Bizimsesimiz.info //Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılayıb. Xüsusən də, ayrı –ayrı zamanlarda Cümhuriyyətin bütün yükünü çiyinlərinə alan baş nazirlər Fətəli xan Xoyski və Nəsib bəyin fəaliyyətlərinin müəyyən çətin mərhələri  barəsində araşdırma mediasında o qədər də çox yazılara rast gəlinmir.

Məsələn, Fətəli xan Xoyskinin 1918-ci il 7 dekabr tarixində, yəni, Azərbaycan Cümhuriyyətinin parlamentinin açılışında səsləndirdiyi tarixi nitq haqqında təəssüf ki, elektron və çap mediasında çox az bilgiyə rast gəlmişik. Azərbaycan Cümhuriyyəti parlamentinin tərtib edilən stenoqramlarında və Fətəli xan Xoyskidən bəhs edən bəzi araşdırma məqalələrdə həmin tarixi nitq və o nitqə aparan yollar barəsində müəyyən məqamlar işıqlandırılıb.

Xoyski çıxışında 1918-ci ilin 28 mayından bugünədək keçdikləri keşməkeşli yoldan danışır. Üzləşdikləri çətinliklər, yaşadıqları basqılardan söz açan Xoyski bununla belə, may ayından bəri rəhbərlik etdiyi hökumətin Azərbaycan xalqı üçün əlindən gələni əsirgəmədiyini bildirib.

Xoyskinin rəhbərliyi dövründə yaşanan ən acı tarixi faktlardan biri də İrəvanın güzəştə gedilməsidir. Amma biz tarixi situasiyanı dəyərləndirməliyik. Cəmi bir neçə ay bundan əvvəl qurulan, təhlükəsizliyi türk ordusundan asılı olan, ordusuz bir hökumət başqa nə cür qərar qəbul edə bilərdi ki?

Cümhuriyyətin xarici işlər naziri Məhəmməd Həsən Hacinskiyə yazdığı məktubunda Xoyski bu məsələyə qısa izahat verib:

“Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

 

Sonrakı proseslər bunun tam əksini göstərsə də, yenə də Xoyski və rəhbərlik etdiyi hökuməti nədəsə qınamaq olmaz. Xoyski bayaq dediyimiz tarixi nitqdə bu barədə deyirdi:

“Hökumətimiz öylə bir zamada təşəkkül etmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, mali əmniyyətdə deyildi…
İdarələrin adı varsa da, özü yox idi. Hərə başına beş-on addam yığıb bir hökumət, bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi”.

 

Buna baxmayaraq, Fətəli xan Xoyski 1918-ci ilin 7 dekabrında-parlamentin açıldığı tarixdə qanunverici orqanın ilk iclasındakı çıxışında Azərbaycan hökumətinin bir neçə aylıq fəaliyyəti barədə hesabat verdikdən sonra onun istefası haqqında bəyanatı da  təqdim edir. Bu, artıq Xoyski şəxsiyyətinin böyüklüyü demək idi:

“Fəaliyyətimizdə xətalar işləmişiksə də, hər zaman fikrimiz bu olmuşdur: Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir. Hər nazir öz nəzarətləri barəsində bəyanat verəcəkdir. Hökumətin ixtiyarı bu günə qədər idi. Şimdi isə siz yığıldınız. Hökumət başında parlamentin etimadına müzəhhər və parlamentə istinad edən bir kabinə olmalıdır.  Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz. Ona görə də mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm: hökumət hüzurunuzda istefasını verir”.

 

Lakin o sıradan bir insan yox, Fətəli xan Xoyski idi. Ona ehtiyac hər zaman olacaqdı. Bu səbəbdən də AXC parlamentinin sədri Həsən bəy Ağayev bu çıxışdan cəmi bir həftə sonra – 1918-ci il 13 dekabrda- yeni hökumət qurmaq üçün Xoyskiyə məktub yazır:

“Alişan Fətəli xan Xoyski hüzüri-alilərinə!

Azərbaycan Cümhuriyyəti məclisi-məbusanın 10 kanuni-əvvəl tarixli iclasında yeni kabinə təşkili üçün baş vəkkili intixab və dəvəti mənə mühəvvəl edilmişdi. Parlaman fraksiyalarının rəyini nəzərə alaraq, zati –alilərin məharəti-siyasilərini və bu anadək vətən və millət üçün göstərdikləri hüsn-xidmət və fədakarlıq böylə mühüm və müşkül məsələ üçün zati-alilərini dəvət etməsinə məbna baş vəkaləti qəbul və müştərək bir kabinə təşkil etməyini arzu edirəm, əfəndim.

Parlaman rəisi doktor H. Ağayev”.

Lakin Xoyski Tiflisdən yolladığı teleqramla bu dəvəti rədd edir. Bunu bir neçə səbəblə əlaqləndirir. Amma paralament üzvləri Xoyski fikrində israrlı olur. Sədr Həsən bəy ikinci dəfə ona xahiş məktubu ünvanlayır:

“Yeni hökumət təşkili üçün zat-alilərinizə 13 kanunda (dekabrda) yazdığım məktubuma rədd cavabı almağıma baxmayaraq, təkraran zat alilərinizdən millət naminə rica ediyorum ki, Vətənin bu ağır zamanında hökumət təşkili kimi məsuliyyətli bir vəzifədən bərkənar olmayıb, yeni müştərək bir kabinə təşkilini öhdənizə götürəsiniz.

Parlaman rəisi Həsəm bəy Ağayev”.

 

Mürəkkəb siyasi proseslərdən yorulmasına baxmayaraq, Xoyski gənc dövləti tək buraxmır. Doğrudur, o bundan sonra  hökumətə az rəhbərlik edir. Amma hərbiyyə və xarici işlər naziri kimi Cümhuriyyət və cümhuriyyətçilərin yanında olur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here