İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi istənilən güc tətbiqini pisləyir və hesab edir ki, bütün mübahisələr dinc yolla həll edilməlidir. Bizimsesimiz.info xəbər verir ki, bu barədə Trend-ə təşkilatdan bildirilib.

Təşkilatın şərhində qeyd olunur ki, İƏT Azərbaycanda dinc sakinlərin həlak olması ilə nəticələnmiş Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını pisləyir.

İƏT-in Baş katibliyi bir daha bəyan edir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı əvvəlki mövqeyində qalır və hesab edir ki, bu münaqişənin həlli yolu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməsi və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılmasıdır.

Bildirilib ki, İƏT münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və hesab edir ki, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması istiqamətində bütün zəruri addımlar atılmalıdır.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here