“İran əhalisinin təxminən 50 faizi Azərbaycanca danışır”- N. Qazipur

Bizimsesimiz.info // İran Milli Məclisinin Azərbaycan əyalətinin Urmiya millət vəkili Nadir Qazipur prezident Həsən Ruhaniyə yeni quracağı 12-ci kabinetdə daha çox türk əsilli nazirlərə yer verilməsiylə bağlı müraciət etdi.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Məclisdə çıxış edən N.Qazipur deyib: “Kabinetdə türk soylu (azərbaycanlı) nazirlərin sayı artmalıdır. Əgər belə olmazsa, Ruhani hökuməti türklərin yaşadığı yerlərdən vəkil olan türk əsilli 110 deputatdan səs vermə üçün “bəli” səsi gözləməsin… İran əhalisinin təxminən 50 faizi türkcə (Azərbaycanca) danışır. Məclisə tövsiyə ediləcək yeni Təhsil naziri Konstitusiyanın 15 və 19-cu maddələrinin tətbiqi, məktəb və universitetlərdə türkcə (Azərbaycanca) təhsili reallaşdırmağın lazım olduğunu bilməlidir.”

Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsində yazılır: “İranın rəsmi və ortaq dili farsçadır. Rəsmi məktub, müraciət və dərs kitabları bu dildə yazılır. Lakin kütləvi informasiya vasitələri və məktəblərdə yerli dil və o dillərə aid ədəbiyyatın da farsca öyrədilməsi sərbəstdir.”

19-cu maddə isə millətin bütün fərdlərinin, hansı qövm və qəbilədən olursa olsun, bərabər hüquqlardan yararlanacağı, rəng, irq, dil ayrı-seçkiliyi olmamasını ehtiva edir.

İran Milli Məclisində 290 millət vəkili var.

Prezident Həsən Ruhaninin gələn ay (avqustda) yeni kabinetlə bağlı şərhi gözlənilir.