“Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyi təmin edilməlidir” – səfir

Bizimsesimiz.info  // Azərbaycan və İndoneziya arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş təbliğat işləri aparılmalıdır.

Bunu SalamNews-a müsahibəsində İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fanani deyib.

Azərbaycan-İndoneziya münasibətlərini necə qiymətləndirirsiniz?

-İki ölkə arasındakı münasibətlər 1991-ci ildən qurulub, bu günə qədər münasibətlərimiz yüksələn xəttlə inkişaf edir. Çünki əməkdaşlığımızın formalaşdırılması üçün müsbət zəmin var idi. Həmçinin, İndoneziya və Azərbaycanı qardaşlıq bağları birləşdirir. 2006-cı ildə Azərbaycanın İndoneziyada səfirliyini açması münasibətlərimizin daha da genişləndiyinin və qüvvətləndiyinin bariz nümunəsi oldu. İndoneziya Azərbaycanda səfirliyini 2010-cu ildə açıb. İki ölkə arasında iqtisadiyyat, siyasət, mədəniyyət, sosial və digər sahələrdə  yüksək səviyyəli əməkdaşlıq qurulub. Beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bundan başqa, Azərbaycan energetika ölkəsi olduğu üçün İndoneziya üçün xüsusi əhəmiyyət  kəsb edir. Münasibətlərimizin tarixi 25 illik bir müddəti əhatə edir. Əfsuslar olsun ki, Azərbaycanda İndoneziya ilə bağlı geniş informasiya yoxdur. İndoneziyanın mədəniyyətini, tarixini təbliğ edən tədbirlər təşkil edirik. Bundan başqa, İndoneziyada Azərbaycanın turizmini, mədəniyyətini təbliğ edirəm. Çünki təbliğatın geniş olması münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir. Turizm sahəsində əməkdaşlığın inkişafı üçün iki ölkə arasında geniş təbliğat işləri aparılmalıdır.

Dünyada iqtisadi inkişaf tempinə görə İndoneziya üçüncü ölkədir. Azərbaycanla İndoneziya arasında iqtisadiyyat üzrə hansı layihələr gözlənilir?

-İqtisadiyyat sahəsində əlaqələrimizin 20 illik tarixi var. Bu,  iqtisadiyyat sahəsində əlaqələrin daha da dərinləşməsi və şaxələndirilməsi üçün uzun müddət hesab edilmir. Lakin kifayət qədər əməkdaşlıq var. İndoneziyaya səfər edərkən  hər il azərbaycanlı iş adamlarını aparıram. Onlar ticarət sahəsində əməkdaşlıq etməkdə maraqlıdırlar və  İndoneziyanın müəyyən məhsullarını alıb Azərbaycana gətirmək istəyirlər.

Digər yandan, İndoneziya Azərbaycandan böyük miqdarda neft alır. Azərbaycan nefti yüksək  keyfiyyətə malikdir. İndoneziya İtaliyadan sonra Azərbaycandan neft alan ən böyük ölkədir. Hər il 2,4 milyard dollar səviyyəsində neft alır. Bu isə hər iki ölkənin qardaş və dost olduğunu göstərir. Azərbaycan İndoneziyadan qida məhsulları ala bilər.

-İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini öyrənmək istərdik?

– İndoneziya bu məsələdə hər zaman Azərbaycanı dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycanın bir hissəsidir. Azərbaycanın haqlı mövqeyi təmin edilməlidir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.