“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (X hissə)
Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 10-cu hissəsi
Həqiqətən İslam yolu zənginlikdir və sonda mənəvi cəhətdən də yetişmiş bir insan ortaya çıxardar. İslamiyyət ticarətə böyük önəm vermişdir. Həqiqi tacirlərin peyğəmbərlərlə, şəhidlərlə bərabər həşr olunacağını billdirmişdir. Amma bundan daha böyük dəyəri comərdlərə vermişdir:
“Cənnətə ilk girənlər comərdlər olacaq”. Comərdliyin mənası öz xoşuna gələni, öz nəfsinə ayırdığı şeyi başqasına verə bilmək, hədiyyə edə bilmək, fərağatkar (özunə aid olandan imtina edən) insan olmaq deməkdir. İslamiyyət daima mənəvi hədəfləri maddi hədəflərin üzərində bina etmək surətiylə gerçək ədaləti, həqiqi nizamı bərqərar etmiş, onu meydana gətirmişdir.
İctimai həyata gəldikdə, İslamiyyətdə cəmiyyətin əsasını ailə təşkil edir. İçərisində həm uşaqlar, həm gənclər və həm də böyüklərin haqlarının yer aldığı nizamlı, sistemli, bir-birinə qarşı hörmət və sevgi içərisində olan ailə vardır. Qırx ev irəliyə qədər qonşu sayılır. İnsanların bir-birilərinə yaxşlıq, şəfqət, rəhmət, asanlıq nümayiş etdirmələrini əmr etmişdir. Bir-birilərinə belə mənəvi bağlarla bağlı bir insan toplumu ictimai baxımdan ən xoşbəxt cəmiyyətdir.
İnsanlar həmişə başqalarına yardım etmək üçün içlərində mənəvi duyğuya, mənəvi arzuya sahib olarlarsa, belə bir ictimai nizam ilə heç şübhəsiz mütləq səadət gələr. İki müsəlman bir-biri ilə görüşməyə gedərkən, “mən indi yanına yaxınlaşmaqda olduğum yoldaşımdan hansı mənfəət əldə edə bilərəm” düşüncəsiylə bir araya gələrlərsə, o görüşdən xeyir çıxmaz. Əksinə, “mən indi yanına getməkdə olduğum qardaşıma hansı məsələdə kömək edə bilərəm” düşüncəsiylə yaxınlaşarsa, o görüşdən böyük faydalar əldə olunar.
Dünya görüşünə diqqət yetirəcək olarsaq, İslamiyyət hər məsələdə mütləq axirəti nəzərə almağı əmr etmişdir. Çünki, insan bu dünyadan ibarət bir həyatla qane ola bilməz. Mütləq, axirətə inanmaq, axirətin varlığını bilmək məcburiyyətindədir. Çünki, bu dünyada hər şey ölümlə bitmiş olarsa, bütün bu yaradılışın ümumi nizamı mənasızlıqdan başqa bir şey olmaz. Ədalətin təcəlli edəcəyi gün bu dünyanın içində də vardır. Ancaq, mütləq ədalətin təcəlli edəcəyi gün arxasınca gələcəkdir. Və bu yaradılışlar keçici deyildir. İnsan mütləq əbədiliyə qədər gedəcək bir yaradılışdadır. Cənabi Haqq bunları gerçəkləşdirəcək qüdrətə sahibdir. Başqa sözlə, müsəlman sadəcə dünyasını düşünən biri deyildir. Hər məsələdə axirətini də fikirləşir. İqtisadi nizamın təməlini də bu düşüncə təşkil edir.
Bir gün Peyğəmbər Əfəndimiz Əleyhisalatu Vəssalam sübh namazından sonra bazarı gəzərkən orada bir tacirin malı digərlərinə nəzərən daha ucuz qiymətə satdığını görüb soruşdu:
” – Bu malı belə ucuz qiymətə satırsınız. Az qazancla qənaətlənirsiniz. Sırf, müsəlman bazarında ucuzluq olsun və Cənabi Haqq axirətdə bu hərəkətinizə görə sizə böyük savab verməsi üçün bunu edirsiniz?”
O da:
” – Bəli, ya Rəsulallah. Mən buna görə edirəm. Yoxsa, mən də yüksək qiymətlə sata bilərəm. Amma az qazancla qənaətlənirəm ki, bazarımızda ucuzluq olsun. Bura müsəlman diyarıdır. Mənim bu hərəkətimin savabını Cənabi Haqq mütləq verər”, – demişdir.
Bunu görən Peyğəmbər Əfəndimiz əllərini açıb bu tacir üçün çoxlu dualar etmişdir. Bu səbəbdən həqiqi müsəlman iş adamı bu cür hərəkət edincə, əsl iş adamı və tacirdir. Bu tacirlərin ərsəyə gətirəcəyi iqtisadi həyatda da mütləq bərəkət vardır.
İndi belə bir dünya görüşü və sosial quruluşa sahib olan İslam aləmi içərisində qadının yerinə qayıdaq. Müsəlman xanımı iqtisadi həyatda işləyə bilər və işləyər. Qadınlar tərəfindən bəzi xidmətlərin görülməsi təşviq edilmişdir. Hətta bəzi yerlərdə xanımların işləməsi məcburi olmuşdur. Məsələn, tibb bacısı vəzifəsində bir müsəlman diyarındakı xəstəxanalarda tibb bacısı, xəstə baxıcısı vəzifəsinin xüsusilə qadınlar tərəfindən icra olunmasına üstünlük verilmişdir. Bundan başqa, qadın xəstəlikləri kimi bəzi vəzifələrin qadınlar tərəfindən yerinə yetirilməsi, hətta çox önəmli məsələ hesab edilmişdir.
Vaxtı ilə Şumerbank baş direktorunun otağına girmiş yoldaşlar vardır. O otaqda bir toxuculuq fabrikinin şəkili var. Şəkildə 150 il əvvəlki bir toxuculuq fabrikində bir neçə müsəlman xanım iş ab-havası içərisində təsvir olunublar.
İslamiyyətdə qadın işləyə bilər və iqtisadi həyatda ünsür ola bilər. İslamiyyətdə qadın eynən kişi kimi elmlə, ibadətlə mükəlləfdir. Cənabi Haqq insanları qadın-kişi, ağ-qara olaraq ayırmayır. Kimin Allah qorxusu çoxdursa, insanlar içərisində ən fəzilətlisi odur, – deyir. Hər halda Allah dərgahında qadının kişiyə, kişinin qadına üstünlüyü müzakirə mövzusu deyildir. İslamiyyət qadına cəmiyyət içərisində onun yaradılışına uyğun vəzifələr vermişdir. Heç bir zaman onu nə Şərqdə və nə də Qərbdəki kimi iş sistemlərinə məcbur buraxmamışdır.
Bəlkə, bəzi kişilərimizin xoşuna gəlməyə bilər. Bir lətifə olsun deyə söyləyim: Müsəlman bir ailədə qadın heç bir iş görməyə məcbur deyildir. Evin bütün vəzifələrini yerinə yetirmək, ailənin qazancını təmin etmək kişinin vəzifəsidir. İslamiyyətdə qadına öz yaradılışına uyğun vəzifələri yerinə yetirmək tövsiyə edilmişdir. O bundan artığını edərsə, bu onun axirətdə mükafatını görəcəyi bir əlavə iş və lütf olaraq qəbul edilmişdir. İslamda qadının nə Şərqdə, nə də Qərbdə yüksələ bilməyəcəyi yeri vardır. Bu mövzunu bir neçə ayəti-kərimə və bir neçə hədisi-şəriflə izah etməyə çalışaq. Qurani-Kərimdə Nisə adı altında qadın surəsi deyilən bir surə vardır. Bu surənin 19-cu ayəsində qadınlarla ən yaxşı şəkildə rəftar olunması əmr olunur. Bunun mənası, İslamiyyətdə qadınlara qarşı hörmətkar və yumuşaq davranmaq deməkdir. Onların fitri halları bu yöndədir. Belə hərəkət etmək lazımdır. Bundan əlavə, Bəqərə surəsinin 187-ci ayəti-kəriməsində “onlar sizin libasınız, siz də onların libasısınız” buyurulmuşdur. Libas paltar və örtük mənasındadır. Bunun əsl mənası isə xarici təsirlərə qarşı və hər cür zərər verən şeylərə qarşı onları qorumaq deməkdir.
Hədisi şəriflərdə də qadının nə qədər dəyərli olduğu bildirilmişdir. “Dünya bir maldır. Onun ən xeyrlisi salehə qadındır”. Digər bir hədisi şərifdə “Mömünlərin ən kamili əxlaqı ən gözəl olanıdır. Sizin ən xeyirliniz qadınlara qarşı ən xeyirli olanınızdır” buyurmuşdur. Digər bir hədisi şərifdə isə belə buyurulmuşdur:
” – Rəbbinin sənin üzərində haqqı vardır. Öz nəfsinin sənin üzərində haqqı vardır. Ailə üzvlərinin sənin üzərində haqqı vardır. Hər haqq sahibinə haqqını ver!”
Digər bir hədisi şərifdə də “Elm öyrənmək kişi və qadın – hər mömünə fərzdir” deyilmişdir. Dolayısıyla, onların da Allah dərgahında mühüm olan vəzifələr baxımından eyni ilə məsul olmaları qeyd edilmişdir. Onlara hörmət göstərmək, yaxşı rəftar etməklə yanaşı, Allah dərgahındakı məsuliyyətləri baxımından kişilərlə tamamilə eyni olduqları bəyan edilmişdir.
Bir səhabə soruşdu:
” – Ya Rəsulullah, mənim üçün gözəl sevgi və baxmağıma ən çox möhtac olan kimdir? Kimə bu xidməti etməliyəm?”
Peyğəmbər Əfəndimiz Əleyhissalatu Vəssalam:
” – Anana”, – deyə cavab verdi.
” – Sonra kimə?”, – deyə soruşdu.
Əfəndimiz yenə: ” – Anana”, – deyə cavab verdi.
Üçüncü dəfə ” – Sonra kimə”, – deyə soruşduqda ” – Yenə anana”, – deyə cavab verdi. Yalnız dördüncü dəfə soruşduqda Əfəndimiz ” – Atana”, – deyə buyurdu. Buna görədir ki, bir ailədə ananın üç haqqı varsa, atanın bir haqqı vardır. Ana həqiqətən möhtərəm, müqəddəs, böyük bir varlıqdır və müsəlmanın dünya həyatında, ictimai münasibətində və iqtisadi sistemində çox mühüm yeri vardır.
Peyğəmbər Əfəndimiz Əleyhissalatu Vəssalamın məşhur vida xütbəsində önəmli bir bölüm qadınlara ayrılmışdır. Əfəndimiz insanlara həqiqətən olduqca yığcam, köklü, ən gözəl tövsiyəni etmişdir:
” – Ey insanlar! Qadınların haqlarına riayət etmənizi və bu məsələdə Allahdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları Allahın əmanəti olaraq aldınız. Onların namuslarını və iffətlərini Allah adına söz verərək özünüzə halal etdiniz. Sizin qadınlar üzərində haqqınız, onların da sizin üzərinizdə haqqınız vardır. Sizin qadınlar üzərində haqqınız onların ailə yuvasını sizin xoşlanmadığınıız kəslərə tapdalatmamaqdır. Qadınların da sizin üzərindəki haqları, məmləkət adətinə görə hər çeşid geyim ve yeməklərini təmin etməyinizdir”, – buyurmuştur.
Beləcə, İslamiyyətdə həqiqətən qadın nə Şərqin, nə də Qərbin yetişə bilmədiyi son dərəcə hörmətə layiq bir mövqeyə sahibdir.
“Şərq bloku”ndakı qadın düşündüyüm zaman xatirəmdə bir dəzgahın başında qan-tər içində en ağır xidmətdə çalışan, yorğun bir qadın tipi canlanır. Qərbdəki qadını düşündüyüm zaman bərabərlik adı altında kişi qədər işləyən, öz təbiətinə uyğun olmayan bir rəftarla üzləşən bədbəxt bir qadın görürəm. İslamdakı qadını düşündüyüm zaman isə Cənnəti belə ayaqlarının altına alan bir varlığı görürəm.
(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)