: müsavatçılar cəmi 18 yer almışdılar, eserlərin 85, bolşeviklərib 48, daşnakların 36, menşeviklərin 13 yeri vardı, üstəlik, Şəhər Duması, Müsəlmam Milli Şurası, erməni Milli Şurası da hakimiyyətə iddia eləyir, yeni firqələr yaranırdı. Belə bir vəziyyətdə Yusif Vəzir nikbinliuini itirmir, “Açıq söz”ə göndərdyi məqaləsində  arrtıq gələcək milli dövlətin atributları barədə düşünürdü: “Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünaslarımız, Üzeyir Hacibəyov cənabları çalışmalıdırlar.”
       Həmin vaxt Vətənindən gələn xəbərləri həyəcanla izləyirdi. Bakıda sular durulmurdu, milli zəmində nifaqın ilk əlamətləri görünürdü. Artıq bolşeviklərin qırmızı qvardiyası, erməni milli daşnak qvardiyası, rus-slavyanların, menşevik-eserlərin silahlı dəstələri üz-üzə dayanmışdılar, müsəlman könüllüləri Lənkəranda “Dikaya diviziya” yaradırdılar, hərəsinin sıralarında da dörd-beş min  döyüşçü vardı. Müsəlmanlar Alyoşa Caparidzedən tədbir görməyi tələb eləyirdilər, Nərimanovun mənzilində qarşıdurmaya yol verməməklə bağlı Rəsulzadənin və Şaumyanın da iştirak elədiyi yığıncaq olmuşdu, yığıncaqdan sonra Nəriman Nərimanov məscidə gedib camaatın qarşısında çıxış eləmişdi ki, fitnələrə uymasınlar.
          Amma olan olmuş, mart qırğını baş vermişdi. Guya, şəhərdə müsəlmanların bütün rusları qırdıqları barədə şaiyələr ehtirasları qızışdırmiş, şəhər gəmilərdən top atəşinə tutulmuş, belə bir fürsəti gözləyən daşnaklar dərhal kütləvi qətllərə, talanlara başlamış, evlərə od vurmuşdular. On minlərlə adamın həyatı bahasına başa gələn qırğın, nəhayət, səngiyəndən sonra Müsəlman Sosialist Bürosu yaranmış Nərimanov cədr, Mirhəsən Vəzirov katib seçilmişdi. Mirhəsən Bakıda bir müddət müəllimlik eləyəndən sonra inqilabçılara qoşulub gizli tapşırıqla Şuşaya göndərilmiş, Bakıya qayıdıb qəzğın siyasi fəaliyyətə başlamışdı.
         Sonra Stepan Şaumyanın başçılıq elədiyi Bakı Xalq Komissarları Soveti yaradılmış, Mir Həsən də torpaq komissarı olmuşdu. Bakı Sovetinin erməni və ruslardan ibarət dəstələri Nuru Paşanın komandanlıq elədiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsinin qarşısını almağa can atırdı. Yerli türkləri də müqavimətə çəlb eləmək üçün təbliğat aparılması Mir Həsənə həvalə olunmuş, o da iyulun əvvəllərində Bakı Şəhər Dumasının binasında müsəlmanlarla görüşüb demişdi: “Camaat, hər bir ixtiyar ermənilərin əlindədi deyirsiniz. Buna səbəb nədi? Ona görə ki, ermənilər Şura hökuməti “öl” deyəndə “ölərəm”, “diril” deyəndə “dirilərəm” söyləyir. Siz, camaat, belə olsanız, əlbəttə, sizin əlinizdə də ixtiyar olar… Bu gün ermənilər səfərbərliyə çağırılanda canla-başla xidmət etməyə hazır olduğu təqdirdə sizdən ancaq beş-on nəfər səfərbərliyə gəlir”. Mir Həsən, üstəlik, Qafqaz İslam ordusuna yardım filrində olanları da təhdid eləmişdi.
        Amma bütün bunlar fayda vermədi. Hərbi və dəniz komissarı Qriqori Korqanov İrandakı Lazar Biçeraxovun kazk dəstələrini türklərə qarşı vuruşmaqdan ötrü Bakıya dəvət eləməsi də kömək eləməmişdi. Hətta şəhərin müdafiəsi üçün ingilislərə müraciət olunması barədə də qızğın müzakirələr getmişdi. Daşnak-menşevik və eserlər ingilis konsulu MakDonellin rəhbərliyi altında “Sentrokaspi diktaturası” adlanan hakimiyyət yaradıb şəhəri ələ keçirmişdilər, komissarların ixtiyarındasa yalnız Petrov meydanı qalmışdı. İngilislər general Denstervillin komandanlığı altında şəhərə girəndən sonra Həştərxana yola düşmək istəyən komissarları Jiloy adası yaxınlığında həbs eləyib Bakıya qaytarmış, sonra Qızılsuya aparmışdılar. Amma Qafqaz İslam Ordusu “Sentrokaspi diktaturası” qüvvələrinin də, ingilislərin də müqavimətini qırıb sentyabırın 15-də şəhərə girmişdi.
Mayın 28-də istiqlalın elanını göz yaşları içində eşidəndə də, hələlik türklərin azad elədiyi Gəncədə fəaliyyət göstərən Milli hökumətin Kiyev nümayəndəsi olmaq barədə təklif alanda da siyasətin  içində olduğu barədə düşünmürdü, təkcə onu düşünürdü ki, hər kəs bacardığı qədər istiqlala dayaq olmalıdı. Onda qəlbindəki dözülməz ağrı yalnız Mir Həsənin acınacaqlı aqibətilə bağlıydı. Sol eser olan Mir Həsən, vaxtilə Məmməd Əmin Rəsulzadənin yanında olan Məşədi bəy Əzizbəyov bolşevik-daşnak toruna necə düşmüşdülər, nəyə ümid eləyirdilər? O ilin payız günlərinin birində komissarların Qızılsu limanına aparılıb Ağcaqum çölündə güllələndiyini eşidəndə Mir Həsənin taleyinə ağladı.
 Ukraynadasa ortalıq durulmurdu, artıq vətəndaş müharibəsi gedirdi, Bakıyla rabitə kəsilmişdi. Onda işləri müavininə tapşırıb Ağməscidə – Simferopola getmişdi ki, müəyyən dairələrlə əlaqə yaratsın. Amma Krımda da vəzuyyət həddən artıq böhranlıydı. Fevral inqilabından dərhal sonra Numan Çələbiçi xan – Çələbi Çələbiyev və Cəfər Seyidəhməd Bağçasaraydakı xan sarayında birinci Ümumkrım müsəlman qurultayı keçirib qurduqları Müvəqqəti Krım-Müsəlman İcraiyyə Komitəsi və hökumət  bolşeviklərin təzyiqinə cəmi bir neçə ay davam gətirmişdi. Yanvarda matroslar Ağməscidə soxulub dəhşətli qırğın törətmiş, Komitənin sədri və müfti Çələbiçi xanı qətlə yetirib meyitini dənizə atmışdılar, Cəfər Seyidhmədsə Osmanlıya qaça bilmişdi.
          Apreldə almanların tərk-silah elədiyi Birinci Müsəlman Korpusunun komandiri Belorus-Litva tatarlarından olan general-leytenant Süleyman bəy Sulkeviç bir dəstə Polşa və Krım tatarıyla Ağməscidə gəlib çıxdı, görünür, elə almanların razılığıyla da birinci hökumətin başçısı oldu. Qrafdan, knyazdan, kolonistdən, hərbçidən, mülkədardan ibarət olan hökumətdə Sulkeviç həm də hərbi və daxili işlər naziriydi, İstanbuldan qayıtmış Cəfər Seyidəhmədsə xarici işlər naziri təyin edildi.
        Yusif Vəzir Ağməsciddə ağır günlər yaşayırdı. İşləri yoluna qoymaq üçün nə əlindən tutan bir kəs vardı, nə vəsait, nə də yaşamaq imkanı. Hətta səfir təyin olunması barədə etimadnamə belə ona gəlib çatmamışdı, Bakıdan Xarici İşlər Nazirliyinin diplomatik kuryeri onun Kiyevdə olduğunu güman eləyib etimadnaməylə birgə səkkiz min rubl pulu ora aparmışdı. Kiyevsə od içindəydi, kuryerin arxasınca getmək açıq-aşkar ölüm demək idi, heç onun öldü-qaldlsından da xəbıər tuta bilmədi. Dostu Həsən Səbri Ayvazovun köməyilə mümkün işləri görür, amma mənzil və maliyyə problemləri üzündən olmazın əziyyətlər çəkirdi. Hökumət hələ də diplomatik nümayəndə kimi ondan ötrü maaş nəzərdə tutmamışdı, buna görə, hətta kirayə qaldığı evin pulunu belə verə bilmirdi.
  İstanbulda təhsil almış, İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetində yetişmiş, indi “Milliyyət” qəzetinin redaktoru olan Həsən Səbri Yusif Vəzirin yazlıarını  səxavətlə çap eləyir, gündılik ehtiyaclarını ödəməyə yardım göstərirdi. Cəfər Seyidəhmədlə də onu Həsən Səbri tanış eləmişdi. Xarici işlər naziri           əhaliyə pulsuz hüquq məsləhətləri verən ədliyyə direktorluğunda məsləhətçi işləməyi təklif eləyəndə boyun qaçırmadı ki, hər halda, yeni qurulan dövlətə əlindən gələn köməyi göstərər. Az sonra ədliyyə direktorluğunun rəhbərliyi ona həvalə edildi, amma bu da diplomatik nümayəndəsi olduğu dövlətə lazımınca xidmət göstərmək imkanı yaratmırdı: əlinə gələn cüzi vəsait birtəhər yaşamağa ancaq bəs eləyirdi.
         Almanların məğlubiyyəti Krımdakı vəziyyəti tamam dəyişdi: artıq qırmızıların qarşısında duruş gətirmək müşkül idi. Sulkeviç yardım üçün general Denikinə üz tutdu, ondan rədd cavabı alandan sonra, noyabrın ortalarında hakimiyyəti Solomon Krıma verdi. Hökumət cəmi on gündən sonra limana girən müttəfiq donanmasının admiralı Koltropun yanına gedib loyallığını bildirdi, bununla da məsələ həll olundu.
         Yeni ədliiyə naziri kadet Vladimir Nabokovun Yusif Vəzirə münasibəti yaxşıydı, qalıb işləməyini istəyirdi, lakin o artıq Bakıya getməyi qət eləmişdi: daha yollar bir qədər təhlükəsiz idi, Odessadan İstanbula gedən gəmilərin birinə minə bilərdi. Bir neçə həftə sonra general Sulkeviçin yaxın adamlarıyla birgə Bakıya yola düşdüyünü eşidib çox təəssüfləndi: vaxtında onunla təmasa girsəydi, indi yola düşənlər arasında olardı…
        Belə vəziyyətdə də bütün gücünü Azərbaycanın tanıdılmasına sərf eləmişdi, millətin kimliyindən, istəyindən, muxtariyyatından yazmışdı, hamını ayağa qalxmağa çağırmışdı: «Ey ziyalılar! Qafqaziyanın böyük və bərəkətli bir qismi biz Azərbaycan türklərinindir. Burada tоrpağın və mülkün çохu bizim, dövlət bizim, оnda yaşayan millətin çохu bizim, ruhumuzu bəsləyən musiqi və ədəbiyyat bizim… Pəs Allahın о gözəl nemətindən niyə üz döndərirsiniz? Cürət ediniz, iş görünüz! «Müsavat» şöbələrini hər şəhər və kəndlərə yayınız! Durmaq zamanı deyil; bir az səbr eləsəniz gözəl ölkəmiz fut оlub əldən gedər…”
(ardı var)
 
Hazırladı: Elmin Nuri 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here