Göstəriş xəstəliyi

Bir çoxumuzun xoşuna gəlməyəcək ,amma bunlar həqiqətdir.
Hz.Ömər(r.a)-ın sözü ilə desək,”Əgər yanlış etdiyimizdə bizi xəbərdar etməzsəniz,sizdə xeyir yoxdur.Xəbərdar etdiyiniz halda,sizi dinləməzsək,bizdə xeyir yoxdur”
Allah eşqinə,söyləyin nədir bu göstəriş sevdası?
İnsanlar yaşadıqları hər anın ,hər hadisənin sosial media vasitəsilə paylaşımını edirlər.
Əvvəllər evə aldığı ərzağın başqaları tərəfindən bilinməməsini istəyən və yalınız “sən bil” mənasındakı zənbildən istifadə edən əcdadlarımızdan,hər yediyini ,hər aldığını insanlara nümayiş etdirən nəsillərə çevrildik.
Bişirdiyi təamlardan qonşusuna da iy gedər,qonşunun da nəfsi çəkər deyə düşünərək bişirdiklərinə diqqət edən,qoxusu çəkən nemətlərdən qonşusuna da pay verən,övladına əlindəki yediyi ilə məhəlləyə çıxıb başqa uşaqlara yediyini göstərməyi qadağan edən əcdadlarımızdan, hər yaşadığı anın,hər yeyib -içdiyinin göstərişini, hər kəsə bəyan edib,sosial mediada paylaşan şüursuz nəsillərə çevrildik.Paylaşmaq əslində bu deyildi…
Paylaşmaq  göstəriş etmək,özündəkiləri başqasına nümayiş etdirmək deyildi əvvəlkilərin anlayışında.Dərdini,kədərini,sevincini,əlindəkini qonşusu,dost-tanışı,qohum- əqrabası ilə paylaşan səxavətli nəsillər vardı əvvəllər.Yerini evdə,hətta şəxsi həyatında bir məsələ olduqda o dəqiqə sosial media vasitəsilə dünya-aləmə yayımlayan göstəriş kompleksinə sahib nəsillərə verdi…
Çox şey itirdik əslində.Bizdən öncəkilərdən aldığımız gözəl dəyərləri bizdən sonrakılara ötürə bilmədik…
Şüurumuzu,həyamızı,məhrəmiyyətimizi,şəxsiyyətimizi,özəlimizi sərgiləməyə başladıq…
Doğurdanmı sosial media vasitəsilə həyatımızın hər hadisəsini “paylaşmaqla” kiməsə örnək ola biləcəyimizi düşünürük?Zənn etmirəm.Burda kiməsə faydalı yöndə ibrət olunacaq heç nə yoxdur.Yalnızca həsədə,bu göstərilənlərə sahib olmayanların üzüntüsünə,bəd-nəzərə səbəb olacaq zərərlər var.Hə,bir də özümüzün əskiklik psixologiyamızı,öz ağlımızca guya “baxın,mən nə qədər dəyərliyəm?”Düşüncəsi ilə nümayiş etdirməklə, dəyərsizləşməyimiz var.Axı heç kimə maraqlı deyil,sənin bu gün haranı gəzdiyin,hansı restoranda kiminlə əyləşib nə yediyin,övladınla,ailənlə necə vaxt keçirməyin.Belə götürəndə əgər o anları yaşayanda həqiqətən xoşbəxtsənsə,niyə fikrin o xoşbəxtliyində deyil də “bunu çəkim,başqalarına göstərimdədir”?
Sosial media,sosial şəbəkələr insanların riyakarlığını,göstəriş hərisliyini bir az da təhrik edən ünsürlərdən biridir.Axı niyə biz müsəlman kimliyimizi bu məcrada da qorumaq,şəxsiyyətimizlə nümunə olmaq yerinə populyarizmə alət oluruq?
Qərb dünyasında mənəvi boşluqlarını doldurmaq üçün insanlar dünyəvi hər lazımsız məşğuliyyətlə ömürlərini hədər edirlər.Bəs biz müsəlmanlara nə düşüb ki,hesabını verəcəyimiz ömür nemətini hədər edən boş işlərlə məşğuluq?
Niyə görə ailə yaşantımızı başqaları da görməlidir?Heç düşünmüşükmü ailəmizlə,övladlarımızla xoşbəxtlik pozları nümayiş etdirdikdə başqalarının bəd nəzərini üzərimizə çəkirik?Sonra qarşılaşdığımız problemlərin haradan gəldiyini heç özümüz də bilmirik.Ya heç düşünmüşükmü bizim sırf göstəriş hərisliyimiz,düşüncəsiz hərəkətimiz ucbatından bu tip paylaşımları görən, ailəsində problemləri olan,övladı ilə problemləri olan və ya illərlə övlad həsrətində olduğu halda, övlad sahibi ola bilməyən və paylaşılan bu yalançı xoşbəxtlik görüntülərini görüb üzülən insanları.Haqqımız varmı buna?Niyə kiminsə kədərinə,üzüntüsünə səbəb olaq ki?Bunun vəbalını ödəyə biləcəyikmi?Sənin həyatında hər şey qaydasındasındadır?Xoşbəxtsən?Lap yaxşı.Amma bunu başqalarına nümayiş etdirməyin lazım deyil.Unutma ki,həsədin yuxusu xəfifdir.Bu gün başqalarına nümayiş etdirdiklərimizə sabah həsrət qala bilərik.Bu gün fani dünyanın gəldi-gedərliyinə aldanıb hər şeyin daimi olduğunu zənn etdiklərimizin sabah yoxluğu ilə sınana bilərik.Və bu gün nümayiş etdirdiklərimizlə üzüntüsünə səbəb olduqlarımızın sabah ahının əziyyətini çəkə bilərik.Mədəniyyət bu deyil ki,hər yaşadığımızı göstərək.Mədəniyyət odur ki,yaşadıqlarımızı məhrəmiyyətimizi nümayiş etdirməyək.Nə özümüz zərər görək,nə də başqalarının xiffət çəkməsinə səbəb olaq.
Sırf görsünlər,sırf kimlərəsə acıq vermək üçün mükəmməlik yarışına giririk.Bunlar bizə nə dərəcədə lazımdır?Düşmən zehinlərimizi işğal edib fərqindəyikmi?
Qeyri müslimlərə bənzəməyi yasaqlayan peyğəmbərin,qeyri-müslimlərə bənzəmək üçün can atan,bundan utanmayan ümmətiyik.Amma könlümüzdən həm dünya səadəti ,həm axirət səadəti,əbədi cənnət keçir.
Dünyanın fani olduğunu,səadət yurdu deyil,imtahan yurdu olduğunu ,axirətdəki səadətimiz üçün burada çalışmalı olduğumuzu unuduruq
Müsəlman şəxsiyyət sahibidir.Düşünməli ,şərəf və ləyaqətini mühafizə etməli olduğu bir varlıq olması bilincində olmalıdır.Etdikləri ilə müsəlman kimi həm özünü,həm İslamı necə təmsil etdiyini dərk etməlidir.
Göstərdiyimiz şəxsiyyətimiz olsun,yaşadıqlarımız deyil.

Müəllif:Əsmər Nurəliyeva

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir