Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə olaraq kişilər arasında siqaret çəkənlərin sayında azalma qeydə alıb: Azərbaycanda bu göstərici hələ də kifayət qədər yüksək səviyyədədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün yayımladığı hesabata görə, dünyada kişi tütün istifadəçilərinin sayı azalmaqdadır ki, bu da dünya hökumətlərinin tütünlə mübarizə səylərinin əhəmiyyətli nəticələr verdiyini göstərir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son iyirmi ildə tütün istifadəçilərinin ümumi sayı 2000-ci ildəki 1,397 milyarddan 2018-ci ildə 1,337 milyarda qədər – təxminən 60 milyon nəfər azalıb. Eyni zamanda, 2018-ci ildəki göstərici ilə müqayisədə 2020-ci ildə kişi siqaret çəkənlərin sayının 1 milyon, 2025-ci ilə qədər isə 5 milyon azalması gözlənilir.

Tütünə qarşı müabrizədə beynəlxalq təcrübə

Böyük Britaniyada siqaret qutusunun ən azı 1/3-ü və qutunun hər iki tərəfində xəbərdarlıq yerləşdirilir. Qutunun ön tərəfində, ağ fonda, böyük hərflərlə «Siqaret çəkmək öldürür» yazısı, arxa tərəfində isə tütün məmulatlarının törətdiyi müxtəlif fəsadlar haqqında məlumat yerləşdirilir.

Avstraliyada isə qutunun ön tərəfinin ən azı 1/3-də siqaretin səbəb olduğu xəstəliklər, arxa tərəfində (qutunun 90 faizini əhatə etmək şərti ilə) isə bu xəstəliklər nəticəsində ziyan görmüş bədən orqanlarının şəkilləri yerləşdirilir. Təbii ki, bu xəstəliklər haqqında ətraflı məlumat şəkilləri müşayiət edir. Bundan başqa, siqaret çəkməyi dayandırmaq istəyənlər üçün qaynar xəttin nömrəsi qutuların üzərinə yerləşdirilir.

Kanadada qutunun ön və arxa tərəflərində siqaretin törətdiyi fəsadlar, həmçinin cinsi zəifliyə səbəb olması barədə xəbərdarlıq yerləşdirilir.

Avstriya vəAlmaniyada isə siqaret qutusunun ön və arxa tərəflərində müxtəlif xəbərdarlıqlar yerləşdirilir. Bu xəbərdarlıqlar qutunun ən az 30 faizini əhatə etməlidir.

Türkiyədə də siqaret qutusunun ön və arxa tərəfində onun zərərləri və «Siqaret çəkmək öldürür» xəbərdarlığı yerləşdirilir.

Azərbaycana gəldikdə…

Azərbaycanda isəən kiçik şriftlərlə qutunun bir küncündə «Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Siqaret çəkmək sizin səhhətiniz üçün təhlükəlidir» sözləri yazılıb. Bir çox qutuda isə «Səhiyyə Nazirliyi xəbərdarlıq edir» məlumatı çox kiçik şriftlərlə, görünməz şəkildə yazılıb. Xəbərdarlıqlar bəzən açıq fon üzərində açıq rənglərlə yazılır.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirib ki, hazırda il ərzində 6 milyona yaxın insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişir: “Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimizin bu zərərli vərdişə tutulmamasına çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda xilas ola bilmirlər”.

Şagirdlər və gənclərlə siqaretin dəhşətli zərərli təsirləri, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə ilə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan Q.Paşayeva bildirib: “Ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq”. Deputat onları bu zərərli vərdişdən xilas olmaq üçün düşünməyə və addım atmağa çağırıb. Siqaretin çəkmənin zərərlərindən danışan milllət vəkili Qənirə Paşayeva bu istiqamətdə maarifləndirmə və ictimai qınağın da önəmini xüsusi vurğulayıb.

“Siqaret əleyhinə sosial reklamların çatdırılma forması qüsurludur”

AMEA-nın əməkdaşı, Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov ilirib ki, siqaret əleyhinə sosial reklamların çəkilməsi ümumilikdə müsbət haldır. O qeyd edib ki, tütünün insan sağlamlığına zərərləri barədə sosial çarxların çox olması müsbət nəticə verə bilər: “Həm televiziyalarda, həm də şəhər və bölgələrimizin küçələrində tütün əleyhinə sosial reklamlar verilməlidir. Ümumilikdə hesab edirəm ki, sosial reklamlarla komersiya reklamlarının balansı qorunmalıdır. Bu məsələ dövlət qanunları ilə tənzimlənməlidir”.

Ağasəlim Həsənovun sözlərinə görə, qeyd olunan reklam çarxında tütün əleyhinə təbliğat olsa da, bunun içərisində əks effektiv verə biləcək məqamlar var: “Ümumiyyətlə bu sosial reklamın içərisində qüsurlar var, çatdırılma forması qüsurludur. Bu reklamı başqa formada təqdim etmək olardı. Tütünün insan sağlamlığına zərəri barədə məlumat xarakterli ola bilərdi və ya hamilə qadının siqaret çəkməsinin fəsadları qeyd oluna bilərdi. Hesab edirəm ki, sosial reklamlar hazırlanarkən bunun məzmununa diqqət yetirilməlidir. Fikir vermək lazımdır ki, reklam antireklama çevirilməsin”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here