“Bir ölkənin milli iqtisadiyyatını qurmaq üçün xarici investorlardan çox daxili investorlara ehtiyac var”

“Əgər üzən məzənnə 2008-dən baş vermiş olsaydı,biz bu gün artıq dünya dövlətlərinin iqtisadiyyatının planlarına uyğunlaşmış olardıq”

Bizimsesimiz.info  “İmranla şənbə söhbətləri” rubrikasına start verir.Bu rubrikada maraqlı müsahiblərlə ictimaiyyətdə maraq kəsb edən,cəmiyyətə faydalı ola biləcək  müxtəlif mövzularda müsahibələr təqdim olunacaq.Rubrikanın ilk qonağı isə iqtisadçı, Doğru Yol Partiyasının üzvü Rövşən Zamanlıdır.

Qısa arayış:Rövşən Zamanlı 1977-ci ildə Cəbrayıl rayonunun Nüsüs kəndində anadan olub,1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisas üzrə Bakalavrdır

– Rövşən bəy, bildiyiniz kimi dünya iqtisadiyyatında son illər böyük iqtisadi böhran baş vermişdir ki,bu Azərbaycandan da yan keçməmişdir.Fikinizcə dünyada baş verən  qlobal  böhran nə ilə bağlı idi və Azərbaycana bunun təsiri nə şəkildə özünü göstərdi?

-Ümumiyyətlə dünyada iqtisadiyyatın tənzimlənməsi  prosesi iki nöqtə arasında baş verir ki, bunların biri böhran,digəri isə inkişafın pik nöqtəsidir .Adətən iqtisadiyyat müəyyən inkişaf mərhələsini keçdikdən sonra  bir böhran dönəmi gəlir. Böhranın  təsirini azaltmaq ,onu tənzimləmək  üçün dövlət müəyyən proqramlarından istifadə edir.Burada söhbət tam oturuşmuş iqtisadiyyatdan gedir.

İnkişaf etmiş ölkələrin bir çoxunda ,məsələn,Almaniyada, İtaliyada, Fransada,Hollandiyada  və digər ölkələrdə  dedyimiz oturuşmuş iqtisadiyyat var.Yayılan nəzəriyyəyə görə belə iqtisadiyyatı olan ölkələrdə inkişaf pik nöqtəsinə çatanda mütləq  müəyyən tənəzzülə ,yəni böhrana uğrayır.Ancaq bəzi ölkələrin iqtisadiyyatında  bu müşahidə olunmur.Ehtiyat fondları yetərincə olan bu  cür ölkələrdə dövlət artıq böhranı tam tənzimləyir. XVIII əsrdə yaşamış məşhur şotland iqtisadçı alimi Adam Smitin  indi də  gündəmdən düşməyən  iqtisadi nəzəriyyəsinə görə iqtisadiyyatda görünməz əl siyasəti deyilən anlayış  var.İnkişaf etmiş ölkələrdə dövlət bu nəzəriyyəyə əsaslanaraq ümumi iqtisadiyyatı insanların görmədiyi,hiss etmədiyi şəkildə tənzimləyir və hər kəs başa düşür ki,iqtisadiyyat öz axarında gedir.

2008-ci idən inkişaf etmiş ölkələrin dərin bir böhranla qarşılaşmağı görünmür.Ən çox isə iqtisadi böhran özünü MDB ,keçmiş sovet respublikalarında büruzə verdi ki,bu da həmin ölkələrin özgür-azad iqtisadiyyatının olmamasından irəli gəlirdi.Özgür iqtisadiyyatın  olmaması  o demədir ki, həmin ölkə hər hansı bir dövlətin iqtisadiyyatından məcburi şəkildə asılıdır.Bu asılılıq özünü açıq şəkildə göstərir.

Xammal istehsalçısı olan ölkələrin bariz nümunəsi kimi  bir çox  ərəb ölkələrini ,hansıları ki,həm də neft ölkələri adlandırırlar,eləcə də Azərbaycanı misal göstərmək olar ki, bu ölkələr neftdən tam asılı olan dövlətlərdir . Biz xalis yerli  məhsulları ,qeyri-neft məhsullarını  bilavasitə dünya bazarına çıxardıb ixracatı tam  mükəmməl şəkildə qura bilməmişik ki,bu da Milli Sənayenin olmamasından irəli gəlir.Milli Sənayenin olması ,onun texnologiyasının ,milli texnologiyanın hazırlanması,quraşdırılması ,ağır və yüngül sənayenin milli texnologiya üzərində təkmilləşməsi və yerli məhsulların istehsalının olması deməkdir.

-1991-ci ildə keçmiş SSRİ-nin tərkibindən ayrılarkən, Azərbaycanda yüzlərlə zavod və fabriklər işləyirdi.Hər birinin minlərlərlə işçisi olan bu müəssisələr 1994-cü ildən qeyri-şəffaf şəkildə özəlləşdirildi. Daha doğrusu, müəyyən qrup məmur-oliqarxlar arasında çox ucuz qiymətə “bölüşdürüldü”. .. Qeyri-şəffaf şəkildə aparılan özəlləşdirmə siyasətininin də iqtisdiyyata mənfi təsiri oldu…

-Əgər biz dünya səneyesini götürsək ,görərik ki, dünya iqtisadiyyatında  başlıca sahələrdən biri neft-kimya sənayesidir.Sovetlər dönəmində Azərbaycan iqtisadiyyatının əsasını əsasən neft-kimya sənayesi təşkil edirdi.Əgər məsələn, Sumqayıtı  misal çəksək ,belə demək olar ki, bu şəhər SSRİ-nin ən böyük neft-kimya sənaye laboratoriyası idi. Amma Sovetlər ittifaqı  dağılandan sonra ölkədə yaranan boşluqlar ölkənin bu sənayesini məhvə sürüklədi,müəyyən qüvvələr  bu zavodları yüksək  səviyyədə qarət etdi ,zavodların istehsal gücü sıfıra endi.Bu həmçinin o məqsədlə edildi ki,özəlləşmədə müəssisələrin dəyəri aşağı  salınsın ,digər tərəfdən  bu, Milli sənayenin darmadağın olunmasına xidmət edirdi.Biz bu acını hələ də yaşayırıq,hələ də təəəsüflər olsun ki, bu sahənin inkişafını təmin edə bilməmişik.

Misal üçün ,hər hansı kişik bir plastik qab məmulatının istehsalı üçün fabrika açırıq,amma onun xammalını biz məcburiyyət qarşısında xaricdən gətiririk. Ancaq onun əsasını üzvi kimya,üzvi kimyanın da əsasını neft təşkil etdiyi halda biz bunun xammal istehsalçısı deyilik və bu kişik əşyanın istehsalı üçün hansısa xarici ölkədən asılı vəziyyətə düşürük…

Çindən gələn xammalın dəyəri  sərfəli olsa da sağlamlıq,ekoloji baxımdan ziyanlıdır. Avropadan gələn xammalın isə  qiyməti baha olduğuna və məhsulun maya dəyəri də bu səbəbdən  baha başa gəldiyinə görə daxili  bazarda onun satışını təmin etmək olmur.Bizim elmi tərəqqi sahəsində nailyyətlərimizin sıfıra enməsi,Elmlər Akademiyası tərəfindən bu sahədə ciddi işlərin görülməməsi  bizi elmi sənayedən uzaqlaşdırdı.Elmi sənayedən uzaqlaşmağımız  elmi tədqiqatlarının tədbiqini gerilətdi, iqtisadiyyatımız özgür yox, başqa dövlərlərin idarə edə biləcəyi iqtisadiyyata,sənayemiz asılı sənayeyə çevrildi.Ən ürəkağrıdıcı  məsələlərdən biri isə  Azərbaycan biznesmenlərinin Azərbaycan  bazarına investisiya yatırtmasına qorxmasıdır ki,bunun da obyektiv səbəbləri var.Yaxın tarixdə ölkədə baş vermiş hadisələr onları xarici ölkələrə investisya yatırımına sövq elədi və  ölkədə daxili bazara investiya yatırımı getdikcə azaldı. İnvestiya yatırımlarının cəlbi üçün dövlət müəyyən proqramlar həyata keçirir,amma mövcud  duruma baxanda müşahidə etmək olur  investisiya yatırımı çox zəifdir.Hətta ölkəyə xarici investorların cəlbi də  çox zəif nəticə verdi.

-Bəs ölkəyə həqiqətən investorların cəlb edilməsini təmin etmək üçün hansı addımları atmaq olardı?

-Bir ölkənin milli iqtisadiyyatını qurmaq üçün xarici investorlardan çox daxili investorlara ehtiyac var.Çünki investisiya nə qədər ölkənin öz  bazasında olarsa ölkənin iqtisadiyyatı  bir o qədər inkişaf edər.Uzağa getməyək, 20-30 il əvvəl Türkiyənin iqtisadiyyatının inkişafı üçün Türkiyə dövləti yeni bir model seçdi.Məsələn ,Türkiyədə sənaye köyləri-zonaları yaratdılar ki, burada sahibkarları vergidən azad etdilər.Xarici bazara məhsul istehsal edən şirkətlərə dövlət dotasiya etdi,onların satışını xaricdə təmin olunması zamanı iş adamlarının,  çəkilən müəyyən xərclərinə də dəstək verildi.

Beləliklə ,bu sənaye mərkəzlərində  fəaliyyət göstərən biznesmenlər  artıq sənayenin inkişafı üçün can atmağa başladılar və Türkiyədə sürətli inkişaf getdi.

Türkiyənin keçmiş baş naziri  Nəcməddin Ərbakan milli sənayenin təməlini qoyan şəxslərdən biridir. Rəhmətlik Nəcməddin Ərbakan deyirdi ki, millətini,torpağını sevən hər bir vətəndaş özünə “ölkəmin iqtisadiyyatına nə töhvə verə bilərəm?!” sualını verməlidir.

-Dünyada və həmçinin bizdə baş verən böhran ümumiyyətlə  iqtisadi faktorlarla,yoxsa daha çox siyasi amillərlə  bağlıdır?

-Böhranların iki  növü var:təbii böhran və süni böhran.Təbii ki,Azərbaycandakı  iqtisadi böhran  təbii görünməyinə baxmayaraq  süni böhrandır.Süni böhran olma səbəbləri nədir bəs? Təbii böhran bütün dünyada 2008-ci ildə başlamışdı və bu iqtisidiyyatı zəif olan hər bir dövlətdə özünü göstərmişdi.Amma üzən məzənnə həmin vaxt  tədbiq olduğuna görə bu dövlətlərdə böhrandan çıxış daha tez baş verdi.

Azərbaycanda isə dövlət böhranda inkişafdan qalmış sahələrə dotasya ayırmaq  əvəzinə  milli valyutanın-manatın  məzənnəsinin   süni surətdə qorunması,qalxmaması,saxlanması  üçün birbaşa müdaxilə etdi,buna ehtiyatdan milyardlara  pul xərclədi.Bu yanlış bir siyasət idi.Yəni dövlət valyutaya müdaxilə edib valyutanı  stabil saxlamaqla  iqtisadiyyata heç bir tövhə vermədi.Əksinə sərbəst iqtisadiyyatın formalaşmasının qarşısını aldı. Əgər üzən məzənnə 2008-dən baş vermiş olsaydı,biz bu gün artıq dünya dövlətlərinin iqtisadiyyatının planlarına uyğunlaşmış olardıq.Yəni, Azərbaycanın  turizm sahəsində ,kənd təsərrüfatı sahəsində və yaxud qeyri-neft sektorunda istehsal etdikləri məhsulları bu gün sərbəst dünya bazarına çıxartmaq imkanları var idi.Məzənnə 2008- ci ildə baş verən  krizis vaxtı  tam sərbəst buraxılsaydı,bu gün bu hadisə başımıza gəlməzdi.Biz  uzun müddət bunu sıxa-sıxa  bu vəziyyətə gətirdik, növbəti neft qiymətlərinin düşməsinə qədər uzatdıq və artıq burda biz “özümüzü” saxlaya bilmədik və bizim büdcədə külli miqdarda itkilər oldu.

– Azərbaycanda yaxın zamanlarda  birinci devalvasiya 21 fevral 2015-ci ildə baş verdi. Devalvasiya  bu zaman 33.8% oldu. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı.Ümumiyyətlə bu   devalvasiyalar qaçılmaz idimi?Bunu necə analiz edərdiniz?

-Bəli, bu qaçılmaz idi,çünki  biz neft ixracatçısıyıq və iqtisadiyyatımız neftdən birbaşa asılıdır.Neftin qiymətinin birdən-birə  dünya bazarında düşməsi fəsadlar törətməsi labüd idi.Əvvəl qeyd etdiyim kimi əgər 2008 –ci ildə dünyada baş verən böhranı biz qarşılasaydıq bu gün biz artıq böhran yaşamazdıq.Həmin vaxt bizdə inkişaf gedən vaxt biz  təbii böhranı qarşılamağı rədd etdik,bilavasitə milli valyutanı saxlamağa qərar verdik.Bu keşən 7 il müddətində itirdiyimiz məbləğləri o zaman iqtisadiyyata dotasiya şəklində yatırtmış olsaydıq biz artıq sərbəst şəkildə qeyri-neft sektorunun əsasını qoymuş olardıq.Amma biz neftdən gələn milyardlarla qazancı valyutanın stabil qalmasına yatırtdıq  və nəticədə isə süni böhranla qarşılaşdıq.Ən dəhlətlisi isə o oldu ki,bunun ən böyük zərbəsi Azərbaycanda iş adamlarına  dəydi.

-İş adamları ,biznesmenlər  normalda ölkədə stabil vəziyyətin ,biznes üçün münbit şəraitin olmasına əslində daha maraqlı olmalıdırlar,çünki onlar bu halda daha çox qazana bilərlər. Elə deyilmi?

-İqtisadiyyat bir əkin sahəsinə oxşayır;hər bir əkinçi toxumu münbit torpağa səpmək istəyir ki,məhsulu bol olsun. Bunun üçün o torpağı şumlayır və yaxşı məhsul üçün nə etmək lazımsa bunu etməyə çalışır.Bu gün bizim iqtisadiyyatımız  üçün sahə münbit deyilsə, hansısa investor da bol məhsul götürə bilmədiyi,  yaxşı qazanc edə  bilməyəcəyi işə yatırım etməkdə maraqlı olmur və təbii ki,başqa ölkədə bazar axtarır. Bu qanundur.Əgər ünlü bir iş  adamının gəliri nə qədər çox olarsa ,büdcəyə də  bir  o qədər pul gələr.

– Bildiyimiz kimi bir çox hallarda ayrı- seçkilik, bürokratiya, süründürməçlik, korrupsiya kimi amillər də investisiya qoyulmasına təsir edən amillər olur.Nobel mükafatı alan iqtisadçılar da qeyd edirlər ki,iqtisadiyyat həm də siyasətlə də bağlıdır və azadlıq çox olan yerdə  iqtisadiyyat da güclü olur. Milli iqtisadiyyatın inkişafına necə nail olmaq olar?

-Milli iqtisadiyyatın inkişafı üçün ilk növbədə iqtisadiyyatın inkişafına mane olan maneələri aradan götürmək lazımdır. Mənim tanıdığım bir neçə iş adamı olub ki,onlar ölkəyə yatırım etmək  istəyiblər,amma burada mövcud olan neqativ halları,bəzi qanunsuzluqları görəndən sonra bundan vaz keçiblər.Təbii ki,bununla rastlaşan iş  adamları çoxdur və burada ölkə iqtisadiyyatı,dövlət uduzur.Bunların hamısı süni surətdə yaradılmış siyasətdir. Bu amillər olmasaydı əlbəttə ki,inkişaf çox olardı .Məsələn, 91-ci illərdən sovetlərdən qalmış ağır sənayemiz vardı.Əgər onlar bu gün qorunsaydı, təkmilləşib yeni texnologiya ilə təchiz olunsaydı bu gün Azərbaycan iqtisadiyyatı dünyada sözünü deyə biləcək iqtisadiyyata malik ola bilərdi.

Amma əksinə baş verdi. İkinci bir tərəfdən,lap tutaq ki,sıfırdan başlayırıq,Allah bizə yetərincə naz-nemət, təbii sərvətlər bəxş edib.Torpağımız bərəkətlidir,altı da, üstü qızıl olan bir məmləkətdə yaşayırıq.Biz bunu dəyərləndirə bilərik.Biz inhisarçılığa yol vermədən ,başqa dövlətlərə yedirtmədən bunlara sahib çıxa bilərik .Bir ölkənin iqtisadiyyatını inkişaf etdirməkdən ötəri,neft sektorunu çıxsaq 3-lük :Elmi Tərəqqi,Sənaye və Kənd Təsərrüfatının  vəhdəti lazımdır.

Amma baxın,elmi tərəqqi  bizdə sıfır səviyyəsindədir.Elmi tərəqqinin modellərindən ən öndə gedən ölkələrdən biri Yaponiyadır.Yaponiyanın iqtisadiyyatını təşkil edən elmi tərəqqidir.Biz hətta yaxin ölkələrin;Türkiyənin ,İranın modelini ölkəyə gətirmək istəmədik.Öz elmi tərəqqimizi inikaşaf etdirmədik,elmi potensialımız olduğu halda bunu iqtisadiyyatımzda tədbiq  etmədik.

-Niyə bizim elm adamları ölkədə gedən iqtisadi proseslərə qoşulmadılar?

-Bunun bir səbəbi elm adamlarının maddi cəhətdən dəyələndirilməməsidir.Maddiyatın mənəviyyatdan önə keçməsi baş vedi bizdə .Elm adamlarının çoxu  cəmiyyətdən, hökumətdən küsdü sanki ,illərlə qazandıqları öz  elmi bazalarını  ölkə sənayesinə, elmi-iqtisadi tərəqqiyə tədbiq etmədi.

Amma hər bir vətəndaş öz dövlətinə töhvə verməyə borcludur.Bu ən yaralı yerlərimizdən biridir.

Hər şeyə rəğmən biz bu torpaqda yaşayırıq, burada doğulmuşuq,bu torpaqda da öləcəyik.Demək ölkəmiz üçün,onun iqtisadiyyatı üçün çalışmaq hər birimizin borcudur. Hər birimiz maddi sıxıntılar yaşaya bilərik,amma maddi sıxıntıları əsas gətirib bütün mənəvi dəyərlərimizin üstündən xətt çəkərək bildiyimiz elmi  miras  qoymaq əvəzinə, gələcək nəsillərə ötürməmək acizliyimizdir.

Əfsuslar olsun biz elmi tərəqqinin bizdə ölümünü müşahidə edirik.Bu gün Azərbaycanda iqtisadiyyatda  kənd təsərrüfatına daha çox üstünlük verilir.Bu modellərdən ən öndə gedən Türkiyə,Hollandiya modelləridir.Hollandiya modeli ayrı-ayrı sahələrdə  bizdə tədbiq olunsa da ,ümumi sahələrdə tədbiq olunmur.

Biz milli kənd təsərrüfatını qurmuruq.Biz min illərlə bu torpağa məxsus olmuş , bizdə formalaşmış  toxumlardan uzaqlaşırıq  və xaricdən ziyanlı,geni dəyişdirilmiş toxumlar gətiririk.Bununla da  ənənəvi sahə olan kənd təsərrüfatımız başqa dövlətlərdən asılı vəziyyətə düşür. (ardı var)

Söhbətləşdi: İmran Kərimli

Bizimsesimiz.info

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here