Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 8-ci hissəsi

( əvvəli ötən sayımızda )

Müsəlmanlar həmçinin loqarifmanı da kəşf ediblər. Bu gün loqarifma adlandırdığımız cədvəlləri və loqarifma məfhumunu ilk dəfə tapan Əl-Xarəzmi adlı bir müsəlman alimidir. Müsəlmanlar riyaziyyatı qurmaqla qalmayıb, fizika və kimyanı da qurublar.
Bu gün fizikanın qurucusu ibn Heysəmdir. İbn Heysəmin kim olduğunu soruşsam, əlbəttə əksəriyyət bu adı tanımayacaq. İçimizdə çoxumuz orta və ali məktəbdə fizika oxumuşuq. Fəqət ibn Heysəmin adı belə bizə öyrədilmədi. Amma ibn Heysəm fizikanın qurucusu, fizikanın atasıdır. İbn Heysəm həmçinin bugünkü atom və molekul nəzəriyyəsini gətirən insandır. İbn Heysəm bu atom və molekul nəzəriyyəsinə istinadən işığın sınma qanununu kəşf edən insandır. Qədim yunanlardan Evklid sınma qanunu olaraq deyibdir ki, bir prizmadan işıq sınaraq o biri tərəfə keçərkən işığın sürəti sınır və bu sınan sürət aradakı bucaqla mütənasibdir. İbn Heysəm Evklidin yanlış düşündüyünü, əslində bucaqların özləri ilə deyil, bu bucaqların sinuslarıyla mütənasib olduğunu irəli sürür. İşığın sınması materialların qalınlığıyla mütənasib olduğunu deyir. Və bu materialların içərisindəki molekul nəzəriyyəsinə əsasən bu hesablamaları aparıb ortaya qoyur.

Eyni şəkildə, fizika və kimya elmlərinin də qurucuları yenə müsəlmanlardır. Məsələn, atomun parçalana bildiyini ilk dəfə söyləyən Cabir ibn Həyyan adlı bir müsəlman alimidir. Hicri II əsrdə yaşamış böyük bir alimdir. Bu gün bizə kimya dərslərində Lavuazye prinsipi deyə oxudulan prinsipləri ilk dəfə ortaya qoyan o olmuşdur. Yerin cazibə qanunu ilk dəfə kəşf edən yenə ibn Həyyandır. Nə zaman? Avropalılardan təqribən on əsr əvvəl. Cabir ibn Həyyan miladi VIII əsrin insanıdır. Halbuki, Nyuton qanunlarından Avropada yalnız XIX əsrdə bəhs olunmuşdur.

Almaniyada 4 cildlik bir kitab çap olundu. O kitabın içərisini oxuyan hər kəs görməyə və bilməyə başladı ki, bu qanunları məhz ibn Həyyan ortaya qoyubdur. Avropalılar Cabir ibn Həyyamın kitabını XIV əsrdə tərcümə ediblər. Amma tərcümə etdiklərinin nə olduğunu ancaq XVI əsrdə başa düşüblər və beləcə Lavuazye ortaya çıxmışdır. Digər söylədiyini isə XVII əsrdə anlayıblar, Qay Lüssak qanunu ortaya çıxmışdır. XIX əsrdə isə yerin cazibə qanununu başa düşüblər. Beləcə, Nyuton qanunu ortaya çıxıbdır. Amma bunları Cabir ibn Həyyan on əsr qabaq meydana çıxartmışdır. Bundan başqa Cabir ibn Həyyan bütün elm tarixində ilk labaratoriya quran elm adamıdır. Müşahidə və təcrübə metodunu elmə ilk gətirən adamdır. Hətta, öz labaratoriyasında ilk süni hüceyrə düzəldən insandır. Bu gün Almaniyada Cabir ibn Həyyanın əsərləri üzərində aspirantura işləri aparılır. Amma bizim kitablarımızda, məktəblərimizdə bu gün Nyuton qanunu öyrədilir. İbn Həyyamın adını belə çəkməzlər. Təəssüf ki, biz öz böyüklərimizin, alimlərimizin fərqində deyilik.

Bitdi? Əlbəttə, xeyr! Keçmişdə tarix hekayələrdən ibarət idi. İlk dəfə ibn Xəldun “Müqəddimə”sində tarixin bir hekayə olmadığını, bütün insanların və millətlərin yaşayışlarını səbəb və nəticələriylə tədqiq edən, bunların təhlilini aparan bir elm olduğunu qeyd etdi və ilk tarix kitabını yazdı. Həmçinin, coğrafiya xəritəsini ilk dəfə tərtib edənlər də müsəlmanlardır.

Sonda, Amerikanın Kolumbdan öncə, müsəlmanlara məlum olması məsələsindən də bəhs etmək lazımdır. Belə olduğunu haradan bilirik? Çünki, biz bilgilərimizi avropalılardan götürürük. Ona görə. Lakin, Xristofor Kolumb haqqında yeni aparılan tədqiqatlara baxın, nələri göstərir? Xristofor Kolumb Venesiyada müsəlman alimlərinin kitablarından, qərbə tərəf gedildiyi zaman yeni qitələrə rast gələcəyini oxumuş və öyrənmişdir. Bundan dolayı özü də bu işə maraq salmış, “mən də gedim, bunu görüm” demiş və ilk dəfə Atlantik okeanına seyrə çıxmaq cəsarətini göstərmişdir. Xristofor Kolumb Atlantik okeanına aylarla gedir, fəqət heç cür torpaq tapa bilməyir. Hətta elə bir an gəlir ki, gəmisindəki insanlar üsyana cəhd edirlər. “Geri dönəcəyik! Sən bizi bilmədiyin yerə aparırsan. Bunun axırı yoxdur”, – deyirlər.
Aparılan araşdırmalar nəticəsində məlum olur ki, o gəmidə olan bəzilərinin xatirə dəftərlərindəki qeydlərə görə, Xristofor Kolumb bu sözləri söyləyərək üsyanı yatırmışdır:
“O cür qarşı çıxmayın! Bu cür söyləməyin! Mən davamlı olaraq qərbə gedildiyi zaman yeni torpaqlarla rastlaşmaq fikri və məlumatını müsəlmanların kitablarından oxudum. Müsəlman alimlər yalan deməz. Bu torpağa mütləq varacağıq”.
Necə ki səbr edirlər. Davam edib gedirlər. Nəhayət, Amerika qitəsi qarşılarına çıxır.

Əcəba, hansı səbəbdən dolayı bütün dünyada elm yavaş irəlilədiyi halda, səadət əsrində birdən-birə bu günkü mənada həqiqi elm olmağa başlayır. Bu başlamağın qaynağı bəşəriyyətə bu sürəti verən tilsim nədir? Bu sualın cavabını Qurani-Kərimdən başqa bir şeylə əlaqələndirmək mümkündürmü? İnsanların elm sahəsindəki bu böyük inkişaflarının tilsimi dünya və Axirət səadəti Qurani Kərimdən başqa bir şey deyildir. Bu gün gəlib qərbdəki elmlər dalana dirəndiyi vaxt yenə Qurani-Kərimin işıqlarıyla yol tapıla bilər. Bu səbəbdən Qurani-Kərim üzərində araşdırması olmayan insan həqiqi elm adamı ola bilməz.
Şərq ilə Qərbi müqayisə etdikdə, mənzərə budur: Qərbdəki insan gözləri qapalı, haraya gedəcəyini bilməyir. Əlləriylə müəyyən həqiqətləri axtarır və tutur. Fəqət “bu deyildir”, – deyir. O birini tutur. “Bu da deyildir”, – deyir. Qərbdəki elm adamının halı budur.
Şərqdəki elm adamının halı isə bundan tamamilə fərqlidir. O, elm sarayının içinə iman açarıyla girir. Qurani-Kərimdən aldığı işarət və ilhamlarla onun hər tərəfini aydınladaraq dolaşır, öyrənir və öyrədir.
Bu dövrün elmi müsəlmanlar tərəfindən gətirilən elmdir. Heç kəs bizim qarşımıza çıxıb “Qərbdə o vardır, bu vardır”, – deyə danışmasın! Biz və qərblilər üçün yeganə sərfəli yol “islamlaşmaq”dır. Bunu təkcə həmd edəcəyimiz imanımızdan dolayı söyləməyirəm. Müsbət elmlər sahəsində illərlə çalışmış biri olaraq bunu söyləyim ki, bütün müsbət elmlər gəlib dalana dirənmişdir. Bütün maddi və mənəvi düşüncə sistemimlə mütləq surətdə inanıram ki, bu dalana dirənməkdən qurtulmağın yolunu ancaq Qurani Kərimdən aldığımız işıqla tapa bilərik.

***

Bu gün yer üzündə özünə xas iqtisadi və sosial sistemi, dünya görüşü olan tam mənasıyla yerləşmiş müsəlman cəmiyyəti yoxdur. Amma bunun de-fakto mövcud olmaması İslamın həqiqətən ən ideal sistemi gətirdiyi gerçəyini ortadan qaldıra bilməz. Dolayısıyla, biz hər hansı bir məmləkətdəki icraata deyil, İslamın gətirdiyi ölçülər içərisində elmə, iqtisadi və sosial sistemlərə baxmaq məcburiyyətindəyik. Çünki, İslam xaricində heç bir sistem haqq və həqiqət qaynağı ola bilməz.
Məsələn, yaxın zamana qədər dünyaya baxarkən iki ayrı blok gözə dəyirdi. Bunlardan birini “Şərq bloku” dediyimiz kommunist sistem, digərini də “Qərb bloku” dediyimiz kapitalist sistem təşkil edirdi.
“Şərq bloku”na daxil kommunist ölkələr doğrudan da iqtisadi sistem, sosial quruluş və dünya görüşü baxımından başlı-başına ayrı bir dünya idi. Bu blokun meydana gəlməsinə bildiyimiz kimi, bundan təxminən iki əsr öncə Karl Marks adlı bir yəhudinin ortaya atdığı iqtisadi nəzəriyyələr səbəb olmuşdur. Bu şəxsin məlum nəzəriyyələri ortaya atmaqla sadəcə iqtisadi fikir bildirmək istədiyi, yoxsa daha başqa nəticələr əldə etmək istədiyi mübahisə daşıyan bir məsələdir. Onun yetişmə tərzi, ideoloji mübarizəsi göz önündə tutularsa məsələnin yalnız iqtisadi baxımdan dəyərləndirilməsi bir az sadəlövhlük olar. XIX əsrdə ortaya atılan bu fikirlər rus inqilabında özünə Vətən tapdı. Bu fikirlər Rusiyada kommunist rejiminin yerləşməsinə yol açdı. Beləcə, sistem özünə icraat sahəsi tapdı. İkinci Dünya Müharibəsindən sonra, Rusiyanın bir neçə ölkəni işğal etməsi nəticəsində, bu sistem müxtəlif ölkələrə yayıldı. Bu icraat bu günə kimi uzun bir dövrə keçirdi. Dolayısıyla, bu gün artıq bəzi fərziyyələrin insanları hansı nəticələrə aparacağı məsələsi açıq şəkildə ortaya çıxdı. Belə ki, vaxtiylə sırf nəzəri olaraq ortaya atılan bəzi iddiaların icraat sahəsinə qoyulduğu vaxt hansı nəticələr doğura biləcəyi bu gün artıq bir öngörücülük olmaqdan çıxıb gözlə görünən bir həqiqət halını almışdır.

Bu reallığı bu gün şəxsən görmək mümkündür. Bir ara Şərq ölkələrinə səyahətlər yasaq idi. Bilindiyi kimi, bu dönəmdə ancaq çox məhdud bəzi yerlərə səyahət etməyə izin verildiyi halda, bir müddət sonra bu izinlər genişlədilmiş və bu ölkələrin durumlarını yerində tədqiq etmək artıq mümkün olmuşdur.
Bəndəniz soyuq savaşdan öncə “Şərq bloku” ölkələrinə müxtəlif səfərlər etdim. Hətta, bir dəfə bir sərgi münasibətiylə Qərbdən Şərqə keçmək, qısa zaman fasiləsi içərisində Leyspiq və Münix sərgilərini gəzmək imkan və fürsətini tapdım. Hətta, çox əvvəldən də “Şərq bloku”na müxtəlif səbəblərdən səyahətim oldu. Bu münasibətlə rəvayətlərə deyil, faktiki müşahidələrimə əsaslanaraq danışıram.

( ardı var )

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here