İran sünnilərinin lideri Kürdüstanla bağlı müsəlmanlara səsləndi

Bizimsesimiz.info // İranda sünni müsəlmanların tanınmış ruhanilərindən olan Mövlavi Əbdülhəmid Şimali Kürdüstan bölgəsinin İraqın ayrılmaz hissəsi olduğunu bildirərək bölgədə keçirilən qeyri-qanuni seçkilərə etirazını bildirib.

Mövlavi Əbdülhəmid Sistan və Bəlucistan ostanında cümə namazı zamanı sünni məzhəbindən olan müsəlmanlara müraciət edərək, “Müsəlman ölkələrinin ərazi bütövlüyü və müstəqilliyi vacibdir”, -deyə söyləyib.

Mövlavi Əbdülhəmid müsəlman ölkələrində coğrafi dəyişiklik edilmədən də ölkə daxilindəki vətəndaşların, dini və etnik qrupların haqlarının qorunmasının təmin edilə biləcəyini sözlərinə əlavə edib.

Nüfuzlu din xadimi cümə xütbəsində İslam düşmənlərinin müsəlman ölkələrini parçalamaq niyyətində olduğunu qeyd edərək buna misal kimi Suriyanı, İraqı və Yəməni nümunə gətirib və “Düşmənlər İranı və bir çox başqa ölkələri bölmək və müsəlman ölkələrini kiçik dövlətlərə çevirməyə çalışırlar”, -deyə nitqini tamamlayıb. //eastnews.org