“Məhz Tbilisi mənə uşaqlıqdan millətlər arasında fərqi görməməyi öyrədib”

Bu gün dünya şöhrətli müğənni, Azərbaycan və SSRİ-nin Xalq artisti Rəşid Behbudovun anadan olmasından 105 il ötür. Böyük sənətkar 1915-ci ilin dekabrın 14-də Tbilisidə anadan olub. Məşhur tbilisili vəfatından bir il öncə – 1988-ci ilin aprelində “Veçerni Tbilisi” qəzetinə müsahibə verib. “Gürcüstanı unutmaq – özümü unutmaq deməkdir!” sərlövhəli müsahibənin yer aldığı qəzet nömrəsi Gürcüstanın Milli Parlament Kitabxanasının arxivində saxlanılır. Arxivdə R.Behbudova aid bir neçə fotoşəklə də rast gəlinir.

“Report”un Gürcüstan bürosu təkrarolunmaz ifaçının müsahibəsində yer alan maraqlı fikirləri və arxiv fotoşəkilləri təqdim edir.

Gürcü müxbirin R.Behbudovla Bakıda apardığı səmimi söhbət bu sözlərlə başlayır: “Onun bütün nəğmələrinin heyrətamiz taleləri var. Onlar səslənən kimi xalq arasında sevilir və populyar olur. Hazırkı və yaşlı nəsil arasında “Sevgilim” mahnısını oxumayan olmayıb. Yalnız oxumurdular, Rəşid Behbudovun ifasına bənzətmək üçün bacardıqları qədər çalışırdılar.

Tbilisidə afişalarda məşhur azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun komediyasının motivləri əsasında rejissorlar Rza Təhmasib və Nikolay Leşenkonun çəkdiyi “Arşın mal alan” filminin nümayişinin başlaması barədə məlumatlar yer alan zaman ekran əsərinə baxmağı arzu edənlərin sayı minlərlə idi! Bilet üçün növbələr səhər tezdən tutulurdu. Əsgərin partiyasını tbilisili Rəşid Behbudov ifa edirdi.

Müsahibə zamanı qastrol turnelərindən söz açan R.Behbudov dünyanın 59 dilində mahnı ifa etməsindən fəxr duyduğunu deyir. “Yaradıcılığım dövründə dünyanın yarısını gəzmişəm. Elə bir hal olmayıb ki, qastrola dəvət olunduğum ölkədə oranın dilində bir mahnı ifa etməyim. Xatirimdədir, Hindistana ikinci səfərim öncəsi 48 saat ərzində, demək olar ki, gözümü yummadan urdu dilində Hindistanın himnini öyrənirdim. İfanı bitirəndən sonra konsertdə iştirak edən Cəvahirləl Nehru (Hindistanın dövlət və siyasi xadimi (1889-1964) – red.) dedi: “Cavab ver, amma düzünü söylə, sənin damarlarında hindi qanı axmır ki?….” Hesab edirəm ki, millətə hörmət onun dilinə hörmətdən başlayır. Hindistana qastrollara hazırlaşarkən yalnız urdu deyil, hindi və kanari dillərində də mahnılar öyrənmişdim. Yeddi dialektdə mahnı ifa edirdim. Yadımdadır, konsertlərdən birindən sonra biz – sovet ittifaqından olan bri qrup incəsənətçi respublikanın baş nazirinin təşkil etdiyi nahara dəvət olunmuşduq. Süfrəyə plov veriləndə, cənab Nehru adətə uyğun olaraq onu əllə yeməyə başladı. Mən söylədim ki, bizim respublikada da plovu yalnız belə yeyirlər. Buna cavab olaraq Nehru “plovu qaşıqla yemək, qıza sevgini tərcüməçi vasitəsilə etiraf etməyə bənzəyir” dedi.

Müxbirin Tbilisinin müğənninin səyahətlərində xüsusi yer tutması ilə bağlı fikrinə o, “Tbilisini unutmaq, Gürcüstanı unutmaq – özümü unutmaq deməkdir!” – cavabını verir: “Tbilisidə böyümüşəm, iki faytonun qarşılaşa bilmədiyi Xarpuxinin kiçik küçələri mənə dünyanın geniş prospektlərindən daha əzizdir. Mənə elə gəlir ki, məhz Tbilisi mənə uşaqlıqdan dörd dildə danışmağı, millətlər arasında fərqi görməməyi, insana onun gürcü, erməni, rus və ya azərbaycanlı olmasına görə deyil, insan, nəcib və vicdanlı olmasına görə hörmət etməyi öyrətdi. Atam əslən qarabağlı Məcid Behbudov da bunu təkrarlamağı sevirdi. O, tanınmış muğam ifaçısı – xanəndə idi. Yaxşı yadımdadır, o zaman Peskidə – ötən il Tbilisinin “Fəxri vətəndaşı” adı ilə təltif olunduğum yerdə – yaşadığımız evə böyük insan kütləsi toplaşardı. İfa saatlarla davam edirdi, qonşularımız atamı saatlarla dinləyərdi”.

Atam mənim mahnılarımı qəbul etmirdi, çünki gənclik illərimdən avanqardizmə meyllənirdim. Atama “Arşın mal alan” filminə baxmaq qismət olmadı. Onun məni Əsgər rolunda görməsini çox arzu edirdim… Film bir çox dillərə tərcümə olunub. Ekran əsəri indi sadə, müəyyən qədər primitiv görsənir. Lakin buna baxmayaraq, bizim Əsgər demokratdır. Xidmətçilər Vəli və Telli ailənin bərabərhüquqlu üzvləridir. Əbəs yerə deyil ki, üç toy eyni gündə qeyd olunur. Film çox gözəl komediya kimi parlayıb”.

R.Behbudov aktyor uzunömürlülüyünün sirlərini də bölüşüb: “Nə sirr olacaq? Mən səhnədən getmirəm, teatrla yaşayıram, elə buna görə də qocalmağa vaxtım yoxdur. Teatr mənim həyatım, ən sevimli övladımdır. Məşqlərdə mənim tələbkar olduğumu və irad tutduğumu deyirlər, mənimlə çalışmağın çətin olmasından şikayətlənirlər. Fikirləşirəm ki, burada həqiqət var. Lakin mən proqramın hər bir nömrəsinin parıltıya qədər cilalanmasını çox istəyirəm”.

İfaçı Pakistana qastrol səfəri ilə bağlı xatirələrini də danışıb: “Biz Karaçiyə çatanda məlum oldu ki, konsertə gəlmək istəyənlərin sayı o qədər çoxdur ki, onların yerləşməsi üçün uyğun zal yoxdur. Zalı bizim birbaşa iştirakımızla qurdular. İnşaatçılar şəhərin mərkəzində yer müəyyən etdilər və iki gün ərzində daşlardan 10×15 metr ölçüdə səhnə meydançası quraşdırdılar. Betonla möhkəmləndirilən səhnənin ətrafına bambuklardan kontur işarələndi, daha sonra meydança qalın parça ilə örtüldü. Nəticədə xalçalarla döşənmiş qeyri-adi çadır əmələ gəldi”.

Müsahibənin sonuda R.Behbudov yerlilərinə ürək sözlərini çatdırır: “Onları çox sevirəm. İndi də konsertlərdə çıxış edərkən sevimli mahnım olan “Genatsvale”ni mütləq ifa edirəm. Hesab edirəm ki, dinləyiciləri doğulduğum və böyüdüyüm torpağın melodiyası ilə məhz bu cür tanış edirəm”.

Xatırladaq ki, bənzərsiz ifaçı Tbilisinin “Fəxri vətəndaşı” adına 1987-ci ildə layiq görülüb. R.Behbudovun xatirəsi doğma şəhərində bu vaxtadək ona layiq formada əbədiləşdirilməyib. Tbilisinin mərkəzi və qədim Şeytanbazar məhəlləsində dünyaya göz açan məşhur tbilisilinin adı 2017-ci ildə şəhərin yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsindəki küçələrdən birinə verilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here