Doğru Yol Partiyası erməni daşnak rejiminin əsgərlərinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizə yönəlmiş hücumu ilə bağlı bəyanat yayıb. Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir:

“Oyuncaq Ermənistan daşnak rejimi silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində ordumuza hücum cəhdləri bir daha daşnak rejiminin təcavüzkar və işğalçı mahiyyətini ortaya qoydu.

Yüksək döyüş hazırlığı və torpaqlarımızın işğaldan azad edilməsi üçün ruh yüksəkliyinə malik olan Azərbaycan ordusunun düşmənə endirdiyi cavab zərbələri hər birimizi qürurlandırır.

Təbii ki, müharibə hər vaxt olduğu kimi ön cəbhədə getdiyi zaman arxa cəbhə insanları da hadisələrə hazır və ayıq sayıq olmalıdırlar. Bunun üçün də, hər kəs üzərinə düşən işin məsuliyyətini anlamalı və vəzifəsini yerinə yetirməlidir.

Doğru Yol Partiyası cəbhə xəttində şanlı Azərbaycan ordusunun düşmən ilə mübarizə aparıb, şəhidlər verdiyi zaman bütün siyasi qüvvələri birliyə çağırır, kənar düşmən qüvvələrin içərimizdə təxribatlarına uymamağı, bütün diqqət və dəstəyimizi cəbhə bölgəsinə və ordumuza yönəltməliyik.

Dövlətimizin müharibə ərəfəsində olduğunu dərk etməli, daxildə hər hansı düşmən təxribatlarının qarşısında birlikdə olmalı və Azərbaycan Ordusunun ətrafında sıx birləşməliyik.

Qeyd edək 12 iyul tarixindən gedən döyüşlərdə ordumuzun on nəfər hərbi qulluqçuları – general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu, çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu qəhrəmancasına döyüşüb şəhid olmuşlar.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, kədərli ailələrinə, yaxınlarına və bütün millətimizə başsağlığı veririk.”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here