“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (V hissə)

( əvvəli ötən sayımızda )

Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 5-ci hissəsi

İslam Davamız

İslam xaricində heç bir haqq və həqiqət mənbəyi yoxdur. Fən və hikmət, sənət və sənaye belə, İslamın içindədir və onun bir şöbəsidir. İlhamını Qurandan almayan heç bir elm və texnika əsla xeyirə vəsilə ola bilməz, şərdən və zərərdən arınmış sayılmaz.

Ağıl bir mühakimə və müqayisə vasitəsi, yəni qarşılaşdırma və qərar vermə qabiliyyətidir. Ancaq İslamsız ağıl ilk və mütləq doğruları bilməsi mümkün deyildir. Xeyiri və şəri ayırd edə bilməz. Bir alimin də, bir sərxoşun da ağlı vardır. Alimin ağlı “Bu insanları necə oyandırmalı və irşad etməliyəm ki, iki cahan səadətinə nail olsunlar?” deyə çalışır. Sərxoşun ağlı isə “Nə etməliyəm ki, bu məhəllə baqqalını aldadıb bir şüşə içki alım?” deyə çalışır. Önəmli olan bu ağılın təməlindəki zehniyyətdir.
Fəlsəfələrin və filosofların bir-birilərini inkarı, ideologiyaların davamlı mübarizəsi, bəşərin yaratdığı qanun və nəzəriyyələrin köhnəlməsi və dəyişməsi, hətta hazırlanan dərmanların belə, bir müddət sonra yan təsirlərinin anlaşılması daim bu üzdəndir. İslam olmadan bütün nemətlər və səadətlər əksikdir, yetərsizdir. Bu səbəbdən “Bu gün dininizi və sizə olan nemətlərimi tamamladım” ayəsi ən sonda nazil oldu.

Ağıl İslam və imanın əmrində olarsa ən böyük nemət, nəfsin və şeytanın əlində olarsa ən böyük fəlakət olar. Dünya həyatı çox önəmli bir sınaqdır. Mömünlər üçün əsas olan Axirətə imandır. Nəfəslərimiz sayılıdır. Bunlar Allah yolunda xərclənməlidir. Çünki, ölüm bizə çox yaxındır. Yalnız İslamın təməli olan həqiqi iman sahibini qurtara bilər.

Belə bir iman isə Aya göndərilən kosmik raketin hərəkət bucağı kimi düppədüz olmalıdır. Dünyadan Aya göndərilən bir raket necə ki, hərəkət trayektoriyasından bir millimetr də olsa kənara çıxarsa, bu fərq getdikcə böyüyəcək və nəticədə bu raket Ay əvəzində başqa bir planetə çırpılıb parçalanacaqdır. Eynən bunun kimi, imani və etiqadi mövzularda qəlbdə yaranacaq çox az şübhə və sapma belə, insanı get-gedə İslamdan uzaqlaşdıracaq və bu sapma sonda sahibini Cənnətə deyil, Cəhənnəmə (Allah qorusun) apara bilər.
İslama irqçilik, sintezçilik və ya müxtəlif xüsusiyyətlər artırmaq Aya göndərilən gəminin öz trayektoriyasından çıxmağa başlaması deməkdir. İslam inancı 1 “millimetr” də olsa etiqadi dəyişilikliyi qəbul etməz.

Son zamanlarda fikir kirlənməsi olaraq “modern müsəlman”, “yumşaq İslam”, “light İslam”, “çağdaşlıq” kimi bəzi ibarələr istifadə olunur. Dünyanı pozan dairələr bir neçə əsr öncə necə ki Xristianlığı Protestantlaşdırdılar. İndi də bu ibarələrlə İslamı Protestantlaşdırmağa çalışırlar. Necə yəni “yumşaq İslam”? İslamın yumşağı, sərti olmaz. İslam İslamdır. Çünki, İslam dini Allahın sistemidir. Buna görə mükəmməl və tamamdır. Ona heç bir şey qatıla bilməz və ondan heç bir şey çıxarıla bilməz. Başdan sonacan haqqdır, xeyirdir və hər kəsə hər yerdə lazımdır. Çünki, İslam dünya və Axirət səadətinin yeganə dərmanıdır.

Rəbbimiz təkcə bizim davranışlarımıza deyil, həm də hansı məqsəd və niyyətlə etdiyimizə də nəzər yetirər.
Bir atlı su içmək və istirahət etmək üçün bir bulağın başına gəldi. Ancaq atını bağlamaq üçün ətrafda heç nə tapmadı. Öz-özünə dedi: ” – Mən bu qabaqdakı meşədən bir budaq kəsib gəlim. O budağı bu bulağın başında basdırım. Məndən sonra buraya gələn insanlar mənim kimi əziyyət çəkməsinlər. Onlara bir xidmətim keçsin”. Belə etdiyi üçün ondan sonra o bulağın başına gəlib atını bağlayan hər bir adama görə savab qazandı.
Zaman dolandı. Bulağın ətrafında hündür otlar bitdi. Belə ki, atların bağlandığı dirək görsənməyəcək hala gəldi. Bir gün bulağın başına gələn başqa bir atlı bulağa doğru addımlayarkən, ayağı dirəyə ilişib yıxıldı. Ayağa qalxaraq öz-özünə dedi ki: ” – Mən bu budağı buradan dartıb çıxardım. İşdir, başqa birisi gələrsə, mənim kimi ilişib yıxılmasın. Beləcə, bir xidmətim keçsin”. Dirəyi otların içindən dartıb çıxartdı. O da bunu etdiyi üçün savab qazandı. Görülən işlər bir-birinin tam ziddi olmasına baxmayaraq, dirəyi həm basdıran, həm də çıxardan Cənabi-Allahın mükafatına məzhər oldu. Çünki, ikisinin də niyyəti xalis idi. Görülən işlər ilə niyyətlər arasındakı əlaqəni simulyasiya mühitində vəsiqə almaq nümunəsində daha yaxşı anlaya bilərik.

Kanadada sürücü vəsiqəsi almaq istəyənlər üçün imtahanda xüsusi simulyasiya sistemi mövcuddur. Sürücü olmaq istəyən şəxs gəlib kimliyini xüsusi bölməyə yerləşdirir və giriş qapısı açılır. İçəridə təkərləri xaric, qalan hər bir şeyi işlək vəziyyətdə bir maşın vardır. Sürücü olmaq istəyən şəxs avtomobilin qapısını açıb sükanın arxasına keçir. Kontaktı açan anda qarşı divardakı ekranda xüsusi olaraq hazırlanmış bir görüntü ortaya çıxır. Sürücü özünün əsl yolda olduğunu hesab edər. Bu virtual yolun enişi var, yoxuşu var, müxtəlif yol işarələri və lövhələri vardır. Sürücülüyə namizəd bütün bu durumlar qarşısında ən doğru olanı etmək və qaydalara riayət etmək məcburiyyətindədir. Çünki, maşının çarxından əyləcinə, qaz pedalından sükanına qədər hər şey avtomatik olaraq əsas idarəetmə mərkəzinə bağlıdır.
Əgər doğru hərəkət edilərsə, çölə çıxarkən sürücülük vəsiqəsi qutuda hazır durur. Yox, əgər yanlış hərəkət edilibsə, avtomatik beyin boş göstərir və “çalış öyrən, təkrar gəl” deyə xəbərdarlıq edilməkdədir. Yəni bütün imtahanlar standart və obyektiv sistemlə müşaiyət olunur.
Halbuki, yol polisi tərəfindən götürələcək imtahanda istismarlar ola bilər, bəzi səhvlər bilərək ya bilməyərək gözdən qaça bilər. Lakin avtomatik beyni çaşdırmaq mümkün deyildir.
Cüzi iradəsi ilə üstün varlıq olaraq yaradılan insanın dünya həyatı da məhz belədir. Ümumi bir qədər planı çərçivəsində cərəyan edən bir sınaqdır. İnsanın hər niyyət və hərəkəti sonsuz bir ilahi təftişlə nəzarət olunur və yoxlanışa tabe tutulur.

Qədər mövzusu da belədir.
Enişli-yoxuşlu, döngəli bir yoldayıq. Bu yolda əmr və yasaqları, təhlükəli bölgələri göstərən yol-hərəkət nişanları vardır. Əgər yol hərəkəti qaydalarına və nişanlarına zidd hərəkətlərimizdən dolayı qəza törətsək, əlbəttə bunun məsuliyyət daşıyıcısı və suçlusu biz olarıq və nəticədə cəzalandırılarıq. Ancaq fərz edək ki, üzərində olduğumuz yolun özü çox böyük və güclü, amma görünməyən bir lokomotivin üstündədir. Belə olduğu təqdirdə, biz öz arzu etdiyimiz yerə deyil, o güclü lokomotiv haraya apararsa oraya getmək məcburiyyətində qalarıq. Nəqliyyat vasitəsinin içərisində etdiklərimizdən məsuluq. Ancaq vaqonun getdiyi yöndən məsul deyilik.
Vəsiqə alıb (yəni kəlmeyi-şəhadət söyləyib) yolda maşın sürmək insanın cüzi iradəsinə nümunədir. O görünməyən və hər şeyi üzərində aparan güclü lokomotiv isə sonsuz qüvvət və qüdrət sahibi olan Rəbbimizin külli iradəsinə örnəkdir.

Dünya həyatına bu cür yanaşma müdəlmanca yaşamaq və düşünməyin müqtəzasıdır. Hər hansı bir situasiya meydana gələrsə, müsəlmanca düşünən bir insan üç ayrı fazada üç ayrı reaksiya göstərər. Öncə, müdaxilə edilməsi lazım gələn mövzuda taqəti bitənə qədər cəhd, səy göstərər və başqa yollara əl atar. Hadisənin baş verdiyi əsnada qorxu və təlaşa qapılmadan Allaha təslimiyyət və təvəkkül nümayiş etdirər. Sonda isə təqdirə riza göstərər və ortaya çıxan nəticənin haqqımızdakı ən xeyirli durum olduğunu qəbul edər.
Bizlər kəlmeyi-şəhadət deyərək müsəlman olarıq. Ancaq kəlmeyi-şəhadət söyləyib iman etmklə işimiz bitməz. Tam əksinə, qulluq imtahanımız məhz həmin vaxt başlayar. Bu qulluğun ən önəmli məqamı isə bütün insanların qurtuluşu üçün təbliğ vəzifəsinin olmasıdır. İslam bütün insanlığın qurtuluşu üçün göndərilmişdir. Bu səbəbdən İslamı təbliğ zamanı müraciətimizin hədəfi sözsüz ki, bütün insanlardır. Fikirləri və görüntüsü nə olursa olsun, davamız hər kəsə çatdırılmalı, dəvət bütün kəsimlərdə aparılmalıdır. Biz gözəl bir dillə təbliğ və dəvət edərik. Hidayət etmək isə Allaha məxsusdur. Təbliğ və dəvətdə ən gözəl örnəyimiz isə peyğəmbərimiz həzrəti Muhəmməd Əleyhissalatu Vəssalamdır.
Bilindiyi kimi, İslam sözü silm və salamdan əmələ gəlibdir. Silm və salam sülh deməkdir və bizim peyğəmbərimiz də bütün aləmlərə rəhmət olaraq göndərilmişdir.

Əfəndimiz Əleyhissalamın mübarək doğumu xoşbəxt quruluş üçün son dərəcə önəmli bir hadisədir.
Bizim millətimizin bir böyüklüyü budur ki, ona hörmət əlaməti olaraq camelərimizin süslənməsində bütün güllər deyil, daha kiçik gül olan lalə rəsmlərindən istifadə olunmuşdur. Bundan başqa bizim millətimiz onun böyüklüyünə hörmət əlaməti olaraq “Muhəmməd” adı yerinə “Mehmet”, “Mehmetcik” adlarını işlədir.
Əfəndimiz Əleyhissalam Qurani-Kərimdə də ifadə edildiyi kimi bütün bəşəriyyətə ən gözəl örnək şəxsiyyət olaraq göndərilmişdir. Bu səbəbdən onu hər xüsusda örnək almaq səadətə çatmaq üçün ən gözəl yoldur. Onun rəhmətindən təkcə müsəlmanlar deyil, insanlar da deyil, bütün aləmlər yararlanmaqdadır. Xüsusilə, Qurani-Kərim və Əfəndimiz Əleyhissalamın sünnəti İslamı öyrənə bilməyimiz üçüm göndərilmişdir. Çünki, Cənabi-Haqq Rəhmandır və Rahimdir. Bizi yaradıb və bu dünyada ədalətinin müqtəzası olaraq sınağa çəkməkdədir. Ancaq bu sınağı verməyimiz, Dünya və Axirət səadətinə qovuşmağımız üçün də Rəhman və Rahim adlarının müqtəzası olaraq İslamı göndərərək bizə yol göstərməkdədir.

Əlbəttə, Cənabin-Haqq görəcəyi işləri ən mükəmməl şəkildə görər. Bundan dolayı bizə bir tərəfdən Qurani-Kərimi, digər tərəfdən də ən gözəl örnək olan Əfəndimiz Əleyhissalamı göndərmişdir. Əfəndimiz olmasaydı, biz kitaba baxaraq səcdə belə, necə edilir bilməzdik. Çünki, Kitabdan öyrənmək yetərli olmaz. Bu gün bəzimiz qulağının, bəzimiz də boyun ardının üstünə uzanıb qalxaraq səcdə edərdik. Halbuki, insan nümunəni gördüyü zaman “deməli bu cür ediləcək”, deyə anlayar. Buna görə də öyrənməyin ən gözəl yolu Kitab və Sünnə yoludur. Cənabi-Haqq da bizə İslamı məhz bu şəkildə göndərmiş və göstərmişdir. Bu səbəbdəndir ki, müsəlmanlığı öyrənmək üçün Əfəndimizi tanımaq və onun əzəmətini hiss etməyə çalışmaq fundamental bir əsasdır.

( ardı var )

***

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.