Bizimsesimiz.info // İrandan Əlirza Salmanpurun “Kozmek”, Rza Cəmalinin “Körpü”, Leyla Əhədinin “Ətirşahın qışı”, Siyamak Atanın “Doğuş”, Leyla Novruzinin “Mən İsmətəm”, Ərturan Nəcəfinin “Səs”, Hayde Muradinin “Qarlı damlar” və Hüseyn Əsil Abdullahinin “Başlanğıcda ölüm” kinofilmləri Azərbaycan türkcəsində VII Malatya Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

9-16 noyabr tarixləri arasında Malatya Şəhər Bələdiyyəsi tərəfindən VII Malatya Beynəlxalq Film Festivalı keçiriləcək. Builki yeniliklər çərçivəsində Malatya festivala bir ay qalmış önəmli bir simpoziuma ev sahibliyi etdi. Türk Kinosunda Yerli Kodlar Simpoziumunda 20 məruzəçinin iştirakı ilə 5 toplantı keçirildi.

  Simpoziumun açılışında Malatya Beynəlxalq Film Festivalının rəhbəri və şəhər bələdiyyə sədri Əhməd Çakır, müavinləri, festivalın direktoru Suat Köçer, İnönü Universitetinin rektor müavini professor Nüsret Akpolat, AK Partiyanın Malatya üzrə sədr müavini Mahmud Öner Özer, yazıçı Rza Oylum, kino sənətilə bağlı sənətkar və kinosevərlər iştirak etdi.

Simpoziumda 100 ili geridə qoyan “Türkiyə kinosunun yerli dəyərləri”, “Yerlilik, ya universallıq”, “Ötən əsrin 50-ci illərinin panoramı”, “Yeşilçam kinostudiyasında mənəvi axtarışlar”, “Kamal Tahiri oxumaq – Türkiyənin bir dövrünü oxumaqdır”, “Xalid Refik və milli kino mübarizəsi”, “Nəzəriyyə və praktika arasında”, “Türkiyə kinosunda institusional parçalanma”, “Türkiyə kino nəzəriyyəsinə dair kifayət qədər iş görülməməsi”, “Türkiyə kinosunda Ayşe Şasa nümunəsi”, “Kinoda yeni forma və ənənəvi sənətlərin əks olunması”, “60-cı illərin yerlilik anlayışı”, “90-cı illərdən sonrası Türkiyə kinosu”, “Əyalətə içəridən baxmaq: Əhməd Uluçay kinosu”, “Xalq ədəbiyyatı və dastan ənənəsinin Türkiyə kinosunda lazımi əks olunmaması”, “Yeni Türkiyə kinosunda yerlilik” mövzuları müzakirə olundu.

Malatya Beynəlxalq Film Festivalının direktoru S.Köçer 9-16 noyabr tarixləri arasında keçiriləcək festivalda kinosevərləri çox mühüm sürprizlərin gözlədiyini bildirdi: “Bir-birindən dəyərli kinematoqrafçılar Malatyada bir araya gələcək.”

İran kinosu adından simpoziumda Beynəlxalq Fəcr Film Festivalının müşaviri Məcid Şeyx Ənsari danışdı, Türkiyə kinosunun özünəməxsus uğurları olduğunu qeyd etdi, “Dünya kinosunda yer tutmaq üçün var olana yenilik və fərqlilik qatmaq lazımdır” dedi.

Türkiyəli yazıçı Rza Oylum isə İran və Türkiyə filmlərindən müqayisəli şəkildə bəhs etdi, “İran kinosu nümunələri” və “İran və Türkiyə kinolarında əyalət təmsili, müqayisəsi və fərqli məqamlar”dan danışdı, İran kinematoqrafiyasında əyalət təmsilinin mavi ekranlarda uğurla əks olunduğunu vurğuladı, eyni uğura Türkiyə kinosunda rast gəlinmədiyini bildirdi.

Qeyd edək ki, Rza Oylum və iranlı kinorejissor və prodüssr Rza Siaminin birgə təşkilatçılığı bu il ilk dəfə olaraq Malatya Beynəlxalq Film Festivalında Azərbaycan türkcəsində 8 İran filmi nümayiş etdiriləcək, Əlirza Salmanpurun “Kozmek”, Rza Cəmalinin “Körpü”, Leyla Əhədinin “Ətirşahın qışı”, Siyamak Atanın “Doğuş”, Leyla Novruzinin “Mən İsmətəm”, Ərturan Nəcəfinin “Səs”, Hayde Muradinin “Qarlı damlar” və Hüseyn Əsil Abdullahinin “Başlanğıcda ölüm” kinofilmləri.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here