Dollar ilin son günlərində bahalaşa bilərmi?

İqtisadçı ekspertlər manat-dollar münasibətində gözləntilər barədə

FED bu ay uçot dərəcəsini artıra bilər. Bu haqda qurumun yeni rəhbəri bəyanat yayıb. Fevralda ABŞ Federal Ehtiyat Sisteminin yeni rəhbəri olacaq Cerom Pauel dekabr ayında uçot dərəcəsinin 0,25 faiz bəndi artırılmasının doğru qərar olduğunu açıqlayıb. O,  uçot dərəcəsinin hazırkı aşağı səviyyədə qalmasını imkansız olduğunu bildirib.

Bəs görəsən, FED bu ay uçot dərəcəsinin artmasına qərar verərsə, bu, dünyada, eləcə də Azərbaycanda dolların mövqeyinə necə təsir edə bilər? İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov dolların bahalaşması ehtimalının yüksək olduğunu qeyd etdi: “FED-in İdarəçilər Şurasının növbəti iclası dekabrın 13-nə gözlənilir. Çox böyük ehtimalla həmin iclasda dərəcə artırılacaq. Hazırda dərəcə 1,25%-dir. 1.5% olması gözlənilir. Şura üzvlərinin əksəriyyətinin hələlik mövqeyi belədir. FED-in gələcək rəhbəri Cerom Pauell də bu yaxında dərəcənin gələcəkdə də artması proqnozunu verib. Böyük ehtimalla növbəti ildə dərəcə 3%-ə çatacaq. Bu isə dolların dünyada bahalaşmasını qaçılmaz edir”.

Image result for Əkrəm Həsənov

İqtisadçının sözlərinə görə, manata münasibətdə də  dollar bahalaşa bilər: “Sadəcə, bizim milli valyutanın cari məzənnəsi süni olduğu və sırf manat kütləsinin azaldılması və valyuta ehtiyatlarının xərclənməsi yolu ilə sabit saxlandığı üçün yəqin ki, ilin sonu-növbəti ilin əvvəli bizdə ciddi dəyişiklik baş verməyəcək. Amma bütövlükdə növbəti il ərzində manatın ucuzlaşması ehtimalı yüksəkdir. Çünki prezident seçkiləri ilində ən azı dövlət xərclərinin artırılması gözlənilir. Mərkəzi Bank əvvəlki kimi manat kütləsini çox sıxa bilməyəcək. Hətta banklara da kreditlərin verilməsini artıracaq, çünki iqtisadiyyatda pulsuzluq artıq ciddi hiss olunur. Bu, çox davam edə bilməz. Ancaq bu, hələ o demək deyil ki, manat kəskin devalvasiyaya məruz qalacaq. Çünki valyuta ehtiyatlarımız kifayət qədərdir və onların hesabına manatın yalnız cüzi devalvasiyaya məruz qalmasına nail olmaq olar”.

Ə.Həsənov onu da vurğuladı ki, son nəticədə hər şey gələn il neftin qiymətindən asılı olacaq: “Həmin qiymət isə iqtisadiyyatdan çox geosiyasi amillərə bağlıdır. Hələlik neftin ucuzlaşması ehtimalı daha inandırıcı görünür. Bu halda dolların daha kəskin bahalaşması qaçılmazdır. Lakin neftin bahalaşması ssenariləri də var. Məsələn, Səudiyyə Ərəbistanında daxili siyasi vəziyyət gərginləşsə, neft bahalaşa bilər. Hər bir halda manatın bahalaşması deyil, məhz ucuzlaşması ehtimalı daha çoxdur”.

İqtisadçı ekspert Rəşad Həsənov isə hesab edir ki, hazırkı situasiya dünya bazarında dolların bahalaşması üçün zəmin formalaşdırmır: “Son dövrlər dollar öz mövqeyini  əhəmiyyətli dərəcədə zəiflədib. Gözlənilir ki, FED-in qərarlarının da təsiri nəticəsində dollar əvvəlki  mövqeyinin bir qismini kompensasiya edə bilsin. Ancaq böyük ehtimalla, yaxın illərdə biz avronun 1 ABŞ dollarına bərabər olmasını müşahidə edə bilməyəcəyik. ABŞ hökuməti dolların möhkəmlənməsində o qədər də maraqlı görünmür. Bu xarici  ticarətdə rəqabətliliyin təmin olunması məsələsidir. Onu da nəzərə almaq lazımdır ki, FED özü də dolların kəskin möhkəmlənməsində maraqlı deyil və o səbəbdən prosesi mərhələli şəkildə həyata keçirir. İtkilərin qarşısını almaq  və aktivlərin məhdudlaşdırılması siyasəti ilə paralel  olaraq, dolların kəskin bahalaşmasının qarşısını almağa da cəhd göstərir”.

Image result for Rəşad Həsənov

İqtisadçının sözlərinə görə, ola bilər ki, qərar qəbul etməyə qədərki dövrdə dolların möhkəmlənməsi baş versin: “Bu baxımdan növbəti həftələrdə dünya bazarlarında dolların möhkəmlənməsini müşahidə edə bilərik. Ancaq bu qərarın qəbul edilməsindən sonra bazarlar əsasən 2018-ci il üçün açıqlanan proqnozları qiymətləndirməyə çalışacaq. Bütün bunlara baxmayaraq, ABŞ dollarında kəskin bahalaşma gözlənilmir. Faktiki olaraq bu gün biz bazarlarda bu istiqamətdə trendləri müşahidə etmirik. Ancaq dolların ucuzlaşmasına səbəb olacaq digər faktorlar da var. Onlardan biri bu gün ABŞ hökumətinin qeyri-stabil siyasətidir. Dolların son dövrlərdə zəifləməsində bu siyasətin əhəmiyyəti böyük olub. Tramp hakimiyyəti dövründə dollar dünya bazarında gözlənilməyən səviyyədə öz dəyərini itirdi. Buna əsas səbəb Trampın seçki dövründə verdiyi vədləri yerinə yetirə bilməməsi, xüsusilə də vergi güzəşti ilə bağlı qərar qəbul etməməsi oldu. Siyasi hakimiyyətə güvənsizliyin özü bu gün qlobal səviyyədə ABŞ dollarına investor tələbini aşağı salıb. Bu trend növbəti dövrlərdə də müşahidə edilə bilər. O baxımdan biz 2018-ci ildə dollarda kəskin məzənnə dəyişikliyi gözləmirik”.

Nərgiz LİFTİYEVA

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.