Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət – müstəqil respublikamızın banisi ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq, praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqımızın əbədi və tükənməz sevgisini qazanmışdır.

Bu gün həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gələn Heydər Əliyev dühası hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.

Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri, məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək, dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir. Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaqla, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

İnsan hüquqları və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü, məhz yaşamaq hüququnun təmin edilməsi olmuşdur. 1993-cü ildə ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da, Şərqdə ilk dəfə olaraq, ölkəmizdə ölüm cəzası ləğv edilmişdir.

Aparılan uğurlu demokratik islahatlar nəticəsində Azərbaycan 2001-ci ilin yanvar ayında Avropa Şurasına qəbul edilmişdir. Ölkəmizin Avropaya inteqrasiyasını reallığa çevirmiş bu hadisə, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsində görülən nəhəng işlərin məntiqi nəticəsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin ölkəmizin demokratik inkişafı və tərəqqisi naminə həyata keçirdiyi demokratik islahatlar Azərbaycanın Avropaya inteqrasiyasına etibarlı zəmin yaratmışıdır.

Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası bugünkü və gələcək nəsillər üçün örnəkdir. Bu strategiya ölkəmizin hərtərəfli inkişafını və tərəqqisini təmin etmiş, müstəqil, demokratik və hüquqi dövlətin yaradılması ilə nəticələnmişdir. Qəti əminliklə deyə bilərik ki, ulu öndərimizin siyasi kursu yaradıcılıqla davam etdirilir, xüsusilə demokratik inkişaf sahəsində bu kurs təkamül prinsipinə əsaslanır.

Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu daha ardıcıl xarakter daşımağa başlamış, ölkədə milli həmrəylik əldə olunmuşdur. Ümummilli maraqlara uyğun məsələlərlə bağlı ölkə daxilindəki siyasi qüvvələr arasında normal dialoqun alınması, Azərbaycan siyasətində radikalizm təzahürlərinin getdikcə öz yerini liberalizmə verməsi xalqımızın son illərdə əldə etdiyi ən ciddi uğurlardan biridir. Prezident ölkədə demokratik vətəndaş cəmiyyətinin qurulması, söz azadlığının, fikir müxtəlifliyinin təmin olunması üçün öz səylərini əsirgəmir. Cənab İlham Əliyevin dövlət rəhbəri kimi çox qısa zaman kəsiyində ulu öndərimiz Heydər Əliyev ənənələrinə sadiq qalaraq, dövlət quruculuğu prosesini böyük dinamizm, yüksək əzmkarlıqla davam etdirməsi vətəndaşlarımızın sabaha inamını daha da artırır.

Fərəhlə etiraf olunmalıdır ki, ölkəmizin birinci xanımı, Mehriban xanım Əliyeva da öz fəaliyyəti ilə Azərbaycanda gedən inkişaf prosesinin ən fəal iştirakçısıdır. Azərbaycan mədəniyyətinin inkişafı, milli irsimizinin bütün dünyada təbliği, bir sıra əhəmiyyətli və vacib sosial problemlərin həlli yönündə həyata keçirdiyi layihələrə görə, onu xalqın qürur mənbəyinə çevirmişdir.

Beləliklə, etiraf etməliyik ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanmış iqtisadi islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

XX əsrin sonunda və XXI əsrin başlanğıcında ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində ölkənin sosial-iqtisadi inkişaf strategiyası müəyyən edilmiş və bu, müvəffəqiyyətlə həyata keçirilməkdədir. Azərbaycanın iqtisadi inikşafının səviyyəsi onun beynəlxalq aləmdə yerini müəyyən edir və ölkənin müstəqil xarici siyasətinin həyata keçirilməsinə təsir göstərir.

Məlumdur ki, vətəndaş cəmiyyətinin mühüm göstəricilərindən biri də, məhz ölkədə müstəqil demokratik institutların formalaşması və azad sahibkarlıq subyektlərinin fəaliyyəti üçün normal şəraitin yaradılmasıdır. Özəl sektorun dinamik inkişafı təkcə sosial-iqtisadi yüksəlişi deyil, həm də demokratikləşmə prosesini və vətəndaş hüquqlarının etibarlı qorunmasını təmin edir.

Etiraf olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsinin təmin edilməsi istiqamətlərində çoxşaxəli fəaliyyət həyata keçirir. Görülən işlər, eyni zamanda, Azərbaycanın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bütün bunlar isə ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik irsinə ən layiqli töhfələrdir.

Kamal Orucəli oğlu Təhməzov, Masallı rayon, Çaxırlı kəndi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here