Fidel Kastro Hitler Almaniyasının keçmiş zabitlərini ordusuna cəlb edirmiş?
1962-ci ilin Karib böhranı vaxtı Kuba lideri Fidel Kastronun hərbi xidmətə Hitler Almaniyası ordusunun keçmiş zabitlərini və əsgərlərini, o cümlədən SS (Hitler Almaniyanın gizli polisi) hissələrinin üzvlərini götürdüyünə dair iddia var. iddia Alman kəşfiyyatının bu günlərdə aşkara çıxmış məxfi materiallarından qaynaqlanır.
Almaniyanın nüfuzlu «Die Welt» nəşrinin məlumatına görə, sözügedən məsələ Karib böhranının ən ağır dövrünün – 1962-ci ilin oktyabr ayının sonlarının söhbətidir. Bildirilir ki, həmin vaxt Kuba hakimiyyəti nəinki SS birləşmələrinin keçmiş üzvlərinə müqavilələr təklif edib, həmçinin böyük təcrübəyə malik alman desantları və minaaxtaranları, habelə müxtəlif hərbi texnikalardan başı çıxanlarla danışıqlar aparıb.
Nəşrin yazdığına görə, muzdlulara 2 min alman frankına bərabər əmək haqqı verilirmiş və pullar onların Avropadakı bank hesablarına köçürülürmüş. Alman kəşfiyyatı belə rəyə gəlir ki, F.Kastro ölkəsinin heç də tamamilə SSRİ silahından asılı qalmağını istəmirmiş. Məsələn, o, 1962-ci ildə Qərbi Almaniyanın vasitəçiliyi ilə Belçika istehsalı olan silahları əldə etmək niyyətində imiş.
Qeyd edək ki, 1962-ci ilin Karib böhranı zamanı bəşəriyyət üçüncü dünya müharibəsi təhlükəsini yaşayıb.