“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (VI hissə)

( əvvəli ötən sayımızda )

Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 6-cı hissəsi

Elm meşədə səmtini itirmiş birinin əlindəki kompasa bənzəyər. Ağlınızla səmaya baxaraq ulduzları təqib edib istiqamətinizi təyin edə bilərsiniz. Yaxşı, mən indi bu təhlükələrlə dolu meşədə istiqamətimi düzgün tapmaq üçün haraya gedəcəm? Qüzey tərəfdəki ağacların arxasında yırtıcı heyvanlar vardır. Güney tərəfdə isə başqa təhlükələr var. Mütləq qüzeyə və yaxud güneyə getmək nəyisə dəyişməz. Qurtula bilməyim üçün necə ki, ağıl şərtdir. Hansı təhükələrin olduğunu göstərən bilgilərə də ehtiyacım vardır. Ağlımla ulduzlara baxıb səmtimi müəyyənləşdirə bilərəm. Ancaq gedəcəyim yöndəki təhlükəni ağlımla bilməyim imkansızdır. Bu təhlükələri göstərən məhz dindir. Bilgi verən isə Qurani-Kərim və Əfəndimiz Əleyhissalamın Sünnəsidir. Məhz, Quran və Sünnə bizə təhlükələr qarşısında xəbərdarlıq edən, getməli olduğumuz istiqaməti göstərən bir kompas kimi şərtdir və məcburidir. İnsana həm ağıl, həm də xəritə lazımdır. Dolayısıyla, ağıla istinad edərək səadət tapacağını zənn edənlər kökündən yanlış yoldadırlar.

Din fitridir və zəruridir. Səadətin vazkeçilməz bir parçasıdır. Onsuz da İslamda elm dinin bir parçasıdır. Dolayısıyla bu yanlışdan qurtulmaq məcburiyyətindəyik. Bəşəriyyət tarixinə baxdığımız zaman nə görürük? Peyğəmbərlər insanlara ən böyük inqilabları gətiriblər.

Kitab verilən ülul-əzm peyğəmbərlərdən olan İbrahim Əleyhissalam kiçik bütləri qırdıqdan sonra baltanı böyük bütün çiyninə qoydu. Bütlərin sahibləri oraya gəldikləri vaxt, onlara
“Kiçik bütləri bu böyük büt qırdı” dedikdə, əlbəttə ki heç kəs inanmadı. Çünki, bir büt gedib başqa bütləri qıra bilməz. Bu da bizlərə bunu bildirir: “Dində ağıla və məntiqə uyğun gəlməyən şeylərə inanılmaz”. Bu hadisə bəşəriyyət tarixində dönüş nöqtəsi olaraq elm yolunun açılmasını təmin etmişdir.
Digər tərəfdən Musa Əleyhissalama göndərilən “On əmr” hüquqi sistemin meydana gəlməsini təmin etmişdir. Yəni, qoyduğu qanunlar bütün bəşəriyyətin əməl etməsi lazım olan nizamı ortaya çıxarmışdır. Davud Əleyhissalam dönəmində isə bəşəriyyət hərtərəfli oturaq həyata keçdiyi üçün ticarəti, yəni iqtisadiyyatı qurmuşdur. İsa əleyhissalam gəlincə, o da əxlaqın əsaslarını tərtib etmişdir.

Yəni, insana verilən dörd əsas xüsusiyyət bəşər tarixinin dönüş nöqtələri olaraq gerçəkləşmişdir. Yaxşı, adı çəkilən peyğəmbərlər bunları etdilər. Bəs, Əfəndimiz Əleyhissalam nə etdi? Bunu görə bilmək üçün bu gün əlimizdə olan Matta İncilini oxuyaraq bu həqiqəti öyrənmək olar. Orada bu sözlər yer alır: “Nə zaman həvarilər İsa Əleyhissalamın ayrılacağını hiss etdilər, həmin vaxt üzülməyə başladılar. O da onlara dedi ki, mən ayrılıram deyə üzülməyin. Mən ayrılmalıyam ki, hər şeyi nizamlayanın gəlməsinə şərait yaransın”.
Bəs o kimdir ? Əlbəttə ki, Əfəndimiz Əleyhissalamdır. Yəni digər peyğəmbərlər bəşəriyyətin ayrı-ayrı tarixlərində yeni səhifələr açıblar. Amma son peyğəmbər həzrəti Muhəmməd (səs) hər şeyi nizamlamışdır. Elmi, əxlaqı, iqtisadiyyatı və hüququn əsas norması olan ədaləti sistemləşdirmişdir. Bu səbəbdəndir ki, Əfəndimiz Əleyhissalam bütün bəşəriyyətin ən önəmli şəxsiyyətidir və dönüş nöqtəsidir.

İslam demək elm, müasirlik, sosial ədalət və adil düzən (ədalətli nizam) deməkdir. “Elm Çində də olsa əldə edin!” hədisi İslamda elmə nə qədər diqqət olunduğunu ortaya qoymaqdadır. Əfəndimiz Əleyhissalam “İki günü eyni olan zərərdədir” buyurur. Elə isə nə olacaq? Hər gün daha da irəliyə gedəcəyik. Yəni, tərəqqipərvərlik və çağdaşlıq əslində İslamın bir sifətidir. Onsuz irəli gedilə bilməz. O hər kəsi ən irəliyə aparan ən güclü mühərrikdir.
Digər tərəfdən “Qonşusu ac ikən, tox yatan bizdən deyildir” hədisi sosial ədalətə açıqca göndərərkən; “Özü üçün istədiyini mömün qardaşları üçün də istəmək” düsturu müdhiş adil düzən (ədalətli nizam) fikri ortaya qoymaqdadır. Dolayısıyla, səadət üçün nə lazımdırsa, hamısı İslamda vardır. Əfəndimiz Əleyhissalam da bunun öndəridir.

Məsələn, Qüds tarix boyunca bir neçə dəfə Qərb mədəniyyətinin əlinə keçmişdir. Onlar Qüdsə hər gəldikləri vaxt müsəlmanları qətl etmişlər. Ancaq müsəlmanlar hər dəfə oranı qurtardıqdan sonra, onları əfv ediblər. Çünki İslam əfv, loyallıq və yaxşı rəftar etmək deməkdir.
Baxın, bu səbəbdəndir ki, müsəlman olsun-olmasın hər kəs Əfəndimiz Əleyhissalamı öndər qəbul etmək məcburiyyətindədir. Necə ki, Qərb araşdırmaçıları bunu açıq-aydın ortaya qoymuş və etiraf etmişdilər. Hər kəsin tanıdığı məşhur elm adamları da Əfəndimizin üstünlüyünü etiraf edərək bu durumu açıq bir şəkildə ortaya qoyublar. Bu səbəblə Əfəndimizə sadəcə müsəlmanların deyil, bütün insanların sevgi göstərməsi son dərəcə normaldır.

Sonradan müsəlman olmuş Con Deyvinport özünün müsəlman olmasını baxın necə danışır:
Mən bir tarixçi idim. Hər şeyi olduğu kimi, İslamı və həzrəti Muhəmməd Əleyhissalamı da araşdırdım. Bu fəaliyyətimi akademik səviyyədə və araşdırmaya onun uşaqlıq dövründən başladım. Həqiqətən də tərtəmiz bir uşaqlığı vardır. Gənclik dövründə hər kəsin örnək göstərdiyi və “əl-Əmin” dedikləri güvənilən bir insandır. Vəhy dönəminə və digər hadisələrə baxdım. Bunların üstün bir insanın xüsusiyyyətləri olduğunu dedim. Ancaq “bu son peyğəmbərdir” deyə bilmədim.

Nə zaman ki, Məkkənin fəthini araşdırmağa başladım. O zaman məsələ dərinləşdi”.
Məkkənin fəthi haqqında yazılmış ən gözəl kitablardan birinin adı İzzus-Sacidə, yəni “Səcdədəki İzzət”dir. Məkkənin fəthiylə müsəlmanlar tərəfindən ən böyük zəfər qazanılarkən və ona ən böyük zülmləri edən insanların hamısı təslim olmuş, tir-tir titrəyərkən, Əfəndimiz intiqamla hərəkət etmədi. Hətta Uhud döyüşündə doğma əmisi həzrəti Həmzənin ciyərini çeynəyən insanı belə əfv etdi.
Con Deyvnport bildirir ki, “Bax belə əzəmətli bir hadisəni gördüyüm zaman titrəməyə başladım. “Yaxşı, bütün bunlardan sonra nə edəcək?”, – deyə, düşünərkən, bir də gördüm ki yenə Mədinəyə döndü və yenə arpa çörəyi yeyərək həsirin üstündə yaşamağa başladı. “Bunların hamısını normal insanlar edər. Amma bu zəfəri qazandıqdan sonra sadə həyatına təkrar geri dönmək ancaq böyük bir peyğəmbərin əxlaqı ola bilər“, – dedim və dərhal səcdəyə qapandım. Müsəlman oldum”.

Biz müsəlmanlar üçün ən gözəl örnək, ən gözəl ölçü Əfəndimiz Əleyhissalamın mübarək həyatı və mücadiləsidir. Fərz edək ki, həzrəti peyğəmbərin Bədr döyüşündə olduğu gün o civarda dəvələrini otaran bir çobanıq. Əfəndimiz Əleyhissalatu Vəssalam ilə Əbu Cəhl tərəfdarları Bədr quyuları yaxınlığında döyüşə başlamaq üzrədirlər. “Qoy, hündür bir təpəyə çıxım ki, baş verən döyüşü görüm” deyilərsə inkarçılar zümrəsindən olar. “Ya Rəbb, bunlardan kim haqlı isə ona yardım et!”, – deyə dua edilərsə yenə inkarçılardan olar. Çünki, insan bu dünyaya təkcə kimin haqlı, kiminsə haqsız olduğunu bilmək üçün gəlməmişdir.

“Ya Rəbb, peyğəmbərin həzrəti Muhəmmədə (səs) yardım et, müzəffər qıl”, – deyə dua edilərsə bu səfər də günahkar bir fasiq olur. Çünki, o an dua etmək zamanı deyildir. Hərəkətə keçmək anıdır.
Həqiqi bir mömünün edəcəyi isə budur: Hadisədən xəbərdar olar-olmaz, yerindən elə bir kükrəyişlə atılır ki, döyüş meydanına qədər bir neçə dəfə üzü üstə yerə yıxılır. Əlinə nə keçsə, nə tapsa onunla döyüşə qatılar. Müsəlman haqq-batil mücadiləsində haqdan yana mövqe qoyan və bütün insanların iki cahan səadəti üçün təbliğ vəzifəsini bütün gücüylə, bütün imkanlarıyla ömrünün sonuna qədər yerinə yetirən insandır. Nə xoşbəxtik bizlər! Bu cür bir dinin mənsubu və bu cür bir peyğəmbərin ümməti olmaq şərəfini bəxş etdiyi üçün Cənabi Allaha nə qədər şükr etsək azdır.

***

Müsəlmanlar olaraq dünyanın gəlib keçmiş ən böyük düşüncə sisteminə sahib olmaqdayıq. Fəqət, bu böyük düşüncə sisteminin qarşısında daim batil fikirlər olmuşdur. Bu batil fikirlər bir müsəlman diyarında bizi, öz dinimizi, öz müsəlman gerçəkliklərimizi öyrənməyəcək hala gətirmişdir.
Zaman-zaman Qərb elmlərini yarım-yamalaq oxumuş insanlarla görüşərkən bunların təkəbbür dolu yanaşmalarıyla qarşılaşırıq. Yarım-yamalaq təhsil alıb gəlmişdir. Amma o yarımçıq biliyiylə müsəlmanlığı aşağılamağa çalışır. Çoxbilmiş bir ədayla “Əfəndim! Dünyada elm, fənn vardır. Baxın! Elin oğlu çalışır. Amerikalı, avropalı necə böyük işlər görür, aya və ulduzlara gedirlər”, – deyirlər.

İndi dünyanın müxtəlif yerlərini gəzərkən çöldən baxanda “Aman Allah! Necə də böyük binalar, körpülər düzəldiblər. Bu reaktiv təyyarələrlə, raketlərlə necə uçurlar?! Bu labaratoriya işlərindəki qarmaqarışıq alətlər, elektron sistemlər üzərində necə işləyirlər?!”, – deyə heyrətlə bunları seyr edərik. Amerikada Aya gedən hər hansı bir kosmik aparatın hərəkətinə nəzarət edən idarəetmə mərkəzindəki çalışan şəxsə yaxınlaşsaq və bu adamın bilik möhtəviyyatının nədən ibarət olduğunu araşdırmağa başlasaq, nəyi görərik?
Hər şeydən əvvəl biz elə bir tərzdə yetişdirilmişik ki, bu labaratoriyada çalışan insanlara istər-istəməz böyük heyrət və heyranlıq hissiylə baxırıq. Onları özümüzdən böyük görürük. Halbuki, bu labaratoriyada işləyən professorlardan birinə yaxınlaşıb “Cənab, siz burada nə edirsiniz?” desək, “Mən burada bu raketin aya gedişinə nəzarət edirəm” deyəcəkdir. “Necə nəzarət edirsən?”, – deyə soruşsaq, “Bu aləti idarə edirəm” deyəcəkdir. “Alət necə düzəldilib?” soruşsaq, o bizə bəzi formullar yazacaq. Bu formulların baş tərəflərinə bəzi hərflər, işarələr qoyar. Ürəyimizdə “Ay səni! Bu adam bizim bilmədiyimiz və heç vaxt da bilməyəcəyimiz məsələlərdən bəhs edir” deyərik.
Halbuki, bu adam bizə hansı formuldan bəhs edərsə etsin, formulun forması önəmli deyildir. Əslində, formul adıyla yazdığı şeylər bəzi fikir silsilələrini simvollarla göstərməkdən başqa bir şey deyildir. Məsələn, bu adamın raketin Aya gedişiylə bağlı apardığı hesablama ilə bir pəncərədən aşağıya atılan daşın nə qədər zaman sonra yerə düşəcəyini hesablamaq arasında bir fərq yoxdur.
Biz bu professora “Bu hesablamalar haradandır?” desək, “Əfəndim, bəzi prinsiplər vardır. Bu prinsipləri biz təcrübələrlə dəqiqləşdirdik. Bu prinsiplərə inanırıq. Bu prinsiplərə istinadən hesablamalar aparırıq” deyəcəkdir. “Yaxşı, nədir bu prinsiplər?”, – deyə soruşsanız “Təsir əks təsirə bərabərdir. Maddə yox olmaz, yoxdan da var olmaz”, – deyə bəzi əzbərlənmiş şeylər söyləyəcəkdir.

“Yaxşı, sənin dediyin bu maddə nədir? Enerji və qüvvə nə olan şeydir?” dediyimiz zaman, bizə qarşı o böyük pozalar göstərən insanlar bunların nə olduqlarını izah edə bilməzlər, bunda ilişib qalarlar. Çünki, onlar əsl elmin nə olduğunu bilməzlər. Bu bəsit təcrübəni elm zənn edərlər. Halbuki, elm əslində onların gəlib tıxaca düşdükləri yerdən sonra başlayır. Maddənin nə olduğunu bilmədən gəlib qarşımızda nə oyun çıxardırsan? Enerjinin, qüvvənin nə olduğunu bilmədən gəlib burada nə etməyə çalışırsan? Maddə dediyin şey varmıdır, yoxmudur? Hələ buna bir mövqe seçməmisən. Biriniz deyirsiniz ki, bəli, maddə vardır. O biriniz “Xeyr, maddə yoxdur. Bu bir dalğadır… Bu bir enerjidir… Elədir… Belədir” deyir.
Bir yəhudi alimi Eynşteyn bütün bu məsələlərlə uğraşdıqdan sonra ömrünün sonlarında bunları söyləmişdir: “Mən ömrüm boyu uzun müddət doğrudan da maddəylə, enerjiylə məşğul oldum. Bir çox hesablamalar apardım. Amma bütün ömrüm boyu bunların nə olduğunu anlaya bilmədim. Hətta sizə bir şey deyim. Əgər biz hesablama apararkən maddə, enerji, qüvvə kimi məfhumları istifadə etməkdənsə, bunların yerinə başqa terminləri istifadə etsəydik, görəsən daha asan hesablama aparardıq? Bunu da bilməyirəm. Ancaq hiss etdiyim bir şey var. O da enerji, maddə, qüvvə kimi bir-birindən ayrı üç məfhumun olmadığıdır. Mən bu işdə bir tövhid hiss edurəm. Bu bəzən enerji halına, bəzən maddə halına, bəzən də qüvvə halına çevrilir. Bunu duyuram. Amma nə olduğunu heç cür tapa bilməyirəm”.

Maddənin nə olduğunu anlamaq üçün bir stolu götürək. Əvvəlcə stolun səthindəki bəzi kələ-kötür yerləri görürük. Sonra bu kələ-kötür yerlərin içərisinə “girdiyimiz” zaman, əgər stol taxtadandırsa, bu taxtanın “hüceyrələrini” görərik. Bu “hüceyrələrin” içərisinə “girdiyimiz” vaxt maddələrin müəyyən molekullardan təşkil olunduğunu görərik. Bu molekulların içərisinə elektron mikroskopuyla baxsaq, bu səfər də ən kiçik parça deyilən atomu görmüş olarıq. “Atom nədir?” deyib atomun içərisinə “girdiyimiz” zaman görürük ki, atom bizim Günəş və ətrafında dönən ulduzlara (planetlərə) bənzəyən bir quruluşa sahibdir. Mərkəzində eynən Günəş kimi bir mərkəzi hissə vardır. Buna nüvə deyilir. Onun ətrafında Dünyanın və digər ulduzların dönməsi kimi bir qisim elektronlar dönür. Eyni ilə Dünya və başqa ulduzlar Günəşin ətrafında necə dönürlərsə, bu stolun içərisindəki hər bir atomda da bu dönmələr vardır.

Yaxşı, bu atom dediyimiz nəsnə necə bir şeydir? Elektron mikroskopuyla gəlib bunun içərisinə “girdiyimiz” zaman, Günəş ilə Dünya arasındakı çox böyük məsafə kimi, atomdakı protonlarla elektronlar arasında da çox böyük bir boşluğun olduğunu görürük. Bunun mənası belədir: Hər tərəfini dolu görüb maddə adlandırdığımız cismin içərisinə “girdiyimiz” zaman həqiqətdə mütləq bir boşluqla qarşılaşırıq. Biz dolu zənn edirik. Halbuki, əslində dolu deyildir. Bəs nədir? Boşluq. Amma nə boşluğu? Əfəndim, maddə dediyimiz şeyin içərisində elektron, neytron, bir də proton vardır. Nüvə ilə elektron arasında, Dünya ilə Günəşin arasındakı boşluğun on misli qədər bir boşluq vardır. Halbuki, biz onu dolu zənn edirdik. Bəli, xaricdən baxdığımız zaman dolu zənn edirik. Çünki, içərisini görə bilməyirik. Görmə qabiliyyətimiz yetməyir.

( ardı var )

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.