Bizimsesimiz.info // Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin Sputnik Azərbaycan-a verdiyi müsahibəni bizimsesimiz.info ixtisarla oxucuların diqqətinə təqdim edir.

— Azərbaycan-Fələstin münasibətləri haqqında nə deyə bilərsiniz? Sizcə perspektivdə bu münasibətlər necə olacaq?

— Azərbaycan və Fələstin arasında əlaqələrin qədim tarixi var. Buzum uzun əsrlər boyu münasibətlərimiz olub. Mərhum prezidentlər Heydər Əliyev və Yasir Ərəfat arasında həm müstəqillik dövründə, həm də müstəqillikdən öncə kifayət qədər sıx və isti münasibətlər var idi. İndinin özündə də Azərbaycan-Fələstin əlaqələri kifayət qədər yüksək səviyyədədir.

Bakıda Fələstin səfirliyi açılandan sonra bu əlaqələr daha da dərinləşdi… Azərbaycanın Fələstin məsələsində mövqeyi dəyişməz və sabitdir. Fələstin də öz növbəsində bütün məsələlərdə Azərbaycan dövlətinin mövqeyini dəstəkləyir və bütün məsələlərdə Azərbaycan dövləti ilə çiyin-çiyinə dayanır…

— Azərbaycan, İsraillə yüksək səviyyəli əlaqələrinin olmasına baxmayaraq, Qüds probleminə göz yummayacağını açıq şəkildə bəyan etdi. Rəsmi Bakının bu məsələdə tutduğu mövqeni necə qiymətləndirirsiniz?

— Azərbaycan Dövləti İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olaraq məhz bu kimi məsələlərdə öz mövqeyini nümayiş etdirir. Əlbəttə, qarşılıqlı maraqlara əsaslanmış bir münasibət bizimlə Azərbaycan arasında olan münasibətə qətiyyən təsir etmir. Çünki biz çox gözəl başa düşürük ki, Azərbaycan dövləti öz milli maraqları çərçivəsindən çıxış etməlidir. Fələstin dövləti Azərbaycan-İsrail əlaqələrinə pis baxmır. Onun İsraillə əlaqələrinin olmasını müsbət qiymətləndiririk. Eyni zamanda, Qüds kimi məsələlər ortaya çıxan zaman Azərbaycan öz açıq mövqeyini, fikrini ortaya qoyur. Əlbəttə, Şərqi Qüds təkcə Fələstinin paytaxtı deyil, həm də dünyada müsəlmanlar arasında 3-cü müqəddəs yer sayılır. Azərbaycan dövləti prinsipial mövqeyini ortaya qoymaqla demək istəyir ki, Qüds dünyada olan bir milyard yarım müsəlmanla yanaşı, məni də maraqlandırır. Azərbaycan müstəqil, fəal siyasət aparmaqla, İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq belə mövqe ortaya qoyur.

Qüdsün müqəddəsliyi bütün dünya müsəlmanlarına məlumdur. Bildiyiniz kimi Məhəmməd peyğəmbər (ə.s) Qüdsdə Qübbətüs-Səhradan Allaha qovuşub, merac edib. Eyni zamanda, islam dini yayılan zaman ilk illərdə Qüds müsəlmanların ilk qibləgahı olub. İnsanlar uzun illər Qüdsə doğru namaz qılıb. Bu və digər məsələlərə görə, Qüdsün müqəddəsliyi bir çox müsəlman ölkələri üçün vacib olduğu kimi Azərbaycan üçün də əhəmiyyətlidir. Bilirsiniz ki, İslam Əməkdaşlıq Təşkilatı məhz Qüds səbəbi ilə yaranıb. Azərbaycan dövləti də “mən də bir müsəlman dövlətiyəm” deyir. Və öz sabit dəyişməz mövqeyini qoruyub saxlayır. Azərbaycanın mövqeyi İslam aləminin mövqeyi ilə üst-üstə düşür. Azərbaycan tarixən bu mövqedə olub, Azərbaycanın tarixən mövqeyi sabit olub. Və Azərbaycan İslam sivilizasiyasına aid olduğunu hər zaman nümayiş etdirib.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim

— Qüds məsələsində dünya birliyinin vahid mövqeyi İsrailin 1967-ci ilə qədərki sərhədlərə qayıtmasıdır. İsrail bu mövqe ilə barışmasa, proseslərin sonunu necə görürsünüz?

— Əlbəttə, İsrail bu mövqe ilə barışmasa, təbii ki, mübarizə davam edəcək. Bunun başqa yolu yoxdur. İsrail uzaqgörən siyasət aparsa, bir az güzəştə getsə, İslam aləmi onu qəbul edər və islam aləminə inteqrasiya oluna bilər. Bunu edə bilmək üçün bir qədər uzaqgörənliyə ehtiyac var. Amma təəssüf olsun ki, İsrail hökuməti öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir. İsrail öz siyasətini güc yolu, silah yolu, zorakılıqla həyata keçirir. Bu yanlışdır. Bizim mübarizəmizin tarixi 100 ilə yaxındır. Əgər biz bu qədər mübarizəmizi davam etdirmişiksə, bundan sonra da davam etdirəcəyik. İsrail İslam aləminə yaxın olmaq, Fələstinlə yaxşı münasibətlər qurmaq istəyirsə, öz qonşuları ilə yaxşı münasibət qurmaq istəyirsə, bu münaqişənin nizamlanmasına çalışmalıdır. Biz tarixən güzəştə gedən tərəf olmuşuq. Beynəlxalq qanunvericiliyin bizə tətbiq etdiyi 78 faiz ərazini İsrailə verib 22 faiz torpaqda öz dövlətimizi qurmağa razılıq vermişik. Ancaq buna rəğmən İsrail bununla da razılaşmır. Fələstində ardıcıl olaraq beş nəsil müstəqillik uğrunda mübarizə aparıb və İsrailin ekstremist mövqeyi fələstinlilərə öz mübarizələrini davam etdirməyə mane olmayacaq.

— Azərbaycan mətbuatında zaman-zaman Fələstinin Ermənistanla yaxın münasibət qurması və Dağlıq Qarabağ separatçılarına dəstək verməsi ilə bağlı sərt ittihamlar səslənir. Bu ittihamlar nə dərəcədə doğrudur? Ümumiyyətlə, Fələstin-Ermənistan münasibətlərini necə xarakterizə edərdiniz?

— Mən bu suala görə çox təşəkkür edirəm. Və bu suala cavabım bir qədər geniş olacaq. Əvvəlcə onu deyim ki, Azərbaycana qarşı Fələstin-Ermənistan birliyi barədə bəzi mətbuat orqanlarında yazılan yazıları oxuyan hər bir şəxs bilməlidir ki, bu məntiqsiz bir yalandır. Bu yalan təkrarlandıqca özünə yer alıb və artıq bu yalanı yayan insan özü də buna inanmağa başlayıb. Amma bu xəbərlərin heç bir rəsmi əsası yoxdur. Bu günə qədər kimsə bir bu məsələdə bir dəlil gətirməyib. Azərbaycanlı jurnalistlərin əksəriyyəti peşəkardır. Lakin bəzi jurnalistlər araşdırma aparmadan, keçmişdə deyilən şayiələr əsasında yazılar hazırlayır. Mənə elə gəlir ki, biz özümüzdən bu kimi yalanları yaymaqdan kim faydalandığını soruşmalıyıq. Bu şayiəni yayanın iki məqsədi ola bilər: birincisi, özünü yorub araşdırma aparmaq istəmir, şayiəyə inanır və yalanın yayılmasına töhfə vermiş olur; ikincisi, ola bilsin ki, ideoloji baxımdan İsrail cərəyanlarından birinə yaxındır. Çünki onlar hesab edirlər ki, yalan Fələstinin Azərbaycanda imicinin korlanmasına kömək edir. Ancaq bu həqiqət deyil. Bəzi, az sayda insanlar montajla materiallar, videolar, yazılar hazırlayırlar. Biz yazılan bu yalanları bacardığımız qədər təkzib edirik. Məsələn, sosial şəbəkələrdə prezident Mahmud Abbasın fotoşopla düzəldilmiş şəklini qoyub, altına istədiklərini yazırlar. Bunların mənbəyi yoxdur. Sadəcə yayırlar və insanların beynində yalan fikirlər formalaşdırırlar.

(Səfir bizə internetdə montaj edilib hazırlanmış videoları və şəkilləri göstərib açıqlama verir)

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim

Bu yaxınlarda mötəbər bir agentlik öz facebook səhifəsində mərhum prezident Yasir Ərəfatın ərəb xristian din adamı Hilarion Cappuci ilə görüşdüyü bir şəkli montaj edərək altına “Erməni keşiş və Asala terror təşkilatının rəhbəri ilə Yasir Ərəfatın görüşü” yazmışdı. (Videonun altında yazı İsrailin rəsmi dövlət dili olan ivrit dilindədir). Bu videoya 102 min şəxs baxıb. Və heç kim araşdırmayıb ki, bu adam kimdir. Bu adamın adı Hilarion Cappucidir. Bu şəxs erməni deyil, o ərəb xristian din adamıdır. Və o, Fələstin xalqı tərəfindən qəhrəman hesab edilir. Bu şəxs Fələstini müdafiə etdiyinə görə İsrail həbsxanalarında 4 il cəza çəkib. Vatikan müdaxilə etdikdən sonra bu şəxs azadlığa buraxılıb. Buraxıldıqdan sonra Yasir Ərəfat onunla səmimi görüşüb. Fələstinə görə İsrailə qarşı çıxmaq böyük cəsarət tələb edir. Siz bəlkə ermənilərdən soruşsanız ki, bu şəxs kimdir, tanımazlar. Bəzən Yasir Ərəfatın dilindən CAPSlar hazırlanır. Guya Ərəfat ermənisevər biridir, amma heç kim rəsmi mənbə göstərmir.

(Daha sonra səfir sosial şəbəkədə yayılmış bir neçə videogörüntüyə aydınlıq gətirir)

Buna görə də, həmin agentliyə müraciət olundu və onlar üzr istədilər. Yəni, belə materiallar araşdırılmadan verilməməlidir.

Yasir Ərəfatla Mahmud Abbasın şəkillərinin yanında olan sözlər hamısı fotoşopla edilib. Fələstində bir erməni məhəlləsi var. Orada az sayda 3000-ə qədər erməni yaşayır. Lakin onlar Fələstin vətəndaşlarıdır. Onlar da fələstinlilər kimi düşünür və İsrail işğalından əziyyət çəkirlər. Mahmud Abbas və yaxud Yasir Ərəfat danışanda bu ermənilərə xitab edir. Onların xitabları öz vətəndaşlarınadır. Lakin bəzi şəxslər həmin xitab hissəsini götürərək, yayımlayır. Burdan da elə görünür ki, sanki Mamud Abbas və Yasir Ərəfat Ermənistandakı ermənilərə xitab edir. Halbuki bu şəxslər öz əhalisinə xitab edir. Belə halları montaj edərək yayırlar.

2015-ci ildə bizə agentliklərdən birindən bir poçt markası daxil oldu. Poçt markasını bizə göndərərək bildirdilər ki, bunu Fələstin buraxıb. Kimsə professional olaraq markanın üzərində işləmişdi. Axırda da yazılmışdı ki, Fələstin erməni soyqırımının 100 illiyi münasibəti ilə poçt markası buraxıb. Bu ictimaiyyətdə yayıldı. Biz təkzib verdik, Fələstin Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirdi. Fələstin İnformasiya Texnologiyaları Nazirliyi də rəsmi bəyanat yaydı ki, biz belə bir marka buraxmamışıq. Hər kəsə tövsiyə edirəm ki, belə məlumatlarla qarşılaşan zaman bizə səfirliyə müraciət etsinlər.

Mümkün deyil ki, Fələstin belə bir marka buraxsın. Belə bir markanın buraxılması ilk öncə Fələstinin mövqeyi ilə uzalşmır, ikincisi mümkün deyil ki, Fələstin dövləti qardaş və onun mühüm tərəfdaşı olan Türkiyə Cümhuriyyəti ilə əlaqələrinə zərər yetirsin.

Həmçinin fələstinlilərin Dağlıq Qarabağa gedib, ermənilərlə azərbaycanlılara qarşı vuruşması bağlı yalanlar yayılır.

Hesab edirəm ki, hər bir iş və məsələ ağıl və məntiqlə ölçülür. Buna görə də, aşağıdakıları vurğulamaq istəyirəm: Azərbaycan və Fələstin dost, qardaşdır, onların hər ikisinin tarixi və mədəni əlaqələri var. Bu həqiqət bir yana. Fələstinlilər müasir bəşəriyyət tarixinin ən çətin və ən uzun işğalından əziyyət çəkmirlər və problemləri özlərinə kifayətdir. Öz azadlıqları və müstəqillikləri uğrunda illərdir ki mübarizə aparırlar. Bu onlara bəs deyilmi?

İkincisi, Fələstin böyük bir güc deyil ki, öz döyüşçülərini ora-bura yayıb başqalarının müharibəsində iştirak etsin. Nə üçün, nə maraqları var ki, fələstinlilər Dağlıq Qarabağa gedib orada ermənilərlə birgə döyüşsün?

Üçüncüsü, Fələstin dövləti Azərbaycan Respublikası ilə diplomatik əlaqələrini 1992-ci ildə qurub. Yəni, Azərbaycan dövləti müstəqillik qazanan kimi bu münasibətlər qurulub. Fələstin dövlətinin Bakıda səfirliyi var və bayrağımız səfirlik qarşısında dalğalanır.

Amma özünüz də araşdırsanız görərsiniz ki, Fələstinin Ermənistanla heç bir əlaqəsi yoxdur. Nə bir diplomatik əlaqəsi, nə səfirliyi, nə konsulluğu. Fələstinlə Ermənistanı bağlayan rəsmi heç nə yoxdur! Hesab edirəm ki, dövlətlər arasında digərlərinə zərər verməməklə qarşılıqlı maraqlara əsaslanan adi əlaqələri, digərlərinə zərər verən əlaqələrdən fərqləndirmək vacibdir. Azərbaycanın İsraillə, Fələstinə prinsipial dəstək verməsinə və kömək etməsinə təsir etməyən yaxşı əlaqələri var. Fələstinin də qardaş və dost dövlətlərin maraqlarına zərər yetirməyən digər dövlətlərlə əlaqələr qurmaq hüququ var.

Unutmamaq lazımdır ki, işğaldan əziyyət çəkən Fələstin digər dövlətlərin işğal edilməsinə dəstək göstərə bilməz. Fələstin-Azərbaycan dostluğu möhkəm əsaslara söykənib və bu əlaqələrə bəzi yalanların təsir göstərməsi mümkünsüzdür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here