Bizimsesimiz.info // Özlərini dünyanın ən qədim xalqlarından biri olaraq görən çeçenlərin Rusiya ilə münasibətləri çarlıq dönəminə qədər uzanır. Cənuba doğru genişləmə siyasəti çərçivəsində Rusiya ilə Çeçenistan arasındakı gərginlik 18-ci əsrin sonlarından başlayıb. Bu illərdən etibarən Çeçenlər Şeyx Mansur, Şeyx Şamil kimi liderlərin başçılığı altında üsyan hərəkatlarına qatılıblar. Lakin bu üsyan hərəkatlarının ən güclüsü 20-ci əsrin sonunda oldu. Əsrlər boyu bir ovuc xalq, nəhəng imperiya tərəfindən zülmlərə məruz qaldı. Çeçenlər dəfələrlə müxtəlif yerlərə sürgün edildi. Bu sürgünlərdən birini də Stalin etdi. Stalinin əmri ilə 1944-cü ilin 23 fevralında 800.000 çeçen evlərindən çıxarılaraq Qazaxıstana və Sibirə sürgün edildilər.

Cövhər Dudayev
Evlərini, əşyalarını buraxıb getmək məcburiyyətində qalan bu insanlar 13 il boyunca sürgündə yaşadılar. Həmin dövr ərzində Çeçenistana ruslar yerləşdirildi. Bu yolla çeçenlər xəritədən silinməli idi. Amma Stalin bunu bacara bilmədi. Stalinin sürgün elədiyi 800.000 insanın içərisində Cövhər adlı bir uşaq da var idi. Sürgün dövründə Cövhər anasının qucağında 15 günlük bir körpə idi. Bəlkə də, Cövhər sürgündə olan ən kiçik körpə idi. Soğuq hava şəraiti səbəbindən sürgün edilənlərin demək olar ki, yarısı həyatını itirdi. Amma kiçik Cövhər möcüzə nəticəsində hələ də sağ idi. Günahkar olaraq doğulan Cövhər, Qazaxıstanın Çimkənt şəhərində 13 il yaşadı. O, anasının və atasının danışdığı Çeçenistanı həmişə yuxularında görərək böyüdü. 13 yaşında olan bu uşaq hələ öz doğma torpağını görməmişdi.
Qanlı diktator Stalinin ölümündən sonra imperiya, çeçenlərin haqsızlığa məruz qaldığını qəbul etdi və onların öz doğma torpaqlarına geri dönmələrinə icazə verildi. 1957-ci ildə reallaşan geri dönüş karvanına, Cövhər və ailəsi də qatıldı. 13 il əvvəl Stalinin ağlına da gəlməzdi ki, onun sürgün etdiyi 800.000 insanın arasından bir nəfər çıxacaq və Rusiyaya sözün əsl mənasında qan udduracaq. 13 yaşlı Cövhər və ailəsi onların evlərinə yerləşmiş rusları qovdular. Öz doğma torpağı ilə tanış olan Cövhər, illər sonra imtahanlardan uğurla keçdi və Tambov Hava Hərb məktəbinə daxil oldu. Məktəbi uğurla bitirən Cövhər, Sovet ordusunda gənc bir pilot olaraq xidmətinə başladı. Öz işində dürüstlüyü və bacarığı sayəsində Cövhər, qısa zamanda yüksəlməyə başladı. Cövhər daha sonra çox əzablı həyatını bölüşəcəyi Alla Dudayeva ilə evləndi. Alla, çeçen deyildi. Amma Cövhərin ölümündən sonra qürurla həyatını sürdürməsi bu gəlinin Çeçen adət ənənələrinə bağlı olduğunu göstərirdi. İllər keçmişdi və Cövhər öz vəzifəsində yüksəlmişdi. 1989-cu il idi. Sovet sistemində artıq ilk çatlar görünməyə başlamışdı. Qarbaçovun tətbiq etdiyi “Qlasnost” və “Prestroyka” siyasətləri kommunizmə gün saydırırdı. 1991-ci ilin sonunda gözlənən son, reallaşdı və Sovet imperiyası çökdü.
İmperiyanın çöküşü öncəsi Cövhər, artıq general rütbəsinə qədər yüksəlmişdi. O, Estoniyada xidmətinə davam edirdi. General Estoniyada xidmətdə olduğu bir zamanda, stadionda keçirilən bir tədbirdə estoniyalı gənclər, Eston bayrağı açaraq azadlıqlarını elan etdilər. Sovet ordusunda general olan Cövhər, bu hərəkəti normal qarşıladı. Daha sonra generala bu tip aksiyalara müdaxilə etmək əmri verildi. Lakin general müdaxilə etmədi və estonlar arasında xeyli hörmət qazandı. Estoniyadakı bu hadisələr zamanı Cövhərin öz ölkəsində – Çeçenistanda hərəkətli günlər yaşanırdı. Moskva generalın itaətsizliyini həzm edə bilmədi və Cövhəri cəza olaraq Qroznıya göndərdi. Cövhər Dudayev 1990-cı ilin may ayında öz vəzifəsindən istefa verdi. Dudayev 1990-cı ildə toplanan Çeçen Xalqının Qurultayına dəvət edildi və daha sonra “Çeçen Xalq Konqresi” adını alan bu xalq məclisinin idarə heyətinə sədr seçildi. 1991-ci ildə keçirilən seçkilərdə Cövhər Dudayev 85% səs toplayaraq Çeçenistanın prezidenti seçildi. Bundan sonra Ruslara qaşı “çeçen mübarizəsi” başladı. Yenidən ayağa durmağa cəhd edən Rusiya, Çeçenistanda baş verənlərə bir müddət sonra əl uzatdı. Rusiya Cövhər Dudayevə qarşı olan müxalif qrupları gizli formada dəstəklədi. Dövlət, çeçenləri bir-birinə qırdıraraq sonda xilaskar kimi bölgəyə girməyi planlaşdırmışdı. Lakin uzun müddət Sovet ordusunda xidmət etmiş Dudayev, Rusiyanın bu planından xəbərdar idi və bu plana qarşı addımlar atdı. 1994-cü ilin sonunda isə rusların Çeçenistanda başlatdığı işğal və soyqırım hərəkətlərinə qarşı Cahar Dudayev “Son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz” deyərək xalqını “cihad”a səslədi. Rusiya müdafi naziri həmin dönəm çeçen terrorçuların cəmi 2 saata məhv ediləcəyini dedi.

Cövhər Dudayev
Lakin Dudayevin liderliyindəki çeçen xalqı, 2 ilə yaxın bir müddətdə şanlı bir azadlıq mübarizəsi apardı. Rusiya müdafiə nazirinin 2 saata hər şey yoluna qoyulacaq dediyi məsələ, 2 il çəkdi və sonda 1996-cı ildə Çeçenistan ruslardan təmizləndi. Dudayev Qafqaz tarixində yeni bir səhifə açdı. Lakin bu sevinc uzun çəkmədi. Bir neçə ay sonra Cövhər Dudayev öldürüldü. Cövhər Dudayev öldürülməmişdən əvvəl Türkiyə baş naziri Nəcməddin Ərbakanla görüşmüşdü. Baş nazir Dudayevə “Nec immersat-m” telefonu hədiyyə etmişdi. Elə bu telefon da onun sonu oldu. İddialara görə həmin telefon vasitəsiylə Cövhər Dudayevin yeri öyrənilirdi. Baş nazir Nəcməddin Ərbakanın bütün planlardan xəbərsiz olduğu deyilirdi. Dudayevə hədiyyə edilmiş bu telefon vasitəsiylə onun yeri CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən öyənildi və məlumatlar KGB-yə ötürüldü. Lakin məlumatın tam əldə edilməsi üçün telefonun uzun müddət siqnal göndərməsi lazım idi. Bunun üçün tək bir şey lazım idi. Dudayevin telefonu bir müddət məşğul olmalı idi. Bu vəzifəni də yüksək rütbəli biri həyata keçirdi. Dudayevlə baş tutan telefon danışığı uzun çəkdi. C.Dudayevin yeri tam öyənildi. Əldə edilmiş kordinata raket atəşi gerçəkləşdirildi. 21 aprel 1996-cı ildə əsgərlərlə görüşdən qayıdan Cövhər Dudayev öldürüldü. Cövhərin öldürülməsinə baxmayaraq çeçenlərin mübarizəsi bitmədi. Bu müharibə illərlə sürdü. Ölkədə hal-hazırda yaşayan çeçenlər, artıq hər əlli ildən bir mübarizənin yenidən baş qaldıracağına inanırlar. Çeçenlərin qəhrəmanı Cövhər Dudayev ölsə də, onun qurduğu sistem bir müddət yaşadı. Dudayevin həyat yoldaşı Alla Dudayeva isə qürurla həyatını davam etdirdi və həyat yoldaşı haqqında “Milyon birinci” adlı kitabını yazdı.

Mənbə: Bizimyol.info

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here