Psixoloq Səid Nurtəbrizinin müəllifi olduğu yuxu yozmaları kitabında “Kim yuxuda deputat görərsə, günü uğursuz olar” sözlərini qeyd etməsi, müzakirələrə səbəb olub.

Bunu özü dilə gətirməsə də, “Space” telekanalının verilişində iştirak edən qonaqlardan biri bu mövzuya toxunub.

Minval.info məsələ ilə əlaqədar millət vəkillərinin fikirlərinin öyrənib. Deputat Fazil Mustafa saytımıza açıqlamasında buna bir qədər sərt rekasiya verib: “Həmin adam “Space” telekanalının rəhbərinin şəklinə tez-tez baxsın, onun işləri yaxşı gedəcək. Ölkədə nə qədər anormal, gerizəkalı adamlar var, sanki bu kanal onların təbliğatı ilə məşğuldur. Bu cür insanların əvvəlcə ağlını yoxlamaq, daha sonra efirə buraxmaq haqqında qərar vermək lazımdır”.

Fazil bəy ironiya ilə sual edib ki, “Yuxuda deputat görənin günü uğursuz keçirsə, o zaman həkim görən adam dəli olur?”.

“Deyəsən, belə ekzotik insanların yalnız “Space” telekanalına çıxması mümkündür. Bu cür adamları tibbi müayinədən keçirməmiş, necə efirə buraxırlar? Azərbaycanda bununla bağlı senzura yoxdur. İstənilən anormal insan hansısa mövzuda kitab yazıb tirajlaya bilər” – deputat bildirib.

F.Mustafa qeyd edib ki, bunun heç bir elmi əsası yoxdur və ciddiyə alınması doğru deyil: “Ümumiyyətlə, belə yuxu görən insanların sayı azdır. Mənə yuxusunu danışan adamdan uzaq dururam ki, doğurdan da bunda nəsə problem var. Çünki bu, insanın özünə aid olan bir məsələdir. Yuxunu danışmaq yaxşı əlamət deyil. Bunun ictimailəşdirməyin özündə bir anormallıq, mənəviyyatsızlıq yatır.”

O, psixoloqun yuxu yozmasını cəmiyyəti ələ salmaq kimi qiymətləndirib: “Nadan, cahil, xurafatçı hissəsini rəğbətini qazanmaq, yaxud da təbliğatı ilə onları öz girovuna çevirmək üçün düşünülmüş bir vasitədir. Yəni maraq doğurub kitabını satdırmaqdır”.

Deputat Aqil Abbas isə minval.info-ya açıqlamasında qısaca olaraq bildirib ki, görünür, həmin şəxsin özünün psixoloqa ehtiyacı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here