Əbu Yusif Yaqub ibn İshaq əl-Kindi Ərəbistanın şimal hissəsində məskunlaşmış böyük qəbilələrdən Kində qəbiləsinə mənsubdur. Kindi miladi təqvimlə 796-cı ildə Kufədə dünyaya gəlmiş və 866-cı ildə Bağdadda vəfat etmişdir. Qeyd edək ki, ərəb ədəbiyyatının ən böyük şəxsiyyətlərindən biri olan şair İmruul-Qays (məşəqqətin uşağı) da bu qəbiləyə mənsubdur. Qaynaqlarda Kindinin doğumu və ölümü, həmçinin təhsil həyatı və şəxsiyyəti haqqında olduqca az məlumat yer alır. Ərəb şairi və bioqrafiya müəlliflərindən olan Əl-Cahiz yazdığı Kitəbul-Buxalə (Xəsislər kitabı) adlı əsərində Kindinin son dərəcə xəsis olması ilə bağlı bir rəvayət zikr etmişdir.
Yeniavaz.com xəbər verir ki, ilk İslam filosofu olaraq qəbul edilən Kindi İslam düşüncə tarixində ağıl və vəhy, ya da din və fəlsəfə arasında körpü formalaşdırmağa çalışan və bu işdə uğurlu şərh və izahlar gətirən bir alim olaraq tanınır. Kindi yaşadığı dövrdə materialist, maniheist və digər filosofların inkar və hücumları qarşısında İslamın bir çox təməl əqidəsini müdafiə etmişdir. O digər tərəfdən də İslam dünyasına fəlsəfə ilə bağlı əsərlərin daxil edilməsinə himayədarlıq etmiş, onların müdafiəçisi kimi çıxış etmişdir.
Kindini digər İslam filosofları və şərhçilərində olduğu kimi, xristian tərcüməçilərdən ayıran mühüm fərq vardır. O, ərəbcədən başqa dövrünün əsas dillərindən olan süryani və yunan dillərini bilmirdi. Maraqlı haldır ki, İbn Rüşd kimi yunan fəlsəfəsinin ən böyük müdafiəçisi belə səthi olaraq da yunan dilini bilmirdi. Bunun səbəbi isə ərəb dilinə bəslənən sevgi və başqa dilləri  aşağı səviyyədə görmələri idi.
Bir tərəfdən din adına şiddətli bir fəlsəfə əleyhdarlığının, digər tərəfdən də fəlsəfə adına din əleyhdarlığının edildiyi mədəni və fikri şərait, Kindini İslam fəlsəfəsinin ən aktual mövzulardan biri olan ağıl ilə vəhyin və ya fəlsəfə ilə dinin müqayisəli təhlilinin ilk təşəbbüskarı olmağa sövq etmişdi.
Kindi fəlsəfənin din ilə bərabər lüzumlu olduğunu qeyd edir və bir peyğəmbər olan Həzrət Muhammədin (s.ə.s) Uca Allahdan (c.c) aldığı vəhyin ağılla dərk edilə biləcəyini vurğulayırdı. Kindiyə görə, bu həqiqəti insanlar arasında ancaq ağıldan məhrum və cahil şəxslər inkar edə bilərlər. Kindiyə görə, bəzən Quran ayələri ilə fəlsəfənin ortaya qoyduqları arasında zahirən bir ziddiyyətin olduğunu görmək mümkündür. Belə bir məna anlaşılmazlığını ərəb dilinin incəliklərinə müraciət etməklə çözmək olar. Kindi Quranda keçən: “Ulduzlar da, ağaclar da (Allaha) səcdə edər!” (Rahmən, 55/6) ayəsinin səthi bir nəzərlə baxanda anlaşılmaz kimi göründüyünü, ancaq buradakı səcdə kəlməsinin namaz səcdəsindəki alın, əl və dizlər nəzərə alınmadan sadəcə itaət etmək mənasına gəldiyini vurğulayır. Bu nəticəyə də ərəb dilinin incəliklərinə və təvil yoluna müraciət etməklə gəldiyini deyir.

Kindiyə görə fəlsəfə: “İnsanın dərketmə imkanları ölçüsündə əşyanı həqiqətlərilə bilməkdir”. Bu tərifə görə filosofun qayəsi, nəzəri olaraq həqiqəti tapmaq, əməli olaraq da tapdığı bu həqiqəti yaşamaqdır. Kindi fəlsəfəyə verdiyi başqa bir tərifdə də: “Fəlsəfə insanın özünü bilməsidir”- deyir. Fəlsəfə haqqın bilgisi olduğu kimi, din də haqqın bilgisidir. O halda din ilə fəlsəfə arasında ziddiyyət ola bilməz.
Kindi ağılla əldə edilən bilgi ilə vəhy yoluyla əldə edilən bilginin yerini müəyyənləşdirərkən bu sualları verir: “Əgər fəlsəfi bilgi ilə İlahi bilgi həm mövzu və qayə baxımından, həm də həqiqəti təmsil etmələri baxımından eyni şeyləri söyləyirsə, o zaman dinə və vəhy yolu ilə alınan bilgiyə nə üçün ehtiyac var? Peyğəmbərin (s.ə.s) vasitəsi ilə belə bir bilginin insanlara çatdırılmasının mənası və dəyəri nədir?” Daha sonra isə sualları cavablayan Kindi belə deyir: “Ağılla əldə edilən bilgi müəyyən bir vaxt içərisində meydana gəldiyi halda, vəhy yolu ilə alınan bilgi tamamlanmış, açıq, aydın və hazır bir şəkildə gəlir. Bu bilgini əldə etmək üçün hər hansı bir zamana, zəhmət və təcrübəyə ehtiyac duymuruq”. Kindiyə görə, bu aspektən baxanda vəhy yolu ilə alınan bilginin gərəkliliyi, insanların ona olan ehtiyacı öz-özlüyündə ortaya çıxır.
Kindiyə görə, Həzrət Peyğəmbərin (s.ə.s) gətirdiklərinin hamısı ağıl ilə və ya fəlsəfi bilgi ilə paraleldir və üst-üstə düşürlər. Bunu inkar edən şəxslər ya ağıldan məhrum olanlar, ya da cahil insanlardır. Həmçinin dinin göndərildiyi dilin incəliklərini dərindən bilmək və lazım gələrsə, təvilə də müraciət etmək bu həqiqəti görənlər üçün zəruri bir haldır. Əks təqdirdə dinin mahiyyətini tam olaraq anlamaq mümkün olmayacaqdır.
Fəlsəfə ilə dinin hər ikisinin də həqiqəti ifadə etdiyini açıq bir şəkildə ortaya qoyan Kindi, dini bilgini açıq və aydın, həmçinin əhatəli və kəsmə olduğuna görə ağıl ilə əldə olunan bilgidən üstün olduğunu demişdir. Hətta vəhy məhsulu olan belə bir bilginin bənzərini ortaya qoymaq insan gücünün fövqündədir və bəşər övladı bundan acizdir.
Kindiyə görə, fəlsəfəyə qarşı çıxmağın əslində dinə qarşı çıxmaqdan elə də fərqi yoxdur. Bu görüşüylə Kindi fəlsəfəni mənimsəməyi və müdafiə etməyi dini bir məcburiyyət olaraq görür. Qeyd edək ki, Kindinin yolunu izləyən tələbəsi Əbu Zeyd Əl-Bəlxinin (v. 322/933) tələbəsi olan Əbul-Həsən Əl-Amiri də Kindi kimi fəlsəfi fəaliyyət və fəlsəfə ilə məşğul olmağın dinə (İslama) görə caiz olduğunu qeyd edir və buna aşağıdakı ayəni dəlil gətirirdi: “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır (Zümər, 39/17-18.)
Kindi bir çox elm sahəsində söz sahibi olan müstəsna bir elm adamı və filosofdur. Ancaq Kindinin ağıla verdiyi əhəmiyyət, onu əsla din ilə ziddiyyətə düşürməmiş, əksinə onun görüşləri həmişə din ilə uyğunluq içərisində olmuşdur. Kindiyə görə, din ilə fəlsəfə zidləşərsə, dini bilgi daha üstün tutulmalıdır. Dini bilgi həmişə doğrudur. Ağıl isə insan mənşəli olduğu üçün hər bir vaxt xətaya düşmə ehtimalı vardır. Kindinin din ilə ağıl arasında orta yolu tutmağa çalışmasını fəlsəfəsinin hər bir sahəsində görmək olar.
Kindiyə görə, metafizik həqiqətləri vəhy yolu ilə əldə etdiyimiz kimi, bu həqiqətlərə məntiq və fəlsəfə yolu ilə də çatmaq olar. Ancaq burada vəhydən qaynaqlanan dini yolun digəri ilə müqayisədə açıq bir üstünlüyü vardır. Çünki vəhy yolu ilə həqiqətə çatmaq daha rahatdır. Bu vəziyyət Quranın ortaya qoyduğu metod və dəlillərin məntiqi dəlillərdən daha açıq və qısa olmasından qaynaqlanır. Kindi vəhyin fəlsəfədən bu şəkildə üstün olduğunu açıqlamaqla, eyni zamanda peyğəmbərlərin də filosoflar qarşısındakı üstünlüyünü ortaya qoymuş olur.
Digər məşşai filosoflarda olduğu kimi, Kindidə də din və fəlsəfəni müqayisəli təhlil etməyə sövq edən amillərin başında Quranın kainatı bütün yönləri ilə təfəkkür etməyə çağırmasını göstərmək olar.
Kindi fəlsəfi elmlərlə dini elmləri bir-birindən ayırır. Fəlsəfi elmlər daim təcrübə və axtarış nəticəsində əldə edilir. Dini bilgilərin qaynağı isə vəhydir və Allah-Taalaya  məxsus bir qaynaqdan gəlir. Bu səbəblə də Kindi, dövründə müzakirə edilən dünyanın yoxdan yaradılışı, cismani olaraq dirilmək və peyğəmbərlik kimi mövzuların ağıl ilə idrak edilib açıqlanmasını qeyri-mümkün sayır.
Kindi bilginin insani və ilahi olmaq üzrə iki qaynağının olduğunu deyir. Fəlsəfə, məntiq, həndəsə və təbiət elmlərinə dair bilgilərimiz insani qaynaqlı bilgiyə aiddir. Tamamilə peyğəmbərlərə məxsus olan və əldə edilməsi üçün bir cəhd, vaxt, istəmək kimi xüsuslara ehtiyac olmayan ilahi bilgi isə peyğəmbərlərə vəhy yolu ilə bildirilir.

Kindi yuxarıdakı yazıda bunları qeyd edir: “Bir elm tələbəsinin filosof ola bilməsi üçün altı şeyə ehtiyac var. Bunlar əskik olsa, kamillik əldə edilməz. Kreativ zəka (yaradıcı zehin), daimi bir sevgi, gözəl bir səbir, qəlb rahatlığı, yol göstərən rəhbər, uzun bir vaxt”.
Kindi, ilahiyyat və ədəbiyyatla yanaşı nəzəri və təcrübi elmlərin hamısı ilə maraqlanmış, fəlsəfədən tibbə, riyaziyyatdan astronomiyaya, optikadan meteorologiyaya, psixologiyadan əxlaqa, kimyadan musiqiyə qədər elmin hər sahəsində əsərlər qələmə almışdır. O günə qədər Süryani alim və tərcüməçilərin təmsil etdiyi elm və fəlsəfə Kindinin çalışmaları və qələmə aldığı əsərləri ilə əl dəyişdirmiş, xarici mədəniyyətlər qarşısında İslam cəmiyyəti çox mühüm mənəvi güc tapmışdır.
Nəticə olaraq deyək ki, dini elmlərlə fəlsəfi elmlərin (dünyəvi elmlərin) birlikdə öyrədildiyi dövrlərdə İslam dünyasının, müsəlman cəmiyyətlərinin inkişaf və tərəqqi əldə etdiklərinə şahid oluruq. Ancaq İslam dünyasının hər sahədə gerilədiyi dövrlərə nəzər salsaq, görərik ki, dövrün elm ocaqlarında bir bütünün parçası olan dini və dünyəvi elmlər bir-birindən ayrı, qopmuş təsbeh dənələri kimi ayrı-ayrılıqda öyrədilməyə başlanmışdır. Kindinin yuxarıda izah etməyə çalışdığımız din və fəlsəfə ilə bağlı görüşləri məhz bu məqamda köməyə gəlir. Bizə, bütün müsəlman aləminə, hətta bütün insanlığa bu həqiqəti hayqırır…

Nazim Mustafayev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here