“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (VII hissə)

( əvvəli ötən sayımızda )

Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 7-ci hissəsi

İndi bu amerikan labaratoriyasında bizə o hesablamalarla lovğalanan adamı gətirib mikroskopla bu boşluğun içərisinə salanda, “Cənab, sən bayaq hesablamalarında maddədən bəhs etdin. Elə isə hanı bu maddə?” dediyimiz zaman cavab verə bilməyir. Bu boşluğun içərisində itir. Çünki, bunun içərisindəki elektron və proton dediyi şeylərin özləri də əslində ağırlıq deyillər. Məsələn, qızıl ən ağır maddədir. Dünyada olan bütün qızıllar bir ucu Lissabondan o biri ucu Sibirə qədər uzanan, yəni Avropanı başdan-başa qət edən bir qatarı doldurur. Amma atom içindəki məsafəni sıxışdıra bilmək imkanımız olsaydı, dünyadakı bütün qızıllar bir üzüyün içinə sığardı. Yəni, bizim gördüyümüz qızıl kimi ən ağır maddə belə böyük boşluqlardan meydana gəlir. İşin içərisinə gəlib girdiyimiz zaman ortalıqda maddə deyə bir şey qalmayır.
Yeni nəzəriyyələrə görə indi də deyirlər ki, əslində burada elektron da yoxdur. Bir dalğa vardır. Elektronun dönməsi kimi qəbul edirsiniz. Əslində dönən elektron deyildir. Dönən dalğadır. Atom parçalandığı zaman maddə enerji halına gəlir. Habelə, enerjini bir yerə toplamaq mümkün olduğu təqdirdə, ondan da maddə meydana gəlir. “O halda maddə hanı? Enerji nədir? Bunlardan hansı ən əsasdır?”, – deyə soruşduğumuz vaxt bu gün Qərbin ən bilikli hesab edilən alimləri belə bunun cavabını verə bilməyirlər. Cavab verə bilməməklə yanaşı, çıxılmaz bir vəziyyətdə olduqlarını özləri etiraf edirlər. Kimsə də gəlib bir müsəlmana yuxarıdan-aşağı baxırsa, heyranı olduğu Qərb elminin bu gün gəlib bir dalana dirəndiyini bilməlidir. Bir dalanla qarşı-qarşıyadır. Bu dalana dirənməyin səbəbi məfhumların nə olduğunu bilməməkdən irəli gəlir.

Elm Allahı bilməklə başlayar. İnsanların bütün biliklərini toplasaq, Cənabi-Haqqın sonsuz elmi qarşısında dənizdəki bir nöqtə qədər də deyildir. Buna görə də bu adamın belə rəftara haqqı yoxdur. O qulluğunu bilsə, Cənabi-Haqqın elminin genişliyini təqdir və təsəvvür edə bilsə təkəbbürlük etməz. Cənabi-Haqqdan ancaq ona daha çox elm verilməsini niyaz edər(dua edib istəyər).
Bunların biliklərinin hər birini toplayıb üst-üstə qoyaq. İndi deyin, bu biliklərin sahibi kimdir?! Bu bilik necə meydana gəlmişdir? Bunu araşdırmağımız lazımdır.

Bəşəriyyətin bu gün malik olduğu biliklərin hamısının bəşəriyyət tarixində bir-birinin üstünə əlavə olunaraq bu günə gəlib çıxdığını bilirik. Bu gün əlimizdəki yazılı sənədlər 5000 il əvvələ aid yazılar olmadıqları üçün görəsən, daha öncələri insanlar nələr bilirdilər? Bu haqda heç bir məlumatımız yoxdur. Ona görə, indi bu günkü vəziyyətdən geriyə doğru qayıdaq və bəşəriyyətin beş min illik tarixində baxaq görək, elm necə inkişaf etmişdir.

İlk insanı başlanğıc qəbul edək. İndiyə qədər keçən minilliklər ərzində bəşəriyyətin biliyi görəsən, necə inkişaf edibdir? Bu nemətlər sayəsində müxtəlif şeyləri əldə etməyə başlayıblar. Bəşər tarixində bilgi baxımından mühim məsələ odun öyrənilməsidir. Bəlkə, insanlar vulkan lavalarını görüblər. Bəlkə, taxtaları, daşları bir-birilərinə sürtərək ocaq qalayıblar. Bunun necə olduğunu bilməyirik. Amma bəşəriyyət yavaş-yavaş alovu öyrəndi. Bundan sonra insanlar müxtəlif tarixlərdə müxtəlif şeylər öyrəndilər. Öyrənə-öyrənə bu günə qədər gəldilər.

İlk insanın bilgisini ilk çağlardakı insanın bilgisi olaraq söyləməkdən çəkinməyirəm. Çünki, Adəm Əleyhissalamın bilgisinin nə olduğunu biz bilməyirik. İlk insanları bilirik. Daş dövründə yaşayan insanların bilgisini bilirik.

Bəşər tarixində başlanğıc nöqtədən zamanımıza kimi insanlar bu günkü biliklərini necə əldə etdilər? Verilən açıqlama “İnsanlar bu günkü biliklərini zamanla öyrənə-öyrənə əldə etdilər” şəklində olacaqdır. Fəqət elmlərin tarixinə baxdıqda, aparılan araşdırmalar göstərir ki, insanlar ilk bilgilərindən bu günə pillə-pillə, nərdivanı çıxırmış kimi gəlməyiblər. Bəs necə gəliblər? Bunu araşdırdığımız zaman belə bir inkişaf görürük: İlk dövrün insanları yavaş-yavaş bilgi sahibi olublar. Amma elə bir məqama gəlib çatıblar ki, bundan sonra birdən-birə artıbdır.
Bəşəriyyət tarixində biliklərin birdən-birə artdığı nöqtə səadət əsridir. Bu nöqtə VII əsrə təsadüf edir. Səadət əsrində insanların elmi birdən-birə artmağa başlayır. Avropanın elmi və texniki bilikləri Xaç yürüşləri kanalıyla müsəlmanlardan götürməsiylə yeni bir mərhələ başlayır. Bu miladi XIV-XV əsrlərə, hicri VII-VIII əsrlərə müvafiq gəlir. Avropa sürətli elmi inkişaf mərhələsinə müsəlmanlardan götürdükləri bilik və təcrübəylə çox-çox sonralar daxil olur və təəssüf ki, müsəlmanları üstələyir.

Bəşəriyyət tarixində səadət əsrindən renesansa qədər keçən yeddi əsrlik bir dövr var ki, bu dövrdə dünya elmlərini müsəlmanlar inkişaf etdirirlər. Araşdırmalar göstərir ki, bu günkü insan bilgisinin ən azı 60-70%-ni müsəlmanlar inkişaf etdiriblər. Əcəba, həqiqətən belədirmi? Yəni, həqiqətən müsəlmanların dövründə elm bu dərəcə yüksəlib? Bunu tədqiq etməzdən öncə bu iki məqama aid üç xüsusiyyəti söyləmək istəyirəm. Baxın, səadət əsrində müsəlmanların elmə etdikləri xidmət necə olmuşdur? Renesansda avropalıların müsəlmanlardan elmi qəbul etməsi necə olmuşdur?

Qərb mədəniyyət və tərbiyəsi almış bəzi təkəbbürlü, təqlidçi “ziyalılar” İslam düşməni olan şərqşünasların bu sözlərini təkrarlayarlar: “Müsəlmanların əslində elmə xidmətləri sizin şişirtdiyiniz qədər olmamışdır. Onlar antik Yunanıstanda qədim Hindistanda, Misirdə mövcud olmuş elmləri əldə edib öyrəniblər. Bəşəriyyətin təbii inkişafı ilə əlaqədar bu elmləri müəyyən qədər inkişaf etdiriblər. Daha sonra bu elmlərin sahibi olan avropalılara gətirib yenidən təslim ediblər”.

Bu tamamilə yanlışdır. Müsəlmanlar həqiqətən qədim Misir, Yunanıstan və Hindistanın elmlərini tədqiq edib götürüblər. Fəqət bu götürməyin 3 önəmli xüsusiyyəti vardır:
Birincisi, bu elmləri və bilikləri kimlərin kitablarından götürdüklərini açıqlayıblar. “Biz Ptolemeyin kitabında oxuduq… Biz Evklidin kitabında oxuduq… Belə deyir… Biz Pifaqorun kitabında oxuduq… Elə deyir…”, – deyə daima götürdükləri qaynağı qeyd ediblər.
İkincisi, müsəlman alimləri qədim kitabları oxuyarkən, bunları əzbərləməyiblər. Bunları dərhal da qəbul etməyiblər. Bu bilgiləri saf-çürük ediblər.
Üçüncüsü isə, müsəlman alimləri yunan, misirli və hindistanlılardan elm əldə edərkən, özləri yüksək səviyyədə olduqları halda elmləri tədqiq olunan millətlər aşağı səviyyədə idilər. Müsəlmanlar özlərindən əvvəlki elmi götürərkən, aşağıdan yuxarıya doğru götürüblər. Bunun müqabilində xaç yürüşləri dönəmində avropalılar müsəlmanlarla ünsiyyət quraraq onlardan müəyyən biliklər götürməyə başladıqları zaman da bu gerçəkliklər nəzərə çarpmaqdadır:

Avropalılar elmi kimlərdən aldıqlarını qətiyyən söyləməməşdilər. Müsəmanların kitablarını oxuyublar. Fəqət kimin kitabından hansı bilgini götürdüklərini öz kitablarında bildirməyibər. Digər avropalılar bu kitabları oxuduqları zaman müəllifin kitabı yazanın özü olduğunu zənn ediblər. Avropada haqq etmədiyi halda bu cür “böyüdülmüş” adamlar vardır. Bizim indiki kitablarımıza da bu gün bu adlar keçmişdir. Biz bu qanunları onların kəşf etdiklərini zənn edirik. Halbuki, bu qanunları müsəlmanların kitablarından oxuyaraq götürüblər.

Avropalılar müsəlmanlardan bilikləri alarkən, səviyyələri bu bilikləri götürməyə imkan vermirdi. Yəni, avropalılar müsəlmanlardan bilikləri alarkən, yuxarıdan aşağıya almışdılar. Müsəlmanlar yuxarıdaydı, avropalılar isə aşağıda idi. Hansı baxımdan müsəlmanlar yuxarıdaydı? Avropalılar bu bilikləri əldə edərkən, əvvəlcə dilləri buna əlverişli deyildi. Müsəlman kitablarındakı terminləri qavraya bilmirdilər. XIV əsrdə tərcümə etdikləri kitablardakı terminləri yalnız XVIII əsrdə anlamağa başladılar. Yəni, dörd əsr sonra…

***

Bu gün Qərb mənşəli elmlər adlandığımız fizikanın, kimyanın, riyaziyyatın, astronomiyanın, tibbin, tarixin, coğrafiyanın qurucaları müsəlmanlardır. Bu təbii ki, böyük bir iddiadır. Fəqət, bu iddianın isbatına hazırıq.

Bu gün ən önəmli mövzulardan biri də aya, planetlərə getmək mövzusudur. Aya və planetlərə getmək mövzusu bizim astronomiya adlandırdığımız ulduzlar bəhsinə aid bir məsələdir. Biz deyirik ki, astronomiyanın qurucuları müsəlmanlardır. Əgər bunların yalnız bir neçəsinə baxsaq, müsəlman alimlərindən əl-Bəttani adında böyük astonom alimi görərik. Bəlkə, bəzilərimiz bu adı eşitmişik. Amma təəssüf ki, bizim öz elmlərimiz bizə öyrədilməmişdir. Bizə əl-Bəttanidən bəhs etmək yerinə Ptolemeydən bəhs ediblər. Bizim kitablarımız bu adı yazar. Əl-Bəttaniyə gəlincə, adını belə çəkməz. Çünki, bizim kitablarımız tərəfgirlik edən Qərbin bəzi kitablarından tərcümə edilmişdir. Halbuki, Ptolemey hara, əl-Bəttani hara!
İndi bunların arasındakı fərqi açıqlamağa çalışaq. Misirli alim Ptolemey Günəşin fəzada olduğu yerdən eyni yerə təkrar gəlməsi, yəni bir illik zamanın keçməsi üçün öz ətrafında 260 dəfə dönməsini söyləmişdir. Yəni, bir ili 260 gün olaraq hesablamışdır. Əl-Bəttani isə Ptolemeyin yanlış düşündüyünü və əslində bir ilin 365 gün 5 saat 46 dəqiqə 22 saniyə olduğunu ortaya qoymuşdur. İndi bir şərqşünas bizə əl-Bəttani ilə Ptolemey arasındakı fərqin bəsit bir fərq olduğunu iddia edə bilərmi? Bu görmüş olduğumuz rəqəm bu günkü ən həssas ölçü cihazlarıyla aparılan hesablamadan cəmi 2 dəqiqə 24 saniyə fərqlənir. Əl-Bəttani ilin uzunluğunu bu qədər dəqiq bir şəkildə ölçüb ortaya qoymuşdur. Bir ili 260 gün hesab etməsiylə saniyəsinə qədər bildirməsi arasındakı fərqə diqqət edilməlidir.

Bu fərqi başqa sahələrdə də görürük. Qədim misirlilərə görə Aralıq dənizinin genişliyi, məsələn Mersindən İsgəndəriyyəyə qədər zənn etdikləri məsafə həqiqi ölçüsündən iyirmi dəfə az idi. O ki qaldı müsəlman alimlərinə, Aralıq dənizinin gerçək genişliyini ilk dəfə məhz onlar ölçüblər. Necə ölçüblər? Abbasilər dövründə xəlifə Məmun:
” – Aralıq dənizi bölgəsindəki müsəlman torpaqların kadastrını çıxartmaq istəyirəm. Mənə bütün Aralıq dənizi boyunca İslam diyarlarının ölçülərini dəqiq olaraq çıxarıb gətirməlisiniz”, – dedi və bu işi müsəlman alimlərinə vəzifə olaraq verdi. Müsəlman alimləri o zamankı imkanlara görə Aralıq dənizinin genişliyini ölçmək üçün belə bir metod seçdilər: Aralıq dənizi kənarında yerləşən bir sahil qəsəbəsindən ölçməyə başladılar. Hündür bir təpənin üstünə çıxıb, o təpədən görə bildikləri qədər uzaq məsafəyə baxdılar. Ardınca çıxdıqları təpənin hündürlüyünü ölçdülər. Günəş batarkən də təpədən o zamankı alətlərlə oradakı bucağı ölçdülər. Daha sadə bir misalla izah edək: Məsələn, Konya-Ankara məsafəsini ölçmək üçün Konyada bir təpəyə çıxdıq. Baxıb görürük ki, gözün görə bildiyi uzaqlıqdakı bir nöqtədə Günəş batır. Günəşin orada neçə dərəcə bucaqla batdığını ölçürük. Üstündə durduğumuz təpənin hündürlüyünü ölçürük. Bu hündürüyü və bucağı ölçdükdən sonra aradakı məsafəni hesablayıb tapırıq. Yəni, o nöqtədən Konyaya qədər olan məsafəni hesablayırıq. Sırf bunu hesablamaq üçün bizim bu gün triqonometriyada istifadə etdiyimiz sinus, kosinus, tangens, kotangens terminlərini kəşf ediblər. Bu terminləri meydana gətirənlər xəlifə Məmunun zamanındakı müsəlman alimləridir. Onlar bu məsafəni hesablayarkən qarşısındakı bucağın sinus və kosinusunu hesablayır və bu riyazi əməliyyatlar vasitəsilə məsafələri ölçürdülər.

İndi bu sinus məsələsinə gələk. Triqonometriya oxuyan nisbətən yaşı böyük olanlar bilirlər ki, keçmişdə triqonometriya dərsi keçirilərkən “sinus” və “kosinus” sözləri yerinə “ceyb” və “tamamı-ceyb” sözləri işlənirdi. “Ceyb” ərəbcə bir sözdür. İlk dəfə xəlifə Məmun zamanındakı müsəlman alimləri bu kəlməni istifadə ediblər. Bu uzunluğu o dövrdəki insanlar cibə bənzədiblər və bunu bizim türkcədə cib mənasına gələn “ceyb” adlandırıblar. Hesablamalarında, kitablarında “ceyb aşağı, ceyb yuxarı” kimi bir sıra riyazi əməliyyat aparıblar. Xaç yürüşlərindən sonra bu kitabları avropalılar götürüblər. Görüblər ki, bunlar Aralıq dənizinin sahəsini fövqəladə dəqiqliklə ölçüblər. Bunu necə etdiklərini və hesablamalar zamanı istifadə etdikləri terminləri anlamayıblar. Bu hesablamaları başa düşmədən lüğəti açıblar. Ərəb dilindəki “ceyb” sözünün latınca hərfi tərcüməsi olan “sinus” sözünü istifadə etdilər. Avropalılar buna “sinus” dedikləri və biz də hər şeyimizi avropalılardan götürməyə çalışdığımız üçün bu gün öz məktəblərimizdə öz elmlərimizin adlarını onların anlamadan işlətdikləri sözlərlə oxuyuruq. Ona görə sinus, kosinus terminlərini işlədirik. Halbuki, bu kəşfləri edənlər müsəlmanlardır. Kəşfin və bilginin əsl sahibləri müsəlmanlardır. Avropalı bizdən bunu anlamadan alıbdır. Biz də anlamadan onlardan alırıq.

Müsəlmanların etdikləri sadəcə bunlardan ibarət deyildir. Müsəlmanlar coğrafiyada bildiyimiz yer dairələri, bu günkü təbirlə enliklər arasındakı məsafələri ölçüblər. Xəlifə Məmunun zamanında Hərran düzənliyində bizim Türkiyədə olan qəza ilə İraqdakı bir şəhər arasında olan məsafəni həm birbaşa ölçüblər. Həm də bu məsafəni Günəş bölgələrinə aid hesablamalarla müəyyənləşdiriblər. Yer dairələri aralarındakı məsafə bu günkü bilgimizə görə 111 kilometrdir. Bu rəqəm hələ xəlifə Məmunun zamanında tapılmışdı. Məsələ bununla da məhdudlaşmır. Müsəlmanlar bu elmlərin içərisində sinus, kosinus və sair kəşf etmələrinin xaricində bunların cədvəllərini də tərtib ediblər. Triqonometrik cədvəlini biz bu gün məktəblərdə istifadə edirik. Əgər bizdəki tərcümə olunmuş kitablara baxsaq İngiltərədə, Fransada, Almaniyada çap olunmuş kitablardır. Biz zavallı insanlar olaraq zənn edərik ki, bu kitabların içindəki hesablamaları aparanlar avropalılardır. Halbuki, triqonemetriya cədvəllərini ilk dəfə müsəlmanlar hazırlayıblar. Həm də bu cür dəqiqliklə…

Böyük müsəlman alimlərindən xorasanlı Qiyasəddin Cəmşid “Risalətül-Mühitiyyə” adlı kitabında ilk dəfə bir dərəcənin sinusunu hesablamışdır. İndi yenidən qarşımıza avropalını, xüsusən də Qərbin pərəstişkarını alıb soruşaq:
– Siz “müsəlmanlar bu elmləri yunanlardan və misirlilərdən götürdülər” deyirsiniz. Bəs, hanı misirlilərdə triqonometrik hesab məfhumu? Haradadır misirlilərdə bir dərəcənin sinusu? Yoxdur belə bir şey! Amma Qiyasəddin Cəmşid bir dərəcə sinusu görün, necə dəqiqliklə hesablamışdır: 0,017452404437238371
Bu gün bu hesablamanı kalkulyatorla apararkən heç bir rəqəmi səhv gəlmir. Qiyasəddin Cəmşid triqonometrik cədvəllərini belə dəqiqliklə tərtib edibdir. Necə yazıbdır? Onun bu işi necə etdiyini düşündüyümüz zaman ağlımız yerindən oynayır. Elə metodlar tapıbdır ki, müqabilində heyranlıq duymamaq mümkün deyildir.

Həmçinin, bu gün yenə avropalılardan Pi ədədinin kimlər tərəfindən tapıldığını soruşsaq, “Əfəndim, Pi ədədini qədim yunanlar tapıblar”, – deyəcəklər. Xeyr, Pi ədədini ilk dəfə tapan və pillələrini dəqiqliklə hesablayan yenə müsəlmanlardır. Bu qiyməti də sizə Qiyasəddin Cəmşidin “Risalətül-Mühitiyyə” kitabından göstərirəm. Qiyasəddin Cəmşidin Pi üçün tapdığı qiyməti bu gün kalkulyatorlarla hesablatdırdığımız zaman yenə heç bir piləsinin dəyişmədiyini görürük. Çünki, səadət əsri gəlmişdir. Bəşəriyyətin elmi müsəlmanların əlinə keçib və elm əsl elm olmağa başlamışdır.

( ardı var )

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.