Hamı buna aludədir, bəs çıxış yolu nədir?..

Fast-food qida rasionumuzun ildən-ilə böyük bir hissəsini təşkil edir. Və özü ilə bərabər fəsadlarını da həyatımıza gətirir. Fast-food “hazır yemək” olaraq adlandırılsa da, tam tərcüməsi “sürətli yemək”dir. Yəni müştərilər üçün bufet, restoranlarda və ya səyyar satıcıların təqdim etdiyi sürətlə hazırlanan və ya paket edilmək üzrə satılan yeməklər başa düşülür.

Hazırda isə Azərbaycanda bu qida növü gənclərin, eləcə də uşaqların qida rasionunda mühüm yer tutur. Nəticədə bu, qarşısıalınmaz bir fəsad olaraq gənclərin orqanizmində yer alır. Öncə ondan başlayaq ki, hamburgerin tarixi orta əsrlərə təsadüf edir. Çox adam fast-foodun ilk olaraq Amerikada ortaya çıxdığını düşünsə də, bu, belə deyil. Bir çox fast-food məhsulu yüzillər öncəsinin Avropasına təsadüf edir. 1598-ci il London araşdırmasında və 1840, eləcə də 1850 dönəmlərinin İngiltərə tarixinin anladıldığı dönəmlərdə də fast-food məhsullarından bəhs edilir.

Fast-foodun nə qədər sağlam olması məsələsində dartışmalar davam edir. Bu qidaların insan sağlamlığına çox ciddi zərəri olduğu məsələsində illərdir davam edən bir dartışma var. Fast-food növlü yeməklərin bir çox xəstəliyə səbəb olduğunu deyənlərin sayı heç də az deyil. Hətta bu mövzuda hazırlanmış bir sənədli film də var: Morqan Spurlock adlı bir sənədli film rejissoru tam bir ay boyunca bütün yemək saatlarını bir fast-food mağazasının məhsullarından yeyərək keçirir. Haradasa ölümlə burun-buruna gələn Spurlock bu təcrübəsini qeydiyyata alır və “Şişirt məni” adlı bir sənədli filmi ictimaiyyətə təqdim edir.

Həkimlərin ümumiləşdirilmiş rəyi isə ondan ibarətdir ki, fast-food qidalarında – dönərlər, lahmancunlar, hamburgerlərdə və s. işlədilən ətlər yaxşı bişirilmir. Orada işlədilən yağların mənşəyi bəlli deyil, eyni yağda külli miqdarda qida hazırlanır. Belə qidaların strukturu dəyişir və onlar kanserogenə çevrilir. Bu cür qidaları qəbul etmək çox təhlükəlidir. Ətlərin yaxşı bişirilməməsi nəticəsində insanlar tez-tez bağırsağın müxtəlif helmintoz və başqa parazitar xəstəlikləri ilə bağlı xəstəxanalara müraciət edirlər. Buraya lyamblioz, blastositoz, exinokokkozları aid etmək olar ki, sonuncu ilk növbədə qaraciyərdə ciddi problemlər yaradır və insan artıq cərrahın pasiyentinə çevrilir.

Digər tərəfdən, fast-food yeməkləri mədənin və onikibarmaq bağırsağın selikli qişasına ciddi zədə yetirir. Hər şey adi qastritdən başlayır, xoralara, qanaxmalara gətirib çıxarır və nəticədə pasiyent cərrahın qəbuluna düşməli olur.

Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida borusu xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir. Qadınlara nisbətən kişilərdə qida borusu xərçənginə rast gəlmə ehtimalı 2-3 dəfə daha yüksəkdir. Bu da kişilərin içki, siqaret və s. kimi zərərli vərdişlərə daha çox meylli olmasından irəli gəlir. Bundan əlavə, fast-food qidaları da bu xəstəliyin yaranması riskini artırır. Adətən 40-60 yaş arası insanlarda rast gəlinən bu xəstəliyin bəzi hallarda 40 yaşın altında insanlarda da görünmə ehtimalı var.

Heç kimə sirr deyil ki, fast-food artıq çəki də yaradır. Üstəlik, burada böyük çəkilərdən söz gedir. Fast-food niyə artıq çəkiyə səbəb olur?

Bütün həkim və dietoloqlar iddia edirlər ki, fast-foodun ziyanı onun çox qəbulu ilə daha da artır. Bu səbəbdən müntəzəm fast-food qəbulu arzuolunmazdır. Əsas məsələ ondadır ki, bu tip qidalar yüksək kalorili, yüksək dərəcədə yağlı və az vitaminli olurlar. Əsasən də bu, hamburqerlərə aiddir. İş ondadır ki, bu tip restoranlar müştəriləri daim cəlb etmək üçün qidaları çox yağlı və bol şəkərli edirlər. Hətta sağlam qida altında satdıqları salatlarda belə dadlandırıcılardan istifadə edirlər ki, bunları da sağlam qida adlandırmaq çətindir.

Fast-foodun ziyanı barədə hər kəs bilir, lakin bu restoranların satışı ildən-ilə artır. Ən əsas mənfi nəticə kimi artıq çəki və piylənmə qeyd olunur. Hamburqer, free, südlü kokteyllər, qızardılmış toyuq dadlı olmaqla yanaşı, olduqca kalorilidir. Misal olaraq, ən populyar olan çizburqer tərkibində 540 kilokalori və 29 qr yağ cəmləşdirir, əlavə olaraq free də qəbul edilərsə – 500 kilokalori və 25 q yağ deməkdir.

Dietoloqlar hesab edir ki, son illər müəyyən yaş qrupunda bu qidalanma növündən istifadə edənlər çoxalıb. Dönər, şaurma, tantuni – insanlar üçün daha əlçatan qida növüdür. Həm tez hazırlanmasına, həm də qiymətinə görə. Tələbələr, məktəblilər, gənc ailələr onların əsas istifadəçiləridir ki, bu da 10-40 yaş arası aktiv qrup deməkdir. Üstəgəl, bu qidaların yanında enerji içkilərindən istifadə edirlər ki, bu da qəfil ölümlərə səbəb olur. Təbii ki, buna SOS deməliyik.

Amma bu cür qidalanmanın qarşısını almaq üçün alternativ qidalanma ortaya qoyulmalıdır. Dietoloqlar hesab edir ki, bu zaman alternativ olaraq milli fast-foodlarımızdan istifadə etməliyik. Məsələn, az yağda hazırlanmış qutablar doğru alternativdir. Hətta yağsız halda bişirilməsi daha ideal olar. İkincisi, çörəkiçi sendviçlərin ev şəraitində hazırlanmasına üstünlük verilməlidir. Tostlar – çörəkarası pendirlər uşaqlar üçün yaxşı alternativdir.

Sevinc TELMANQIZI

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here