Digər dinlərdə irfani dünyagörüşü

Buddizm

Buddizmdəki “nirvana” anlayışı dövri olaraq müxtəlif bədənlərdə davam edən həyat zəncirindən (sansara) qurtulmaq, eləcə də, bütün istəklərdən, iztirablardan xilas olmaq, mütləq sükun, aramlıq halına çatmaq kimi təsəvvür edilir. Bununla İslam irfanındakı “fəna fillah” və “bəqa billah” məfhumları arasında müəyyən paralellər tapmaq mümkündür.

Qeyd: Allahda fani olmaq (fəna fillah) mənəvi təkamül yolunun ilk mərhələsinin – seyr iləllahın (Allaha doğru yolun) son mənzilidir. Fəna halının mənası budur ki, bəndənin bəşəriyyət (insanlıq) cəhəti Allahın rübubiyyət (Rəbbə xas olan) cəhətinin içində məhv olur. Bu mərtəbəyə yetişmiş şəxs bütün mənfi xüsusiyyətlərdən təmizlənir, onu dünyaya bağlayan bütün əlaqələrdən xilas olur. Hətta bəzi ariflər fəna halında daha da dərinə gedərək mənfi cəhətlərdən təmizlənməklə kifayətlənməmiş, bütünlükdə öz iradə və istəklərindən imtina etmişlər. Fəna ilə seyr iləllah (Allaha doğru yol) başa çatır, seyr fillah (Allahda yol) başlayır. Fəna mərhələsi kamil şəkildə həyata keçdikdən sonra ardınca bəqa mərhələsi başlayır.

Fəna halında mənfi xüsusiyyətlərdən təmizlənmiş və boşalmış qəlb bəqa halında müsbət keyfiyyətlərlə süslənir. Bu mərhələyə yetişmiş şəxsdə Allahın ad və sifətləri təcəlla edər. Hər kəsin səviyyəsindən asılı olaraq təcəllanın dərəcəsi də müxtəlifdir. Ən kamil təcəllanın sahibi Allahın Rəsulu Həzrət Mühəmməd Peyğəmbər (s) sayılır.

Hinduzim

Hinduzimdə buna “mokşa” halı uyğun gəlir. Qeyd edilir ki, insan öz eqosuna, təkəbbürünə qalib gəlməklə sansaradan xilas olub mokşaya nail ola bilər. Bu halda insan Brahmana – “dünyanın ruhuna”, başqa sözlə desək, mütləq Tanrıya qovuşur. Bütün hisslər, duyğular, istəklər onu tərk edir. Bu, insanın çata biləcəyi mənəvi kamilliyin, o cümlədən, mənəvi həzzin ən yüksək dərəcəsidir.

Həmçinin, hinduzimdəki yoqa təlimləri də İslamdakı riyazət anlayışının bir qədər fərqli forması kimi görünür. Yoqa təliminin məqsədi ali mənəvi hal qazanmaq üçün bədənin psixoloji və fizioloji funksyalarını idarə etməyə çalışmaqdır. Müsəlman sufi və ariflər də müxtəlif riyazətlər və çilələr vasitəsilə öz nəfslərini ram etməyə, öz şəhvətlərini öldürməyə və bədənin bütün enerjisini Allah barədə düşüncələrə və Allaha xidmətə yönəltməyə çalışırdılar.

İudaizm

Yəhudi dinində irfani düşüncə bir qədər zəif inkişaf etmişdir desək, yəqin ki, yanılmarıq. Dinşünaslar da iudaizmi daha çox dünyəvi bir din kimi xarakterizə etmişlər. Əsasən, irfan ədəbiyyatında rast gəldiyimiz bir hədisdə Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: “Qardaşım Musanın sağ gözü, qardaşım İsanın isə sol gözü kor idi. Mənim isə hər iki gözüm var”. Alimlər bu hədisi şərh edərək yazmışlar ki, Həzrət Musada (ə) kəsrət vəhdətə qalib gəlmişdi, Həzrət İsada (ə) isə əksinə, vəhdət kəsrətə qalib idi. Musa (ə) dünyanı abadlaşdırmağa, İsa (ə) isə axirət barədə düşündürməyə daha çox meyil edirdi. İslam Peyğəmbəri isə bərzəxiyyət (orta, birləşdirici) məqamına sahib idi.

Yəhudi dinində mistisizm daha çox kabala şəklində özünü göstərir. Kabbala insanın öz yaradılış məqsədini anlamasına xidmət edən və bunu Tövrat, Talmud müstəvisində həll etməyə çalışan yəhudi mistik təlimidir. Kabbala baxımından, insanın bütün bədbəxtliyinin səbəbi öz yaradılış qayəsini anlamaması və dünyanın harmoniyasına uyğunlaşa bilməməsidir. İnsanın ruhu daim dəyişir, haldan-hala düşür. Yalnız kabbalanı dərk edəndən sonra bu dəyişmə dayanır.

Yəhudilikdəki hasidizm təlimi də kabbalanın bir qolu sayılır, burada sevgi, xeyirxahlıq amili ön plana çəkilir. Hasidizmə görə, bütün dünya Tanrının təcəllasıdır, Tanrı hər yerdə mövcuddur. İnsanın əsas vəsifəsi Allaha qovuşmağa nail olmaqdır.

Xristianlıq

Yuxarıda deyildiyi kimi, xristianlıq dinində mənəvi məsələlərə daha geniş diqqət ayrılır. Həzrət İsanın (ə) İncildəki moizələrində əxlaqi tövsiyələr, mənəvi dərs şəklində təqdim edilən hekayələr (pritçalar), İlahi mülk barədə müjdələr üstünlük təşkil edir. Təsadüfi deyil ki, orta əsrlərdə rahiblik həyatı məhz xristianların arasında geniş yayılmış, Avropa ərazisində və hətta qeyri-xristian ölkələrində minlərlə monastr tikilmişdi, bu monastrlarda kütləvi sayda rahib yaşayırdı. Rahiblər müxtəlif üsullarla (oruc, etikaf və s.), hətta bəzən qəribə görünən yollarla (sükut orucu, özünü qamçı ilə döymə və s.) öz nəfslərini təmizləməyə çalışırdılar. Təmizlənmə (via purgativa) mərhələsindən keçən şəxs ilahi lütfə və nura (via illuminativa) nail olurdu. Bu zaman onun gözlərinin önündən pərdələr qalxırdı və o, Tanrı ilə məxluqatın mahiyyətcə eyniliyini dərk edirdi. // islam.az