Bizimsesimiz.info // Azərbaycan xalqı 70 ilə yaxın bir dövrdə işğal gününü bayram kimi qeyd etməyə məcbur edildi. 98 il əvvəl, 1918-ci il aprelin 28-də Sovet Rusiyasına məxsus 11-ci Qızıl Ordu Bakıya hücum çəkərək şəhəri ələ keçirir. Bu yolda sovet işğalı aydındır. Lakin çox təəssüf ki, Azərbaycanlı adını daşıyan bir qrup insan bu işğalın aparıcı siması olaraq öz vətəninə, öz xalqına xəyanət etdilər. Bu insanları tanımağa və onların işğalda oynadığı rolu müəyyən etməyə çalışaq.

Bu işğalın əsas yardımçılarının başında gələn şəxslərdən biri Çingiz İldırımdır. O Çingiz İldırım ki, Qarabağda məşhur bəy nəslindən olsa belə özünü çox sadə aparır, xalqa bir qədər yad olan və qeyri-adi görsənən çərkəz geyimində gəzirdi. Bu geyim formasına həmin dövrdə əsasən Şimali Qafqaz ərazisində təsadüf olunurdu. Xosrov paşa bəy Qarabağın general-qubernatoru təyin edildikdən sonra Çingiz İldırımı da qubernatorluğun şura üzvü təyin edir.

1919-cu ilin yayında artıq Cümhuriyyətin donanması formalaşmağa başlayır və hökumət donanma komandanlığını qubernator ərazisindəki silahlı üsyanların yatırılmasında ad çıxarmış və yüksək təhsilli biri olan Çingiz İldırımı təyin etmək qərarına gəlir. Ancaq Qarabağda olarkən Həştərxandakı bolşeviklərlə əlaqə saxlayan İldırım bu əlaqəni daha da gücləndirir. Cumhuriyyətin ordusu Qarabağ və Zəngəzurda erməni qiyamlarını yatırmaqla məşğul olduğu halda Çingiz İldırım Bakıda vətəninə xəyanət edərək hakimiyyətin bolşeviklərin əlinə keçməsi üçün çalışırdı.

1920-ci il aprelin 27-də o, “Qafqaz” gəmisində saxlanılan silah-sursatı bolşeviklərin tərəfinə keçmiş matros və fəhlələrə paylayır. Onun planına əsasən əməliyyat yeddi hərbi gəmidən ibarət idi. Çingiz İldırım aprelin 26-dan 27-nə keçən gecə vəzifəsindən sui-isdifadə edərək Cümhuriyyətin Bayıldakı bütün sahil toplarını ələ keçirib Nargin adasındakı qoşunların Bakı ilə əlaqəsini kəsir.Təcrübəli strateq və hərbçi olan bu insan var qüvvəsi ilə vətəninə xəyanətin içərisində idi. Aprelin 27-si səhər tezdən onun başçılıq etdiyi hərbi dəstələr qəflətən Bakıdakı zabit məktəbinə daxil olub bütün şəxsi heyəti tərk-silah edirlər. Daha sonra isə onlar Bayıl fəhlələrini də silahlandırıb özlərinə qataraq Bayılda yerləşən birinci polis idarəsi və hərbi bazaları ələ keçirib, Bayıl həbsxanasındakı bütün məhbusları azad edərək onlara da silah paylayıb öz tərəfinə çəkdilər. Burada saxlanılan məhbusların əksəriyyəti üsyançı qüvvələr idi və bunun da nəticəsində onun rəhbərlik etdiyi böyük bir silahlı dəstə yaranır. Onlar ələ keçirdikləri yerlərdə və gəmilərdən üçrəngli bayrağımızı çıxardaraq əvəzində qırmızı sovet bayraqları asırlar.

Səhər saat 10-da bütün gəmilər onun əmri ilə Bayıl buxtasına daxil olub toplarının ağzını Cümhuriyyət hökumətinin və parlamentinin yerləşdiyi binalara tuşlayaraq onları hədəfə aldılar. O, hakimiyyətin 2 saat ərzində bolşeviklərə təhvil verilməsi barədə parlamentə yazılı ultimatum göndərir. Ultimatumun qəbul edilməyəcəyi təqdirdə isə nişana alınmış binaların güclü top atəşinə tutulacağı bildirlir. Elə həmin zaman Bakıya gələn bolşevikləri özü şəxsən qarşılayır. Onların şərəfinə liman gül-çiçəklə bəzədilir. Çingiz İldırım bu xidmətlərinə görə “Qırmızı Bayraq” ordeni ilə təltif edilir və bu ordenlə təltif edilən ilk azərbaycanlı olur.

17 il inandığı rejimə qulluq edən Çingiz İldırım 1937-ci ildə həbs olunub edama məhkum edilir. Ancaq bu hələ onu gözləyən böyük suprizin başlanğıcı idi. Çünki, hakimiyyət dairələri öz sadiq qullarını belə tez öldürmək fikrində deyildilər. Onu SSRİ-nin ən dəhşətli və qorxunc həbsxanalarından biri olan Suxanova həbsxanasına salıb 4 il olmazın işgəncələr verib, şəxsiyyətini təhqir edirlər. Öz xalqına xəyanət etmiş bu məxluq düz 4 il hər an öz yoldaşları tərəfindən ölmək üçün yalvardıldıqdan sonra 1941-ci ilin aprelin 27-də güllələnərək edam edilir. Öz vətəninə var gücü ilə xəyanət edən Çingiz İldırımın mükafatı xəyanətinin 21 -ci illiyində yoldaşlarının silahlarından bədəninə boşaldılan güllələr olur. Öz dövlətinə çevirdiyi silahlar indi hakimiyyətə gətirdiyi yoldaşlar tərəfindən ona qarşı çevrilmişdi.

Beləliklə, Azərbaycan Cümhuriyyətinə xəyanət etmiş Çingiz İldırım xəyanətinin əvəzini bütün varlığı ilə ödəyir. Üstündən uzun müddət keçdikdən sonra 1950-ci illərdə ona bəraət verilir. Adı Azərbaycan Texnologiya Universtetinə (indiki Azərbaycan Texniki Universtetinə) verilmişdir. Ancaq dövlətimiz müstəqillik qazandıqdan sonra haqlı olaraq bu xəyanətkarın adını oradan götürür. Bir məlumatı da qeyd edim ki, Çingiz İldırımın soyadı Sultanovdur. Bəzi mənbələr onun Xosrov paşa bəy və Sultan bəy Sultanovların yaxın qohumu, hətta əmisi oğlu olduğunu bildirirlər. Ancaq bu məlumatın tam doğruluğu isbat edilməmişdir.

Müəllif – Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti və Tarixçilər Qrupunun koordinatoru Zeynalabid Əmrəliyev.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here