Doğru Yol Partiyası mətbuat xidmətindən bizimsesimiz.info ya verilən məlumata görə dünən partiyanın Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. İclasda təşkilat quruculuğu, rayon və şəhər təşkilatlarının qurulması və digər məsələlər ilə bərabər 2017- ci ildə Tərtərdə baş verən hadisələr də müzakirə edilib.

Bizimsesimiz.info bəyanatın mətnini təqdim edir.

Doğru Yol Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin “Tərtər işi” ilə əlaqədar

Bəyanatı

Son bir neçə ay ərzində sosial şəbəkələrdə fəal müzakirə olunan, ictimaiyyət tərəfindən narahatlıqla qarşılanan “Tərtər hadisəsi”nə müvafiq qurumların adekvat münasibət göstərməməsindən narahatlığımızı bildiririk.

2017-ci il aprel ayının sonlarından etibarən Tərtər bölgəsində yerləşən ordumuzun minlərlə zabit, gizir və MAXE heyəti heç bir dəlil, sübut olmadan istintaqa cəlb edilmiş və onlara qanuna zidd olaraq ağır işgəncələr tətbiq etməklə satqınlıqda, düşmən ordusu ilə əlaqələrdə ittiham edilərək yanlış ifadə verməyə məcbur edilmişlər. Sözdə istintaqın gedişi zamanı, rəsmi rəqəmlərə əsasən 11 nəfər zabit, gizir və MAXE amansız işgəncələr nəticəsində qətlə yetirilmiş, yüzlərlə hərbçi, mülki şəxs fiziki cəhətdən sağlamlıqlarını itirmişlər, psixoloji sarsıntı keçirmişlər.

Azərbaycan ordusunda vətənpərvərliyi və cəsurluğu ilə seçilən şəxsi heyətin fiziki və mənəvi cəhətdən gözdən salınmasına yönəldilmiş olan işgəncələri və bu işgəncələr əsasında verilən hökmləri insanlığa qarşı ən ağır cinayət olaraq dəyərləndiririk və şiddətlə qınayırıq. İnsan ölümləri ilə nəticələnmiş, yüzlərlə hərbçiyə vurulan fiziki, mənəvi və psixoloji zərbələr nəticəsində hərbçilərin minlərlə ailə üzvləri və yaxınları psixoloji və mənəvi travmalar almış, bəzi ailələr dağılmış, zərərçəkənlərdən intihar edənlər olmuş, zərərçəkənlərin bir çoxunun valideynləri yaxınlarına qarşı törədilmiş bu cinayətlərə dözməyərək vəfat etmişlər. Ölkənin məhkəmə, hüquq-mühafizə, tibb ekspertiza orqanlarının, həkim heyətinin və güc strukturlarının məsul şəxsləri ordumuza qarşı bu cinayəti həyata keçirən şəbəkənin əməllərinin vaxtında qarşısını almaması nəticəsində heç bir dəlil, maddi sübut olmadan işgəncələrlə alınan “etirafları” əsas alaraq 25 nəfərdən çox hərbçiyə günahsız olduqları halda 10 ildən 20 ilədək azadlıqdan məhrumetmə hökmləri icra edilmişdir.

2017- ci ildən başlayan işgəncə, ədalətsiz və qeyri hüquqi istintaq prosesinə cəlb edilən hərbçilərin valideynləri, yaxınları etiraz etsələrdə bu etiraz səsi təəsüf ki, ictimai diqqəti cəlb edə bilməmişdir. Bu səbəbdən də, bu günə qədər övladlarının hüquqlarının bərpası uğrunda çalışan valideynlərin fəaliyyətinin müsbət nəticəsi olmamışdır.

Doğru Yol Partiyası Təşkilat Komitəsi Azərbaycan Ordusuna, Azərbaycan dövlətçiliyinə ümumiyyətlə Azərbaycan xalqına qarşı, “Tərtər işi” adı altında törədilmiş bu cinayətin üstünün açılması üçün prosesin yenidən başladılmasını, istintaq prosesinin tam yeni tərkibdə aparılmasını və əvvəlki prosesin də təhlil edilib istintaq prosesini yanlış istiqamətdə aparıb günahsız hərbçi və mülki şəxslərə cəza verənlərin məsuliyyətə cəlb olunmasını zəruri hesab edir. İlk növbədə isə:

1. Qeyri- qanuni və ədalətsiz məhkəmə hökmü əsasında həbsxanada məhkum həyatı yaşayan hərbçilər qısa müddətdə azad edilsinlər.

2. İşgəncələrə məruz qalaraq sağlamlığını itirən keçmiş hərbçilər təcili olaraq dövlət himayəsinə alınsın, onların sağlamlığının bərpası və sosial iqtisadi problemlərinin həlli üçün zəruri addımlar atılsın .

3. Qeyri qanuni əsaslarla başladılan istintaq prosesində ağır işgəncələr nəticəsində vəfat edən hərbçilərə status verilsin və istintaqı aparan dövlət orqanı vəfat edənlərin ailələrinə üzrxahlıq etsin.

4. “Tərtər İşi” prosesində işgəncələr zamanı zərərçəkmişlərə kompensasiya ödənilsin, xidmətə yararlı olanların iş fəaliyyəti bərpa edilsin.

5. İstintaq prosesində səlahiyyət həddini aşan, müəyyən olunmuş qanun və qaydalardan sui istifadə edənlər məsuliyyətə cəlb edilsinlər.

İnanırıq ki, ədalətin bərqərar olması üçün atılan hər bir addım Qarabağ zəfəri qədər millətimiz üçün əhəmiyyətli və yaddaqalan olacaq.

Doğru Yol Partiyası Təşkilat Komitəsi olaraq “Tərtər işi” nəticəsində sağlamlıqlarını itirmiş hər bir zərərçəkmişə Allahdan şəfa, işgəncələr nəticəsində şəhid olmuş hər bir vətəndaşımıza Allahdan rəhmət, yaxınlarına isə səbrlər diləyirik.

16 İyun ,2021-ci il, Bakı şəhəri

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here