ümhuriyyət hökumətinin ağır durumda olan Çəmənzəminlini işə qəbul etməsi, Bakının çətin günləri-
2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.
Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir. Həmçinin, ADR mövzusunın ədəbiyyatda, kinoda bir o qədər də çox işlənmədiyini bir iki-dəfə qabartmışdıq.
Əksəriyyət Cümhuriyyət barəsində son zamanlar yazılan heç bir böyük romanın olmadığını düşünür. Nəinki son zamanlar, ümumiyyətlə, bu məzmunda heç bir romanın olmadığı vurğulanır.
Lakin yazıçı-tərcüməçi  Nəriman Ədürrəhmanlı Moderator.az-a açıqlamasında bunun əksini söyləyir və iki il bundan əvvəl yazdığı “Qurban” romanında Cümhuriyyətə aid xeyli maraqlı məsələlərin işıqlandırdığını bildirib:
“Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Hamısı da tarixi faktlara, hadisələrə söykənir”.
Qeyd edək ki, Moderator.az müəllifin əsərindən Cümhuriyyətlə əlaqəli, yuxarıda adı çəkilən hissələri mətn formasında bir-bir təqdim edəcək
Birinci fəsil – dördüncü hissə
 O günlərin birində daha gözləməyin mümkün olmadığını, müttəfiq komandanlığınım icazəni qəsdən yubatdığını görüb başqa yola əl atmaq qərarına gəldi: özünü limanın polis rəisinə “tacir” kimi qələmə verdi, axır ki, onu inandırmağı bacarıb Trabzona yola düşən gəmiyə minə bildi. Heyəti Cahangir bəyə tapşırdı, Batumda qalıb rəsmi icazəni gözləyəcəkdilər – başqa çıxış yolu yox idi.
 Bir bürkülü avqust günü İstanbulda gəmidən enəndə möhtəşəm şəhəri beləcə, pərişan gördü. Boğazda ingilis, fransız, italyan gəmiləri lövbər salmışdılar, bayraqları mehdə asta-asta dalğalanırdı. Limanda rastlaşdığı adamların ovqatı cürbəcür idi: türklər qaşqabaqlıydılar, əcnəbilərə nifrət dolu nəzərlərlə baxırdılar; yəhudilər özlərini ehtiyatlı, bitərəf aparmağa can atırdılar; yunanlar və ermənilər qalibanə görkəmlə addımlayırdılar, hələ ki, himayədarları sayəsində özlərini məmləkətin ağası kimi aparırdılar. Küçələrdə asayişə nəzarət eləyən əcnəbi əsgər-zabitlərə də rast gəldi. Belə vaxtda səfarət nə iş görə biləcəkdi?
       “Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstambul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş…
     Midhəd əfəndi durdu, ayaqlarına bir zəf gəlmişdi; yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı: hər yerdə ingilis polisinə və əcnəbi əsgərinə rast gəldi. Bütün türkləri ac, səfil və sönük çöhrəli gördü… bu fəci mənzərədən acı bir həqarət duydu… «Bu işlər düzəlirmi?» deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi. Divan-yolundan Sirkəçiyə endi; yeni camenin yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şuası boğaza dilfirib bir  süs vermişdi – mavi dalğaların içində cilvələnirdi. Əzəmətli Dolma-Bağça sarayı sönmüş bir qürur ilə önündəki yunan zirehlisinə tamaşa etmədə idi. Bəyoğlu başdan-başa yunan və əcnəbi bayraqları ilə donanmışdı… Midhəd əfəndi gözlərini yumdu, başını çevirdi. Qarşıdakı Üsküdar xaraba bir qəbiristanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü – ingilislər meşələri millətçilərə məskən olmasın deyə yandırırmış…
     Sağ tərəf mənzərəsi daha acı idi: gözəl Gülxanə bağçası viranəyə dönmüşdü. Çiçəkliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı. “
       Yusif Vəzir yeddi il sonra üzə çıxaracağı “Zeybək qızı” hekayəsində o kədərli günlərdə gördüklərini bu cür təsvir eləyəçəkdi.
      Bununla belə, tanamilə ruhdan düşmək niyyətində də deyildi. “Aləm İstanbuldadır: siyasi iplərin ucu, əfkari-ümumiyyənin gözü… hamısı buradadır… Hansı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmağı bacarmayan bir millət həmişə əzilər”. Bu da onun fikriydi.
        …Sultan Vahidəddinin taxta çıxmasından bir il keçməmişdi ki, artıq dördüncü hökumət qurulmuşdu. Sultanın yavəri Əhməd İzzət Paşanın kabinəsini Tevfik Paşanın iki kabinəsi əvəz eləmişdi, indi bir ay idi ki, Damad Fərid Paşanın hökuməti qurulmuşdu. Hökumətə müvafiq xariciyyə nazirləri də bir-birini əvəz eləyirdi: nazirlər yerlərini isitməmiş adlarının əvvəlinə “sabiq” sözü əlavə olunurdu. İlin əvvəlindən Mustafa Rəşid Paşa, Yusif Franko Paşa, Damad Fərid Paşa bir-birlərini əvəz eləmişdilər, hələ ki, Damad Fərid Paşa hökumətində xariciyyə vəkili kreslosunda Mustafa Rəşid Paşa bəy otururdu, etibarnaməsini də yəqin ona təqdim eləyəcəkdi. Sultan Vahidəddin yəqin ki, indiki vəziyyətində Azərbaycan Cümhuriyyəti elçisini qəbul eləmək iqtidarında deyildi.
       Yola düşməzdən əvvəl xariciyyə naziri Məmmədyusif Cəfərovla görüşmüşdü. Nazir hər şeyə rəğmən Sultanla görüşə cəhd göstərməsini, İstanbulda baş verən hadisələr barədə vaxtında və müfəssəl məlumat göndərməsini tövsiyə eləmişdi. Əlbəttə, buna cəhd göstərəcəkdi. Amma hələlik özü belə hadisələrdən baş açmaqda çətinlik çəkirdi. Görünür, Sultan məmləkətin düşdüyü vəziyyət müqabilində məsuliyyətini yaxşı dərk eləyirdi, müttəfiq qüvvələrilə millətçilər arasında qalmışdı – müttəfiqlərlə ehtiyatlı dolanmağa, millətçilərin məmləkəti qurtarmalarına şərait yaratmaşa çalışırdı. Bütün bunları o ilk günlərdə oxuduğu qəzetlərdən, eşitdiyi söhbətlərdən dərk eləyir, vəzifəsinin icrasına başlayanda neyləyəcəyini düşünürdü.
***
        Bakıdan gələn xəbərləri  diqqətlə izləyirdi. Məmmədbağır bəy öz ərizəsilə Əksinqilabla Mübarizə Təşkilatının rəhbərliyindən istefa vermiş, yerinə “Difai” zamanından bu işlərdə böyük təçrübə toplamış qardaşı, Müsavat Partiyasının üzvü Nağı bəy təyin edilmişdi. Əvvəllər denikinçilərə qarşı mübarizə aparan təşkilat indi fəaliyyətini bolşevik təhlükəsinə və ölkədə təxribatlar törədən daşnaklara qarşı yönəltmişdi. Görünür, bu xəmir hələ çox su aparacaqdı..
Avqustun axırlarında Məclisi-Məbusanın qiraət zalında Seyid Hüseyn Sadıq Əfəndinin rəhbərliyilə “Yaşıl qələmlər” cəmiyyəti təsis olunmuşdu. İnandığı, hörmət elədiyi qələm adamlarının çoxu – Məmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Uzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəfbəy Vəzirov, Salman Mümtaz, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Almas Yıldırım, Mirzəbala Məmmədzadə, Əlabbas Müznib… o yeniyetmə oğlan – Mikayıl Rəfizadə həmin cəmiyyətin üzvüydülər, “Yaşıl yarpaq” adlı məcmuə buraxmağa hazırlaşırdılar. Əlbəttə, belə bir məqamda onların arasında olmaq, darıxdığı qaynar ədəbi həyatda iştirak eləmək, kağıza köçürmək istədiyi mövzulara qayıtmaq istəyirdi, amma tale yolunu yenə Vətəndən uzalara salmışdı.
       Payızın əvvəllərində də  başqa bir dəstənin yığışıb “Qızıl qələmlər” cəmiyyəti təsis elədiklərindən xəbər tutdu. Əliheydər Qarayev, Ağababa Yusifzadə, Bayraməli Abbaszadə, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir, Salman Nərimanov… kimi solçular Seiyd Cəfər Pişəvərinin başçılıq elədiyi bu cəmiyyətdə yığışmışdılar,  “Məşəl” adlı satirik məcmuə buraxmağa hazırlaşırdılar. Hətta deyilənə görə, artıq Cəfər Cabbarlını, Mikayıl Müşfiqi, Almas İldırımı da öz tərəflərinə şəkə bilmişdilər.
       Deməli, ölkədə ideoloji qarşıdurma kəskinləşirdi, hələ milli düşüncənin tam qələbəsindən danışmaq olmazdı…
       Axır ki, o günlərdə heyət gəlib İstanbula yetişdi. Səfarətin birinci katibi Zeynal bəy İstanbulda iki dəfə olmuşdu, şəhərə bələdliyi vardı. Yer-yurd düzəldənəcən Sirkəçidə münasib müsafirxana tapdı, iki günlüyə orda yerləşib kirayə bina axtarmağa başladılar. Bu işi elə Zeynal bəyə tapşırdı, mümkün qədər Topqapıya –  Babi-Aliyə yaxın yerdə bina tapmağın vacib olduğunu dönə-dönə söylədi: cərəyan eləyən hadisələrə yaxın olmaq, Sarayla rahat əlaqə saxlamaq vacib idi. Özü Cahangir bəylə elçi təyin olunması barədə vəkalətnaməsini Babi-Alidə xariciyyə vəkilinə nə vaxt təqdim eləyə biləcəyini aydınlaşdırmaqla məşğul oldu. Bundan ötrü Cahangir bəy xariciyyə vəkilinin məqamına getməli, bunun nə vaxt münasib olacağını dəqiqləşdirməliydi.
       Cibində səfarətin xərcləri üçün ayrılmış əlli min franklık çek, qəlbində ağlagəlməz səksəkə vardı. Hey bu məbləğə səfarəti neçə ay yola verə biləcəyini hesablayırdı. Binanın kirayəsinə, özüylə birgə yeddi nəfərin məvacibinə, qeyri xərclərə ayrılan məbləği çıxanda məlum olurdu ki, ən yaxşı halda altı ay tab gətirərlər. Vəziyyət bir qədər aydınlaşan kimi, Bakıya – xariciyyə nazirinə, ya da hökumət başçısına çətinliklərini bildirməliydi. Özünə ayrılmış ayda üç min frank məvacib ilk baxışda sanballı görünürdü: bu məbləğə əvvəlcə özünə abırlı paltar almalıydı, olub-qalanı yollarda əldən çıxmışdı: dövləti təmsil eləyən, hökumət adından cəmiyyət arasına çıxan kəsin geyim-keçiminə, görkəminə fikir verməməyə haqqı yox idi; üstəlik, mümkün qədər abırlı ev kirayələməli, qulluqçu tutmalıydı – təbii ki, təkcə məqamına yox, evinə də gəlib-gedən olacaqdı, ölkəsinin keçirdiyi maddi sıxıntını kimsə  bilməməliydi, bu da diplomatiyanın incəliklərindən biriydi.
       Cahangir bəyi Kiyevdən tanıyırdı, hüquq təhsilini iki il ondan sonra başa vurmuşdu. Haqq üçünə, nə Nəsib bəy, nə xariciyyə naziri səfarət heyətinin seçilməsinə qarışmışdı, elə Zeynal bəyi də, digər katib Mirzə Qədiri də özü seçmişdi, təkcə əməkdaşların və kuryerin məsələsilə ciddi maraqlanmamışdı, həmin dörd nəfəri sərəncamına göndərmişdilər, o da etiraz eləməmişdi. Zeynal bəy Peterburqda təhsil almışdı, Bakıya ayaq basmamışdan tanış idilər, qabiliyyətinə, savadına bələd idi.
       Sirkəçidəki müsafirxananın sahibi Xeyri əfəndi gəlişlərinin səbəbini bilib sevinmişdi, yerbəyer olub, nahar eləyib bir qədər dincələndən sonra hörmətini bildirmək üçün otağına gəldi:
       “Sizi görməyimə şadam, – dedi, – qardaşlarımızın azadlığa çıxmaları bizə də ümid verir. İnşallah, bu yabançılar məmləkətimizdən tezliklə rədd olub gedəcəklər, asudə nəfəs alacağıq”.
        “Əlbəttə, əlbəttə, Xeyri əfəndi, yəqin çox çəkməz. Hər bir millətin öz taleyinin sahibi olmağa haqqı var”.
        “Qardaşım oğlu Nuru Paşa qoşunuyla Bakını qurtarmağa sevinə-sevinə getdi. Hələ də harda olduğunu bilmirəm…” – Xeyri əfəndinin səsi titrədi.
        “Sağ-salamat qayıdar, toxtaq olun, – əlini onun çiyninə qoydu, inşallah, işə başlayan kimi onun barəsində səhih xəbər öyrənməyə çalışıram”.
        “Allah sizdən razı olsun, – Xeyri Əfəndi bir qədər rahatlandı, – nə arzunuz olsa, qulluğunuzda hazıram”.
        Elə Xeyri Əfəndinin tövsiyəsi üzrə də səhəri gün Cahangir bəylə Qapalıçarşıya getdilər, müsafirxana sahibinin tanışı öz dükanında ikisini də bəh-bəhlə geyindirdi, qiymətdə də çox çənə-boğaz eləmədi, alveri hər iki tərəfə sərf eləyən qiymətlə başa vurdular. Cahangir bəy əsa gəzdirməyə öyrəşməmişdi, ancaq məsləhətə qulaq asdı: məsələ cavanlıqda deyildi, əsa adamı daha kübar göstərirdi.
        Otuz iki yaşındaydı, Kiyevdə, Krımda səfirliyindən sonra Osmanlı imperiyasına elçi göndərilmişdi. İndi dünyanın qəlbi burda – İstanbulda döyünürdü. Zəifləmiş, gücdən düşmüş imperiya, aciz sultan, yunanların, ermənilərin, kürdlərin, ərəblərin göz dikdikləri, ingilislərin, fransızların, italyanların ağalıq elədikləri, rusların maraq göstərdikləri məmləkət – Fatih Mehmet Sultan zamanından bəri ən faciəvi günlərini yaşayırdı. Qurulan hökumətlər yıxılır, məclislər hərc-mərclik yuvasına çevrilir, millətçilər içdən korun-korun yanırdılar. Belə bir vaxtda, az qala, eyni taley yaşayan, erməni-bolşevik təhdidinə, terroruna, solçu firqələrin daxildəki dağıdıcı fəaliyyətinə qarşı müqavimət göstərən məmələkətinin səsini dünyaya çatdırmaq üçün bütün çətinlikləri nəzərə almalıydı.
        Müsafirxanadakı otağının pəncərəsindən Qalata körpüsü, lövbər salmış, boğazdan keçən gəmilər, qayıqlar, bir az uzaqlarda Qalata qülləsi görünürdü. Yazı-pozudan çoxdan ayrılmışdı, Bakıda və Batumda qaldığı günlərdə bütöv bir şey yaza bilməsə də qeydlər aparır, yadında qalan hadisələri, təfərrüatları, xarakterləri kağıza köçürürdü. Yəqin belə getməyəcəkdi, hər iki məmləkətdə əmin-amanlıq, asayiş bərqərar olacaqdı, onda o qeydlər karına gələcəkdi. Yazmaq imkanı yaransa belə, hələ istədiklərini yox, vacib saydıqlarını qələmə almalıydı.
 
Hazırladı: Elmin Nuri

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here