Fransız alimin tək Allahlıq səfəri

Bizimsesimiz.info // “Həqiqətən də, necə ki cansız olan bioloji varlıqlar sabahkı biologiyanı yaradırsa, eləcə də bugünkü neqativ hal sabahkı pozitivliyə gətirib çıxarır. Bu cümlələrə rasplantasiya olaraq bunları deyə bilərəm ki, Musa (ə)-ı təqib edən Firon mənim üzümə İslam qapılarını açdı”.
Moris Buke
Moris Buke 1920-ci il iyulun 19-da fransız ailəsində anadan olmuşdur. O, xristian əqidəsi ilə tərbiyə almışdır. Orta məktəbdə oxuyarkən savadı və geniş zəkası ilə fərqlənən Moris sonralar əla qiymətlərlə Fransa Universitetinin tibb fakültəsini bitirmiş, müasir Fransanın ən qabaqcıl və peşəkar cərrahı kimi yetişmişdir.
Tibbi nailiyyətlərlə zəngin, elmi biliklərə yiyələnən Buke adi cərrah həyatı yaşasa da, bir ekspedisiyada pataloqanatomiya vəzifəsi onu yüksək səviyyəli cərrah yaradıcılığında elə bir hadisə ilə üzləşdirir ki, bu, onun bütün həyatını dəyişdirir.
Tarixi abidələrə, arxeoloji tapıntılara çox böyük diqqət və maraq göstərən Fransa alimləri Misirdəki mumiyalanmış şəxsiyyətlərdən də yan keçə bilmədi. Buna görə də Fransa dövləti 1981-ci ildə hakimiyyətə gələn sosialist Fransua Mitteran Misir Fironunun mumiyasının tədqiqat üçün Fransaya gətirilməsini təklif edir.
Fransa dövləti Misir Ərəb Respublikasından Fironun mumiyası üzərində elmi tədqiqat işləri aparmaq üçün icazə istəyir və müsbət cavab aldıqdan sonra cəsəd Fransa Arxeoloji Tədqiqatlar Mərkəzinə gətirilir. Araşdırma üçün həkim və arxeoloqlardan ibarət nümayəndə heyəti yaradılır. Heyətə başçılıq və tədqiqata cavabdehlik professor Moris Bukeyə həvalə edilir.
Həkimlərin məqsədi mumiyanın bədənini yenidən bərpa etmək idi. Ancaq onların başçısı Moris Buke tamamilə basqa fikirdə idi. Onu məhz Fironun ölümünün səbəbi maraqlandırırdı. Fironun cəsədindən götürülmüş analizlərin nəticəsi məlum olur. Onun cəsədində həddindən artıq dəniz duzu tapılmışdı. Bu da onu sübut edirdi ki, Firon dənizdə boğularaq ölmüş, sonra sudan çıxarılaraq mumiyalanmışdır.
Ekspedisiyada alimi təəccübləndirən bu idi ki, digər Firon mumiyalarından fərqli olaraq bu cəsəd uzun müddət suda qalmasına baxmayaraq, tamamilə salamat qalmışdı. Nəzərə alsaq ki, bu mumiya dənizdən çıxarılıb bu daha da çox maraq doğururdu, çünki dənizdən çıxarılan cəsəd tez bir zamanda çürüməli idi. Moris Buke apardığı tədqiqat işlərinin yekun nəticələrini və özünün elmi kəşflərinin hesabatını yazmağa hazırlaşarkən onun həmkarlarından biri hələ tələsməməyi tövsiyə edərək deyir ki, bu, müsəlmanlara çoxdan məlum olan bir hadisədir.
Moris Buke bu məlumata qarşı çıxaraq ona etirazını bildirdi, çünki onun gəldiyi elmi nəticəyə ancaq inkişaf etmiş güclü tədqiqat cihazları və kompyuter sistemi ilə nail olmaq mümkün idi. Lakin digər bir həmkarı bunun Quranda yazıldığını, Fironun suda boğulması və sonra da çıxarılması barədə hekayə olduğunu söyləyir. Bu yenilik onu daha çox təəccübləndirir. O, başa düşə bilmirdi ki, axı bu necə ola bilər, çünki bu mumiya 1898-ci ildə tapılmışdır, 100 il bundan qabaq. O vaxt isə Quranın 1400 yaşı var idi. Ağlasığmazdır, bütün bəşəriyyət fironların mumiyalaşmasını son dövrdə öyrənmişlər. Bu məlumatı insanlar nə zaman əldə edə bilmişlər.
Moris Buke bütün gecəni yata bilmədi. O, gözlərini Fironun cəsədinə zilləyərək düşünürdü. Görəsən, bu necə olub ki, Quranda Fironun dənizdə batması və sonra da onun dənizdən çıxarılması haqqında xəbər verilib. Dərin düşüncəyə qərq olaran Buke: “Həqiqətən, qarşısındakı bu cəsəd Musanı (ə) təqib edən Firona məxsusdur? Bunu ağıl necə qəbul etsin?! Bu hadisə Mühəmməddən (s) 1400 il əvvəl olub. Mənim bu gün kəşf etdiyim bu məsələni o, necə uydura bilərdi?” – suallarına cavab axtarırdı. Ona Tövrat gətirmələrini xahiş etdi. Oradan “Çıxış səfəri” hissəsini oxudu. Orada deyilirdi: “Su qayıdaraq onların arxasınca dənizə girən Firon ordusunun atlılarını qərq etdi. Onlardan bir nəfər belə sağ qalmadı” .
Mumiya yenidən bərpa olunduqdan sonra Fransa dövləti onu Misirə qaytardı. Moris Buke müsəlmanların Fironun cəsədinin xilas edildiyi bilindiyi gündən sakit həyatına son qoyuldu.
Elə həmin il Səudiyyə Ərəbistanında tibb sahəsinə aid konfrans keçirilirdi. Buke bu gözəl fürsəti əldən vermədi. O, müsəlman təbib və anatomiya alimlərinin keçirdiyi konfransda iştirak etmək üçün Səudiyyə Ərəbistanına getdi. Orada ilk mövzu Fironun suda qərq olduqdan sonra çıxarılması barədə oldu. Bu kəşf barədə ilk söz alan iştirakçı alimlərdən biri Qurandan “Yunus” surəsinin 90–92-ci ayələrini oxudu: “İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa heç bir tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi.
İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!
Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir (xəbərsizdir)!”
Oxunan ayə Morisi titrətdi. Elə bir hiss ona hakim kəsildi ki, yüksək bir səslə konfrans iştirakçılarının qarşısında bu sözləri söylədi: “Mən İslamı qəbul etdim və Qurana inandım”.
Beləliklə, Moris Buke artıq Fransaya başqa dünyabaxışa malik bir adam kimi qayıtdı. On il ərzində o, ömrünün qalan hissəsini Quranın elmi həqiqətlərinə həsr etdi. Bir çox elmi kəşfləri Quran işığında açıqladı. Onun axtarışlarının nəticəsi Allah kəlamları ilə həmişə üst-üstə düşürdü.
Moris Bukenin bu illər ərzində zəhmətinin bəhrəsi hesab edilən olan Müqəddəs Qurana həsr olunmuş elmi kəşfləri bütün Qərb dünyasını və bütün dünya alimlərini heyrətə gətirən bu barədə yazdığı kitab oldu. Kitab belə adlanırdı: “Quran, Tövrat, İncil və elm”. Müasir elmlərin işığında ərsəyə gələn bu kitab böyük bir əks-səda doğurdu. Bu kitab dəfələrlə nəşr olunaraq dünyanın bir çox dillərinə tərcümə olundu.
Kitabda verilən bütün yazılar elmi faktlara əsaslansa da, bəzi alimlər bu kitabın əleyhinə çıxaraq gülünc və əsassız iddialar irəli sürürdülər. Ən maraqlısı isə bu idi ki, həmin alimlər kitabda verilən fikirləri dərindən öyrənib xırdalıqlarına kimi tədqiq etdikdən sonra özləri də İslam dinini qəbul edib bu kitabın doğruluğuna şəhadət verirdilər.
Moris Buke kitaba yazdığı ön sözündə belə bir ifadə işlətmişdir: “Məni hədsiz dərəcədə təəccübləndirən odur ki, Quranda elm haqqında verilmiş məlumatlar o qədər düzgün və dəqiqdir ki, bu faktların 14 əsrdən çox yaşı olan kitabda deyilənlərlə müasir elmi kəşflərin üst-üstə düşməsi sadəcə olaraq görünməmiş, qeyri-adi bir möcüzədir. Əgər mən İslama tabe olub Quranı əvvəlcədən bilsəydim, kor-koranə şəkildə elmi axtarış ardınca getməzdim. Mənə yol göstərən bir işığın ardınca gedərdim. Həqiqətən də, Quran bəşəri elmlərin fövqündədir. O nə şair ilhamının, nə də nasir qələminin məhsuludur. O, Xaliqin məxluqata bir nəzmidir” . //
Mənbə: sabiqun.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir