Deputat Əfqan Muxtarlının işi ilə bağlı ifadə verəcək
Bizimsesimiz.info // Jurnalist Əfqan Muxtarlı barəsində olan cinayət işi Meydan.tv-yə açılan cinayət işi birləşdirilib.
Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, artıq cinayət işi bir istintaq qrupu tərəfindən aparılacaq. İstintaq qrupuna əlavə şəxslər cəlb olunub.
Elçin Sadıqov qeyd edib ki, bəzi şəxlərin istintaqa şahid qismində çağrılması ilə bağlı vəsatət veriblər: “Vəsatətimizdə bildirdik ki, deputat Elman Nəsirov və “Carçı” verilişinin aparıcısı ifadə verərək Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilməsi üçün xüsusi əməliyyat keçirilməsi barədə cəmiyyətə yaydıqları məlumatları haradan almaları ilə bağlı sorğu sual edilsinlər. Bizim vəsatətimiz təmin edildi və həmin şəxslər dindiriləcək”.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.