“Hicab qadağası antimilli mərkəzlərin sifarişi kimi görünür”

Bizimsesimiz.info Doğru Yol Partiyasının sədri  Kəramət Salayevin  müsahibəsini  təqdim edir.

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialar var. Sizcə parlament seçkisinin növbədənkənar keçirilməsi real ola bilərmi?

– Dünyada və regionda gedən prosesləri və baş verən hadisələri nəzərə aldıqda proqnozlaşdırılmayan hadisələrin baş verməsi ehtimalının hər zaman yüksək olduğu qənaətinə gəlmək olar.

Azərbaycanda da vəziyyət görünən qədər sabit deyil. Hakimiyyətin siyasi qolu ilə oliqarxiyanın mübarizəsi kontekstində vəziyyət mürəkkəbdir. Hər zaman yeni sürprizlərin şahidi ola bilərik. Hesab edirəm ki, parlament seçkilərinin də növbədənkənar keçirilməsi iddiası ictimai dövriyyəyə təsadüfi qüvvələr tərəfindən daxil edilməyib. Mərkəzi hakimiyyətin güclənməsi baxımından növbədənkənar seçkilərin keçirilməsi düşünürəm hakimiyyətin siyasi ideoloqlarının da gəldiyi qənaətdir.

Keçən ay Məhsul meydanında Qarabağ mitinqi keçirildi. Sizin bu aksiyaya münasibətiniz necədir?

– Təəssüf ki, bu aksiya ümummilli xarakter ala bilmədi. Hadisədən sonra ən müxtəlif qüvvələrin aksiya barədə səsləndirdiyi xoşagəlməz fikirlər Qarabağ mitinqinin mahiyyətini kiçildə bilməsə də, ictimai rəyə də təsirsiz ötüşmədi.

Hadisəyə hansı nöqtədən baxmağımızdan asılı olmayaraq Qarabağ məsələsi Azərbaycan xalqının ümummilli məsələsidir və bu məsələ ilə bağlı bütün tədbirlərdə vahid mövqenin olması təmin edilməlidir. Təəssüf ki, qeyd etdiyimiz kimi keçən mitinq zamanı bu istək baş tutmadı. Konkret olaraq müxalifətin “Qərb təqlidçisi” hissəsinin Qarabağ mitinqində iştirak etməməsi mənim üçün qaranlıq qaldı.

-Azərbaycanda hicabın qadağan edilmədiyi halda, hicablı xanımlara qarşı xoşagəlməz davranışların səbəbi nədir və bu addımları atanlara qarşı dövlət hansı tədbirləri görməlidir?

– Aktual məsələdir. Təşəkkür edirəm suala görə. Əvvəla qeyd etmək istəyirəm ki, Azərbaycanda hicaba qarşı olan basqı düşünmürəm ki, rəsmi dövlət mövqeyidir. Sadəcə olaraq bu cür təqdim etməkdə maraqlı qüvvələr var. Hicab məsələsi çox önəmli məsələdir. Həm Azərbaycanın müsəlman ölkəsi olaraq milli – mənəvi dəyərlərini qorumaq, ona sayğı göstərmək mənasında, həm insan hüquqları – demokratiya, azadlıqları qorumaq baxımından . Amma təəssüf ilə qeyd etməliyəm ki, bu məsələdə də problem var.  Problemin mənbəyi isə anti – milli mərkəzlərin  sifarişli addımları kimi görünür.

Hələ Azərbaycan dinsiz Sovetlər Birliyi dönəmində Azərbaycan Ali Sovetində təmsil olunan Azərbaycan qadını kəlağayı örtərdi, sovetlər dönəmində belə filmlərdə Azərbaycan qadını namus-iffət rəmzi ilə birgə təqdim edilirdi. Təəssüf ki, bu gün Azərbaycan kinomatoqrafiyası, son illər çəkilən teleseriallar tam milli dəyərlərimizə zidd təbliğat aparır və bu prosesi müxtəlif universitet rektorları, məktəb direktorları və başqa institut rəhbərləri dəstəkləməklə Azərbaycanda anti milli, anti hüquqi prosesə qoşulmaqla insanların əxlaq çərçivəsində olan geyiminə, hicab bağlanmasına müdaxilə edirlər. Biz bu addımları qətiyyətlə pisləyir və xaricdən gələn sifarişli hicab qadağası kimi antimilli prosesi dayandırmağa çağırırıq.

-Partiyanızın qurultayı nə zamana planlaşdırılır?

-Doğru Yol Partiyası Azərbaycanda yaranan ilk Milli Görüş təşkilatıdır. Bizim məqsədimiz Azərbaycanın milli dövlətçilik ənənələrini inkişaf etdirib şərəfli tarixini yazan, siyasi, iqtisadi və mədəni baxımdan tam müstəqil bir dövlətə çevirməkdir. Təbii ki, məqsəd ali, mühüm olduğu qədər, məqsədə çatmaq üçün gediləcək yol da şərəfli və uzun olacaq.

Bu baxımdan biz tələsirik. Bu işləri görmək üçün hesab edirəm hər bir məmləkət övladı da tələsməlidir. Peyğəmbərimizdən ( s.a.s)  hədis var ki, “xeyir işləri görməkdə tələsin”. Millətimiz üçün xeyir işləri görməyə tələssək də, amma işlərin təşkilati tərəflərini həll etməyə sıxıntılarımız var. Qurultayımızın keçirilməsinə təsir edən amillərdən ən əsası, cari mərhələdə təşkilatlanma prosesini birinci mərhələdə yekunlaşdırıb qurultaya getməyimiz üçün maliyyə problemləridir. Ümid edirəm Allahın köməyi ilə qarşıda olan bu problemi aşa biləcəyik.

Bizimsesimiz.info

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir