“Qiymət artımı ilə bağlı vəziyyət ağırdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli çörəyin qiymət artımını şərh edərkən deyib. Onun fikirincə, çörək həssas məhsul olduğundan insanlar başqa malların bahalaşmasından daha çox çörəyin bahalaşmasına reaksiya verir:

“Mən çörəyin qiymətinin sabit qalmasını doğru saymıram. Çünkü çörək istehlakı ailənin büdçəsində çox az hissəsini təşkil edir və ondan daha çox bahalaşan digər məhsullara adekvat reaksiya verilmir. Çörəyin qiymətinin sabit qalması, bahalaşmasının qarşısını inzibati yollarla almaq cəhdləri həmişə olub. Bunu doğru hesab etmirəm, bu, bazar iqtisadiyyatına müdaxilədir. Bazar istisadiyyatında iqtisadi proseslərə hökumətin müdaxiləsi yersizdir. Hesab edirəm ki, hökumət səbəbləri aradan qaldırmalıdır”.

Azərbaycanda çörəyin qiymətinin bahalaşmasına gəldikdə isə Nazim Bəydəmirli bildirib ki, ölkəyə ərzaq buğdası idxal olunur:

“Ərzaq buğdasını biz əsasən Rusiyadan idxal edirik. Bu ilin əvvəlindən Rusiyada aksiz vergisi tətbiq edilib və bu səbəbdən bahalaşması bazarın tələbidir. Ancaq bunun inzibati yollarla saxlanılmasını doğru saymıram. Hesab edirəm ki, bu, sahibkarlara təzyiq mexanizmidir, iqtisadiyyatın inzibati yollarla tənzimlənməsi siyasətidir. Ancaq onunbahalaşmanın qarşısının alınmasının normal metodları var. Çörək undan istehsal olunur, un da buğdadan. Hökumətin daxildə apardığı siyasət, yəni un istehsalçılarına dəstəyi ona gətirib çıxardır ki, una əlavə dəyər vergisi alınmır, ancaq buğdaya əlavə dəyər vergisi alınır. Guya bununla nəyisə tənzimləyirlər. Ancaq müxtəlif istehsalçılar var, məsələn, elə Rusiyanın özündən də Azərbaycana un ixrac edə bilərlər. Bu baxımdan unun qiymətini stabil saxlamaq olar. Hökumətin iqtisadçıları və Nazirlər Kabinetinin başbilənləri bu sadə prinsipi qəbul edib başa düşə bilmirlər. Ona görə həm daxildə monopolistlərə dəstək verirlər, həm də buğdanın əlavə dəyər vergisindən azad etməmək və unu əlavə dəyər vergisindən azad etməklə iki dəfə yerli “inhisarçılar”a şərait yaradırlar. Ancaq istehsalçıları, vətəndaşları düşünmürlər” .

Qeyd edək ki, Azərbaycanda bəzi firmalar çörəyin qiymətini bahalaşdırıb. Konkret olaraq bahalaşma iki firmanın – “Çörəkçi” və “Nömrə 1”-in məhsullarında özünü göstərib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here