“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (XV hissə)

Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 15-ci hissəsi

( əvvəli ötən sayımızda )

İslam Birliyi Davamız

Sionist-kapitalist imperializminin oyunlarını anlamağın ən önəmli yollarından biri də Yaxın Şərq və İslam coğrafiyasında son yüzildə yaşadıqlarımızdır. Xüsusilə, neft mərkəzli Yaxın Şərq oyunlarını başa düşə bilmək üçün sizi bir az keçmişə, şəxsən yaşadığım hadisələrə aparmaq istəyirəm.

Yer Bağdad… Bağdadın düz mərkəzində zəfər abidələrinin yanındakı əzəmətli böyük binanın çilçıraqlı salonundayıq. Qırxdan çox müsəlman ölkəsindən dəvət edilmiş altı yüzə yaxın elm, fikir və dövlət adamının qarşısında İraq prezidenti Səddam Hüseyn hərbi formasında kürsüdə çıxış edirdi. Arxasında iki generalı şəxsi cangüdəni olaraq ayaq üstə dayanmışdı.

Tarix 17 iyun 1990-cı ili göstərirdi. Körfəz böhranının başlamasına hələ bir ay yarım var. O gün dörd saat çıxış edən cənab Səddam Hüseyn bizə bir gün əvvəl ABŞ-da yəhudi lobbisinin çıxardığı qərarları açıqlayıdı: “İran-İraq savaşının ardınca Yaxın Şərqdə balans İsrailin əleyhinə pozulmuşdur. İraq ordusu 9 il sürən böyük bir döyüş təcrübəsi qazanmışdır. Bundan başqa İraq ordusu digər dövlətlərin dəstəyilə müasir silah-sursatla təchiz olunmuşdur. Uzaq mənzilli raket başlıqlarını hazırlamaqla məşğuldur. Bu güc İsrailə qarşı böyük bir təhdidə çevrilmişdir. Nə bahasına olursa-olsun, bu güc əzilməlidir və İraqa qarşı bütün Qərb ölkələri tərəfindən silah embarqosu qoyulmalıdır”.

Səddam Hüseyn ABŞ-dakı yəhudi lobbisinin bu qərarlarını açıqladıqdan sonra elə o gün gələn təhlükələrə işarə vurmuşdu. Və deyirdi ki, bizə faktiki embarqo qoyulub. Yalnız müdafiə ehtiyacları baxımından deyil, bərpa və qurmaq istədiyimiz neft-kimya sənayesinin ehtiyaclarını belə təmin etməyə mane olmaqdadırlar. Hətta yola çıxan qalın divarlı polad borularımız da başqa ölkələrdən geri qaytarılmışdır. Üzərimizdə çoxşaxəli bir plan icra olunur. Haqsız təcavüzlər və davranışlar dözülməz həddə çatıb. Bu təcavüzdə İraq hədəfə alınsa da, əslində məqsəd bütün İslam aləmini əzməkdir. Ona görə biz bu konfransımıza şüar olaraq “Düşmənə qarşı gücünüz yetdiyi qədər qüvvə hazırlayın” mənasındakı Quran ayəsini seçdik.

Düz 99 gün sonra 1990-cı il sentyabırın 23-ü günü yenə Bağdaddayıq. Körfəz böhranının ən alovlu günləridir. Hər an Üçüncü Dünya Müharibəsinin başlayayacağı təlaşı yaşanır. Elə bu ərəfədə Səddam Hüseynlə birlikdəyik. Ancaq bu dəfə nə Bağdadın əzəmətli salonunda, nə də Səddam Hüseyn sarayının möhtəşəm guşəsindəyik. Sarayın sadə üslubda hazırlanmış salonundayıq. Səddam Hüseyn gümrah və dinamik vəziyyətdə salona girdi.

“Cənab Ərbakan, xoş gəlmisiniz! Uzun zamandır görüşmürük. Yenidən görüşməyimizə məmnun oldum”, – deyərək sözə başladı. Üş saat sürən bir görüşməmiz oldu. Səddam Hüseyn bu görüşümüzdə 99 gün əvvəl Bağdad Konfransında işarə etdiyi məsələlərin necə ortaya çıxdığını əhəmiyyətlə qeyd etdi və ələlxüsus üzərilərində həyata keçirilən planların dözülməz həddə gəlib çatdığından Küveytə müdaxilə etməyə məcbur qaldıqlarını bildirdi.Yəni, “öz istəyimizlə deyil, məcbur qaldığımız üçün bu addımı atdıq” deyirdi.

Bütün dünyanın gözlərinin zilləndiyi Bağdadda gecə saat 9-dan 12-yə qədər davam edən üç saatlıq görüşümüzdən sonra, mehmanxanaya gedərkən bütün danışıqları bir daha zehnimdə canlandırmağa çalışdım. Hər şeydən öncə Körfəz böhranı niyə İkinci Dünya Müharibəsindən sonra dünyanın ən mühüm hadisəsi olmuşdu. Bəşəriyyət bu zaman kəsiyində uzun illər Koreya, Vyetnam, İran-İraq, Əfqanıstan müharibələrini və bir çox döyüşləri yaşamışdı. Ancaq Körfəz böhranı digərləri ilə müqayisədə xüsusi əhəmiyyət daşıyırdı. Bütün dünyanı ayağa qaldırmışdı. Bu önəm haradan qaynaqlanırdı? Bunu düşündüm.

Bəli, həqiqətən Bağdadda keçirdiyimiz bu əhəmiyyətli saatlar bütün dünyanın sanki yeganə məsələsiymiş kimi, Körfəzlə məşğul olduğu ən alovlu günlərə və bizim də Körfəz münasibətiylə 22 gün 22 gecəlik “Körfəz Sülh Hərəkatı” fəaliyyətimizin düz ortasına təsadüf etmişdi. Hamı ən qısa zamanda savaş olması üçün çalışdığı halda, Körfəzdəki yanğına körüklə getdikləri halda biz tam əksini edirdik. Bütün gücümüzlə Körfəzdə bir müharibə çıxmasına mane olmaq üçün səylə çalışırdıq.

Bu fəaliyyətimiz sentyabırın 9-ü günü İstanbuldan Məkkə Konfransına getməklə başladı. Bağdad, Məkkə, Əmman və Tripoli arasında tam incə toxuma diplomatiyası şəklində davam etdi. Təyyarədə olarkən zehnimdə keçmiş canlandı. Çox önəmli hadisəni bir daha xatırladım. 1952-ci ilin yaz aylarıydı. Almaniyada doktorluq və dossentlik dissertayisamı bitirdikdən sonra Açen Texnixi Universitetində professor Şmit ilə bərabər bu günün hərb sənayesinin təməlini təşkil edən raketlər və Leopard tank mühərriklərinin təkmilləşdirilməsiylə bağlı araşdırmalar aparırdıq. Professor Şmit hərb içindəki Almaniyanın ən ali səviyyədə tədqiqatlarını aparan Alman Elmi-Tədqiqatlar Mərkəzinin ən önəmli şəxsiyəti idi. Dünyada ilk dəfə alman ordusunun Avropadan açılan atəşlə Londonu vurduğu V1-V2 raketlərinin kəşfində önəmli rol oynamışdı. Bir gün universitetin tədqiqat labaratoriyasında işləyərkən, mənimlə görüşmək istədiyimi söylədi. Əlində ESSO Neft Şirkəti prezidenti doktor Müllerin gizli bir konfransa dəvət kartı var idi. Bu konfransa özünün gedə bilməyəcəyini, ancaq belə bir mühüm şəxsin verdiyi konfransda adının yazılı olduğu masanın boş qalmamasına da çalışdığını bildirdi. Mümkündürsə, bu konfransa onun adına mənim gedib yerini tutmağımı xahiş etdi. Məmnuniyyətlə qəbul etdim. Konfrans o tarixdə müharibədən çıxmış Almaniyanıın dağılmış Açen şəhərinin ilk təmir edilən ən lüks binasında keçirilirdi. Bu bina əslində termal su üzərində olduğu üçün adı Bad Açen olan Açen şəhərinin ağaclar arasındakı məşhur Kürhaus mehmanxanası idi. Girişdə ciddi yoxlama aparıldı. Dəvətnaməni gösrərərək professor Şmitin adına onun yerinə oturdum. Şəhərin meri, baş rahibi, professorlar, tanınmış iş adamları və yazarlardan təşkil olunmuş seçilmiş bir qrup bu konfransa dəvət edilmişdi. ESSO şirkətinin prezidenti doktor Müller açılış çıxışında bunları dedi:

– Sizi hər nə qədər “Bugünkü Ərəbistan” mövzusunda olan konfransa dəvət etsəm də, belə təqdim olunması konfransın gizli olması səbəbindəndir. Toplantının əsas məqsədi budur: Səudiyyə Ərəbistanının yeni neft bölgəsi Dəmmamdan gəlirəm. Amerikalılarla birlikdə dünyanın ən zəngin neft mənbəyini tapdıq. Amerikanın və Avropanın mühüm şəhərlərindən seçilən şəxslərlə birlikdə planlaşdırdığımız bu gizli yığıncaqlarda bu böyük sərvətin qərblilərin xeyrinə istifadəsini təmin edə bilmək üçün məsləhətləşmək istəyirəm. Ona görə də bu böyük varidat haqqında sizə qısa məlumat verdikdən sonra, doğrusu mən sizin tövsiyələrinizi eşitmək istəyirəm.

Səudiyyə Ərəbistanında dünyanın ən zəngin neft yataqları tapılmış və ilk istehsal başlamışdı. Buradakı neft ehtiyatları dünya neft ehtiyatlarının 20%-nə bərabər olan böyük ehtiyatlardır. Qərb bu ehtiyatların öz xeyrinə istifadəsini istəyirdi. Hələ ilk gündən bunun üçün tədbirlər görməyə çalışırdı. Doktor Müller bundan başqa çıxışı əsnasında İslamiyyət haqqında həqiqətlə heç bir əlaqəsi olmayan o qədər yanlış şeylər danışdı və müsəlmanların haqqı olan bu nefti onlardan ala bimək üçün toplantıda iştirak edənlər də o qədər insanlıqdan kənar haqsız təklif və tövsiyələr verdilər ki, o gün həyatımın özümdən çıxmamaq üçün ən çox səbr göstərdiyim günü oldu. Professor Şmitin yerinə getdiyim üçün susmaq məcburiyyətində qaldım. Ancaq dərhal o gecə Türkiyədəki yoldaşlarıma qırx səhifəlik bir məktub yazaraq münasibətimi bildirmək ehtiyacını hiss etdim.

Qərb Körfəz neftinə ilk gündən daim bu gözlə baxdı. Bu nefti nəzarətinə almağa hər şeydən çox əhəmiyyət verərək diqqətdə saxlamışdır. Çünki, neft bugünkü Qərb sənayesinin ən vaz keçilməz enerji mənbəyidir. Yəni, Qərbin neftdəki qazancı həyati əhəmiyyət kəsb edir. Qərblilərin nefti əldə edə bilmək üçün nələr edə biləcəklərini, bağlı qapılar arxasındakı həqiqi üzləri o gün ortaya çıxmışdı. Neft mənbələrinə sahib İslam ölkələri və insanlarına qarşı Qərbin necə böyük haqsızlıq və zülmlərə girişə biləcəyi özünü göstərmişdi.

Necə ki, 1973-cü ildə İsrailin bölgədəki dövlətlərə haqsız təczvüzündən sonra Səudiyyə kralı Feysəl buna etiraz olaraq Qərb ölkələrinə satdığı neftin qiymətini artırınca, qərblillər də dərhal bir araya gələrək məşhur Beynəlxalq Enerji Agentliyini yaratdılar. Həmin vaxtlarda Türkiyəni bu agentliyə daxil etmək üçün çox çalışdılar. Ancaq bu agentliyin məqsədi öz ifadələrində də qeyd etdikləri kimi, nefti silah olmaqdan çıxardıb müsəlman ölkələrin əlindən yox bahasına almaq olduğu üçün biz bu agentliyə üzv olmağı milli mənafelərimizə uyğun görmədik. Biz hökumətdə ikən Türkiyənin dörd il boyunca bu agentliyə üzv olmasının qarşısını aldıq. Çünki, qardaş müsəlman ölkələrindən Türkiyənin ehtiyacına cavab verəcək nefti daha ucuz qiymətə onsuz da alırdıq. Enerji Agentliyi gördüyü tədbirlər sayəsində bareli 40 dollara qədər çıxmış neftin qiymətini 6 dollara qədər aşağı saldı. Buna müqabil, Qərb satdığı sənaye məhsullarının qiymətlərini isə sürətlə yüksəltməyə davam etdi. Nəticədə, yenə əzilən müsəlman ölkələrinin xalqları oldu.

Bundan bir müddət sonra, Qərbin müttəfiqi olan İranda şahın devrilməsinin ardınca formalaşan yeni hökumət Qərbin nəzarətində olmadığı üçün Amerika Körfəzdəki neftdən yenə narahat olmağa başladı və Çevik Ordu Qüvvələri yaratdı. Bu qüvvələrin hər an Körfəzə müdaxilə edə bilməsi üçün Türkiyədəki bazalardan istifadə etmək istəyini bildirdi. O zaman biz Məclisdə bu istəyə şiddətlə qarşı çıxdıq və reallaşmasının qarşısını aldıq.

Körfəzdə zəngin neft yataqlarının tapılmasından bu yana keçən 40 il müddətində bu önəmli hadisələr zəncirinə yenisi əlavə olundu. Qərb İkinci Dünya Müharibəsindən bəri çoxlu sayda hərbi birləşmələrin bir arada toplamağı Körfəzdə həyata keçirdi. Bu qədər qısa zamanda bu qədər hərbi birləşmələrin toplanmasının səbəbi nədir? Bu əhəmiyyət nədən irəli gəlir? İstər bu son Körfəz hadisəsini və istərsə də qırx ildən bəri cərəyan edən hadisələri açıqlaya bilmək üçün neftin və Körfəzdəki neft yataqlarının əhəmiyyətini və bunun dünyanın siyasi tarazlığında oynadığı böyük rolu bilmək məcburiyyəti vardır.

Aparılan araşdırmalar sürətlə artan enerji tələbatını ödəyə bilmək üçün mövcud imkanların məhdud olduğunu, qarşımızdakı dönəmlərdə böyük çətinliklərlə qarşılaşacağını açıq şəkildə göstərir. Hər cür tədbirlərə baxmayaraq, neft bu gün hələ bəşəriyyətin enerji tələbatını ödəmək baxımından çox önəmli bir mənbədir. Digər tərəfdən bugünkü mədəniyyətin, müdafiə və silah sənayesinin onurğa sütununu yenə neft təşkil edir. Çünki təyyarələr, tanklar, gəmilər neftlə işləyir. Bundan başqa, mülki həyatın ən önəmli ünsürü olan nəqliyyat vasitələri də neftlə hərəkət edir. Bütün bu xüsusiyyətləri nəzərə alınarsa, neft çox mühüm, həyati və strateji bir maddə mahiyyətini daşıyır. Bütün bəşəriyyət üçün hər cəhətdən çox böyük əhəmiyyət daşıyan neftin yer üzündəki ehtiyatları və istehsalı məhduddur.

Dünyadakı bütün neft ehtiyatlarının təqribən 10%-i İraqda, 10%-i Küveytdə, 20%-i Səudiyyə Ərəbistanında, 10%-i də İranda yerləşir. Beləliklə, Körfəz bölgəsindəki neft dünya neft ehtiyatlarının yarısına bərabərdir. Bu neft ehtiyatlarının bugünkü qiymətlərlə dəyəri trilyonlarla dollarla ölçülür. Bu ehtiyatlara nəzarət etmək demək, bir yandan dünya sərmayə gücünə nəzarət etmək digər yandan da bütün bəşəriyyətə hökm etmək imkanını əlində saxlamaq deməkdir. Həm də Körfəz ölkələrinin bu günə qədər neft istehsalı vasitəsilə əldə etdikləri sərvətin hələ təxminən 700 milyard dollarlıq hissəsinin Qərb banklarında olduğu və bu sərvətin Qərb banklarının əsas resurslarından biri olduğu nəzərə alınarsa, Körfəz siyasətinin hərtərəfli böyük əhəmiyyət daşıdığı açıq-aydın görünür

Zəngin ölkələrdən meydana gələn bir “Şimal” vardır. Bu zəngin “Şimal” ölkələrini istiqamətləndirən güc reallıqda əzən gücdən ibarətdir. Bu əzən güc nəticə etibarilə bir yandan dünya sərmayəsini əlində tutmuş, digər yandan da banklar, sənaye quruluşları, beynəlxalq şirkətlər, bütün nəqliyyat vasitələri, hökumətlər və müasir kəşfiyyat orqanları kimi təsirli mexanizmlər vasitəsiylə bütün bəşəriyyəti istismar edir. Bu əzən güc təkcə geri qalmış ölkələrin xalqlarını əzməklə kifayətlənməyib, inkişaf etmiş ölkələrin xalqlarını da əzir. “Qərb” və ya “Şərq” bloku ölkələrində aparılan dəyişiliklər də nəticə olaraq əzən güçün istismarının “Şərq”də yayılması mənasını daşıyır. Çünki, indi “Şərq” bloku ölkələri bazar iqtisadiyyatına keçməkdə və bu ölkələrə əzən gücün sərmayəsi borc olaraq verilməkdədir. Beləcə, bu ölkələr bir yandan idarə olunur, digər yandan bu ölkələrin xalqları bu sərmayəyə əsir edilir və istismar edilir. Beləliklə, görülən iş 6 milyard insanı əzmək və istismar etməkdən ibarətdir.

Bu əzən gücün icraatını gördükcə, dünyanın gedişatındakı oynadığı rolu və fəalliyyətləri izlədikcə uşaqlıqda baxdığımız qorxu filmləri ağlımıza gəlir. Bir drakula vampiri var idi və insanların qanını əmərək yaşayırdı. Bundan ötrü hər yola baş vurur, insafsız bir şəkildə insanları öldürər, əzər, məhv edərdi. İndiki əzən güc də 6 milyard insanın haqqını yeyir, onları istismar edir, iztirab və göz yaşında boğur.

***

İraq prezidenti Səddam Hüseyn 1990-cı il 23 sentyabr günü Bağdaddakı görüşümüzdə “Birləşmiş Millətlər Təşkilatı və Qərb İsrailin işğal etdiyi torpaqlardan geri çəkilməsi məsələsində heç bir tədbir görmədi. Amma indi bizə qarşı hamısı birlikdə ayağa qalxıblar. İsrailin atom bombasına və kimyəvi silahlara sahib olmasına qərblilər heç bir reaksiya göstərmədilər. İsrailin Fələstindəki insanlıqdan kənar soyqırımlarına qarşı səslərini çıxarmadılar. Amma bizim qanuni müdafiə silahlarımızı yox etmək istəyirlər” demişdi. Əslində Səddam sözləriylə bu əzən gücün qəlbini və beynini təsvir etmyə çalışırdı.

Yaxın Şərq probleminin bütün aspektləriylə başa düşülə bilməsi üçün imperializmin bölgədəki planlarının dərk edilməsində çətinlik vardır. Müsəlman ölkələrin böyük maddi itki və dağılmasına səbəb olan İran-İraq müharibəsinin 8 il davam etdikdən sonra sona çatması müsəlmanları sevindirmişdi. Ancaq bu müharibədən sonra İraqın təcrübəli və güclü bir orduyla ortaya çıxması İsrailin böyük şübhəyə düşməsinə səbəb oldu. İsrailİraqı baş düşmən elan etdi. Onu əzmək üçün hər vasitəyə əl atacağını elan etdi. İraq uzun sürən savaş səbəbindən 70 milyard dollar borclanmışdı. Müharibədən sonra savaşın açdığı yaraları sağaltmaq və ayağa qalxmaq istədikdə bu ağır borc onun əlini-qolunu bağlayırdı. Bu vəziyyət qarşısında Səudiyyə Ərəbistanı və Küveytə müraciət edərək “Biz bu müharibəni sizin üçün etdik. Bu borclardan qurtulmağımıza kömək edin”, – dedi. Səudiyyə Ərəbistanı və Küveyt müharibə əsnasında İraqa kömək etmişdilər. Müharibədən sonra Səudiyyə Ərəbistanı İraqın bu istəyinə müsbət cavab verdi və lazım olanı etdi. Küveyt isə aralarındakı ərazi ixtilafını aradan qaldırmaq üçün Bəsrə körfəzindəki iki adanı və ixtilaflı bölgədəki bəzi əraziləri verməyə razı olmadığı bir yana, savaş borclarının ödənilməsindəki iştirakına də razı olmadı. Bu məsələ barəsində Ciddədə aparılan müzakirələr nəticəsiz qaldı. İraq Küveyti işğal edərək ilhaq etdiyini elan etdi. Amerika hadisəni fürsət bilib Körfəzə və Səudiyyə Ərəbistanına öz hərbi kontingentini yerləşdirdi. Bu hərbi kontingenti mütəmadi olaraq artırmağa davam etdi. İraqı və İordaniyanı mühasirəyə aldı. Mühasirəni yarmaq cəhdlərinə qarşı da Birləşmiş Millətlər Təşkilatından silahdan istifadə etmək qərarını çıxartdırdı.

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir)

2 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir