Enerji içkilərinin hansı təhlükələri var?

Vaqif Qarayev: “Ən ciddi mənfi təsir ondan ibarətdir ki, enerji içkiləri orqanizmin ehtiyat enerji resurslarını sorur. Yəni ki, orqanizm özünün təbii enerjisindən məhrum olur və normal ritm pozulur”

 Eyyub Hüseynov: “Təəssüf ki, ölkədə keçirilən bir sıra böyük yarışlarda da sponsorluğu enerji içkiləri edir. Bu, yolverilməzdir. Enerji içkilərinin reklamı qadağan olunmalıdır”.
Fuad Cəlilov: “Energetik içkiləri reklam edən məşqçilər o firmalardan pulsuz içki aldıqlarına görə, idman və ya fitnes üçün yanlarına gələn şəxslərə də bu içkilərdən tövsiyə edirlər”.
Son zamanlar istər böyüklər, istərsə də azyaşlı uşaqlar arasında energetik içkilərdən istifadə etmək kütləvi hal alıb. Lakin zaman keçdikcə bütün dünyada, o cümlədən Azərbaycanda da gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artmaqda davam edir. Energetik içkilər yaşı 14-15-dək olan uşaqlar və 45-50 yaşdan sonra olan şəxslər üçün daha təhlükəli hesab olunur. Araşdırmalara görə, enerji verən içkilər insanların ölüm riskini artıran amillərdən biridir.
Dünyanın bir sıra ölkələrində enerji içkilərinin satışı qadağan olub. Fransa, Danimarka, Norveçdə isə yalnız apteklərdə satılır. Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilib. Bəs görəsən, Azərbaycanda  enerji içkilərinin  satışının dayandırılmasını mümkündürmü?
Enerji içkilərinin tərkibində olan kofeinin insan sağlamlığı üçün hansı təhlükələri var? Azyaşlı uşaqların enerji içkilərindən istifadə etməməsi üçün nə kimi ciddi addımlar atılmalıdır? İdmanla məşğul olan bir çox insanlar məşqdən öncə enerji içkilərindən istifadə edirlər. Məşqdən əvvəl enerji içkisi içməyin təsirləri hansı səviyyədədir və ümumiyyətlə, bu içkilərin müsbət tərəfi varmı?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı pediatr Vaqif Qarayev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və fitnes məşqçi Fuad Cəlilova müraciət edib.
Image result for vaqif qarayev

Vaqif Qarayev: “Enerji içkiləri təzyiqin qalxması, ürək döyüntülərinin sayının artması və depressiyanın yaranmasına səbəb olur”.

Enerji içkilərinin insan sağlamlığı üçün təhlükəli olduğunu vurğulayan pediatr Vaqif Qarayevə görə, bu içkilər orqanizmin enerji ehtiyatlarını azaldır:
“Avropanın bir çox ölkələrində enerji içkilərinin həm istehsalı, həm də satışı qadağan olunub. Xüsusən də uşaqların bu içkilərdən istifadə etməsi qadağandır. Energetik içkilərin tərkibində şəkər, kofein, vitamin qrupu və xüsusən vitamin B6 var. Bunlar normadan artıq qəbul ediləndə uşaq orqanizmi üçün ciddi fəsadlar törədir. Məsələn, kofein normadan artıq qəbul olunduqda ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir. Bu içkilərin tərkibindəki şəkərin normadan artıq olması şəkərin qalxmasına səbəb olur. Eyni zamanda vitamin qrupu multivitamin deyil. Xüsusən B6 normadan artıq qəbul olunsa, sinir sistemində xoşagəlməz fəsadlar yaradacaq. Daha çox isə əllərdə əsmə kimi hallar baş verəcək. Həmçinin enerji içkiləri depressiyanın yaranmasına yol açır. Uşaqlarda dərsə qarşı nizamlılıq və maraq azalır, yaddaşda müəyyən problemlər yaranır. Ümumilikdə isə, enerji içkiləri təzyiqin qalxması, ürək döyüntülərinin sayının artması və depressiyanın yaranmasına səbəb olur.
Düzdür, bu içkilərin insanda gümrahlıq yaratdığını deyirlər. Bu fikirlə razıyam. İlk saatlarda içkinin tərkibindəki inqridentlər insanda gümrahlıq, “enerji bolluğu” yarada bilər.  Lakin sonrakı mərhələdə çox qəbul edildikdə əks təsirləri olur. Ən ciddi mənfi təsir ondan ibarətdir ki, enerji içkiləri orqanizmin ehtiyat enerji resurslarını sorur. Yəni ki, orqanizm özünün təbii enerjisindən məhrum olur və normal ritm pozulur. Digər ciddi mənfi təsir isə tərkibində kofeinin olmasından dolayı asılılığın yaranmasıdır. Kofein istehsalçılarına görə, kofeni də çox içəndə asılılıq yarada bilər. Ancaq məsələ burasıdandır ki, söhbət tək kofeindən getmir. Enerji içkilərinin tərkibində olan digər inqridentlər orqanizmi normal ritmdən çıxarır. Uşaqların bu içkilərdən istifadə etməsi qətiyyən düzgün deyil.
Marketlərdə diqqət edirəm, valideynlərin çoxu bu içkilərdən alırlar. Ərkim çatanlardan səbəbini soruşanda insanı aktivləşdirdiyini və müsbət təsir etdiyini deyirlər. Haradasa ayda-ildə bir dəfə istifadə etmək olar, amma gün ərzində iki dəfədən çox və yaxud hər gün davamlı şəkildə bu içkilərdən istifadə etmək uşaq üçün çox ziyanlıdır.
Azərbaycanda enerji içkilərinin satışının qadağan olunmasına gəlincə, bu,  mümkün deyil. Çünki ortada ciddi biznes şəbəkəsi var. Onlara kimin ölüb-ölməməsinin və ya nəsə olması maraqlı deyil”.
Image result for eyyub hüseynov ekspert

Eyyub Hüseynov: “Ölkədəki xaricilərə məxsus fəaliyyət göstərən məktəblərdə  bayram günlərində uşaqlara enerji içkiləri verilir”.

Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi standarta məhəl qoymadan orta məktəblərin 70%-də enerji içkilərinin satıldığını bildirən ekspert Eyyub Hüseynova görə, uşaqların sağlamlığını qorumaq üçün orta məktəblərdə ciddi addımlar atılmalıdır:
“İki il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məxtəb bufetləri üçün bir standart hazırlamışdı. Həmin standartda birmənalı şəkildə göstərilib ki, məktəb bufetlərində enerji içkilərinin satışı qadağandır. Lakin təəssüflər olsun ki, bölgələrimiz də daxil olmaqla, məktəblərin 70%-də energetik içkilər satılır. Eyni zamanda ölkədəki xaricilərə məxsus fəaliyyət göstərən məktəblərdə  bayram günlərində uşaqlara enerji içkiləri verilir. Bu, arzuolunmazdır və uşaqların sağlamlığında mənfi izlər qoyur. Buna görə də valideynlər və valideyn komitələri uşaqları bu təhlükəli və zərərli içkilərdən uzaqlaşdırmaq üçün çox fəal şəkildə lazımi addımları atmalıdırlar.
Təəssüf ki, ölkədə keçirilən bir sıra böyük yarışlarda da sponsorluğu enerji içkiləri edir. Bu, yolverilməzdir. Ümumiyyətlə, enerji içkilərinin reklamı qadağan olunmalıdır. Bu yaxınlarda Azad istehlakçılar Birliyinə Şəmkirdən gələn bir fermer bildirdi ki, pomidor üçün toxum alıb. Lakin istənilən nəticə əldə olunmadığına görə böyük ziyana düşüb və o toxumu satan adama şikayət edib ki, bəs deyirdin çoxlu məhsuldarlıq olacaq? Toxumu satan şəxs deyib ki, enerji içkilərinin reklamında da insanın içəndə uçduğu deyilir. Səncə, adam içəndə uçur? Mənim də toxumun üstünə yazdığım reklam xarakterlidir. Inanıb almazdın. Ind görün ki, paradoksal vəziyyət hansı səviyyədədir. Valideynlər və məktəb işçiləri  uşaqların sağlamlığı naminə enerji içkilərinə qarşı birgə mübarizə aparmalıdırlar.
Bu içkilərin satışının qadağasına gəlincə, bu, Azərbaycanda mümkün deyil. Çünki hökumətin səhv siyasəti var. Hansı ki, hökümət üçün kimin nə satdığının bir önəmi yoxdur. Yetər ki, pul olsun. Həmçinin istehlakçıların hüququ qorunmur. Ona görə də  apteklər, xəstəxanalar insanlarla doludur.Ölkə prezidentinin fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Ümid edirik ki, bu agentlik bir sıra təhlükəli vəziyyətlərin qarşısını ala biləcək”.
photoslide_title

Fuad Cəlilov:  “İdmanda “Hell”, “Redbull” və s. kimi energetik içkilərdən istifadə etmək qadağandır”.

Məşqdən öncə içilən energetik içkilərin heç bir təsirinin olmadığını vurğulayan fitnes məşqçi Fuad Cəlilov bildirib ki, süni enerji verən kimyəvi əlavələr insan orqanizmi üçün heç də məsləhətli deyil:
“Enerji içkilərini daha çox bodybuilder və fitnes treynerlər reklam edirlər. Olimpiya idman növü ilə məşğul olan hansısa bir idmançı enerji içkilərindən içmir, onlara zülal tərkibli xüsusi qidalar verilir. İdmançılar enerji davamlılığını yalnız tibbə söykənən əsaslarla yüksəldirlər. Bu isə zülal və  vitamin qəbulunun çəkiyə uyğun normada müəyyənləşdirilməsi ilə yerinə yetirilir. Əslində idmanda “Hell”, “Redbull” və s. kimi energetik içkilərdən istifadə etmək qadağandır. Bu içkini istehsal edən firmalar  deyir ki, içkinin tərkibində olan taurinin əzələyə faydası var, amma müasir tibb bu söhbətin sadəcə nağıl olduğunu isbat edib. Həmçinin energetik içkilərin tərkibindəki kofein ürəyin tonusunu deyildiyi kimi, normaya salmır. Əslində əsəb sistemini məhv edir. İçkinin tərkibində latın dilinde “mate” adlı ot var və bu  ot iştahı azaldır ve enerji alıcıdır. Onu da qeyd edim ki, bu  içkilər istehsal olunduğu ölkələrde artıq qadağan olunmağa başlayıb.
Məşqdən öncə içilən energetik içkinin heç bir təsiri yoxdur. Enerji içkilərinin reklamı da həqiqəti əks etdirmir. İnsanlarımız reklama inanmasalar, daha yaxşı olar. Reklamda deyir ki,  “Red Bull qanadlandırır”. Bir nəfər bu reklamdan sonra “Red Bull”u məhkəməyə  vermişdi və səhv xatırlamıramsa,  2 milyon manat təzminat almışdı. Energetik içkiləri reklam edən məşqçilər o firmalardan pulsuz içki aldıqlarına görə, idman və ya fitnes üçün yanlarına gələn şəxslərə də bu içkilərdən tövsiyə edirlər. Əslində isə energetik içkilərin məşq üçün ciddi təsiri yoxdur”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.